Qaynarinfo-nun suallarını ilk zəfər filmimiz "Köhnə çamandanlar”ın müəllifi, rejissor Saida Haqverdiyeva cavablandırır.
- Saida xanım, "Köhnə çamadanlar” filmi kinoteatrlarda nümayiş olunmağa başlayıb artıq. Bilirik ki, kinoteatrlarda yerli ciddi filmlərə maraq çox olmur. Bu baxımdan soruşmaq istəyirəm, tamaşaçı marağı, diqqəti sizi qane etdimi?
- Sentyabrın 29-dan film nümayişə çıxdı və 21 gün vizionda oldu. Flmin mövzusunu və janrını nəzərə alsaq, baxış sayı məni qismən qane etdi. Sevindirici haldır ki, filmin əsas tamaşaçı audtoriyası gənclər idi. Hərçənd, gənc nəslin daha çox kommersiya filmlərinə baxmasıyla bağlı təəssürat yaradırdılar. Amma onlar bunun əksini isbatladılar. Sosial şəbəkələrdə ünvanladıqları ismarıclarda öz fkirlərini mənimlə bölüşürdülər. Onların filmə diqqəti məni çox sevindirdi. Gənclər Qarabağ müharbəsinin ekran təsvirində təsiredici məqamları vurğulamaqla münasibətlərini göstərdilər.
- Film regionlarda da nümayiş edilir. Bəs regionlardakı marağı qanedici saymaq olarmı?
- İlk olaraq Şamaxıya dəvət aldıq. ADPU-nun Şamaxı flialında iki seans olmaqla müəllim və tələbə heyəti üçün nümayiş olundu və film böyük maraqla qarşılandı. Salondakı hıçqırtıları eşitmək məni üzürdü. Çünki insanlarımızın ağlamasını, kədərlənməsini, sarsılmasını istəmirəm. Amma nə edək ki, bu bizim tariximiz, başımıza gələn faciələrin yalnız bir neçə məqamıdır. Biz keçmişimizi, başımıza gələn faciələri unutmamalıyıq və unudulmağa da qoymamalıyıq. Mən həmişə "Oyuq”çulara deyirəm: "qəlbinizə kin toxumu əkməyin, lakin başımıza gələnləri də unutmayın”.
Naxçıvan Muxtar Respublikasındakı nümayişimiz də maraqlı oldu. Respublikanın Gənclər Mərkəzində baş tutan nümayişdə 500 nəfərə yaxın tamaşaçı vardı və onlar bizi sürəkli alqışladılar. Film bitdikdən sonra mənə yaxınlaşan şəhid xanımları onlar haqqında da film çəkməyimi istədilər. İnşallah, yaxın gələcəkdə İkinci Qarabağ müharibəsinin şəhid qadınları haqqında da film ərsəyə gətirərik.
- Regionlara səfəriniz dəvət əsasında baş verdi, yoxsa öz təşəbbüsünüz idi?
- Hər iki səfərimiz dəvət əsasında oldu və bütün təşkilati məsələləri özləri həll etdilər.
- Belə bir məlumat var ki, film Türkiyədə də nümayiş ediləcək. Doğrudurmu?
- Bu yaxınlarda Türkiyəyə getmişdim. Film Türkiyənin üç böyük şəhərində nümayiş olunmalıdır. Tezliklə nümayişlər və tarixləri barədə məlumat verəcəyəm.
- Bəs başqa ölkələrdə?
- Türkiyədən başqa iki ölkə də var. Amma hələ dəqiqləşdirmələr aparıb, müzakirələr etdiyimiz üçün açıqlaya bilmirəm.
- "Köhnə çamadanlar” haqqında tənqidi fikirlər də səsləndi. Tənqidlər sizi əsəbiləşdirmir ki?
- Mən həmişə tənqidə açıq olmuşam. Təbii ki, peşəkar və qərəzsiz. "Köhnə çamadanlar” filmi haqqında tənqidi Xəyal Əfəndi və Sədaqət Kamal yazmışdı. Hər iki tənqidi yazını oxudum və hər ikisinə təşəkkür etdim. Üstəlik, sosial şəbəkə hesablarımda da paylaşdım. Bu, öz yerində. Amma daha çox film haqqında müsbət rəylər, yazılar oxumuşam. Görünür, ona görə ki, bu, Zəfərdən sonra geniş tamaşaçıya təqdim olunan ilk tammetrajlı bədii filmdir. Ona görə də tamaşaçılar arasında geniş müzakirə olundu. Kinorejssor Konçalovski deyir ki, film çəkərkən 100 tamaşaçıdan 40-na hesablayın. Çünki 60-ı bəyənməyəcək və sizə lazım olan da məhz o 40 tamaşaçıdır.
Bir işin hamı tərəfindən bəyənilməsi istəyi absurddur. Mütləq onu bəyənməyən, tənqid eləyən və hətta qulp qoyan da olacaq. Dediyim kimi, tənqidi də yaxşı qarşılayıram və bu, məni qətiyyən narahat etmir.
- Bir nəfərin statusunu oxumuşdum "Facebook”da. Filmi tənqid, tənqidçi Sevda Sultanovanı isə az qala ittiham edib ki, niyə film haqqında müsbət fikirlər yazmısan. Özü də deyəsən Mədəniyyət Nazirliyinin əməkdaşıdır.
- Bu statusu mənə də göndərdilər. Oxudum. Adam haqqında heç nə deyə bilməyəcəm. Deyəsən, teatr tənqidçisidir. Adını bir neçə dəfə kinotənqidçisi Sevda Sultanovadan eşitmişəm. Bir vaxtlar Sevda xanım onun təəssübünü çəkirdi. Xatırlayıram ki, Sevda xanım ondan bərk incimişdi. Hardasa keçən il bu vaxtlar idi. Dəqiq desəm, dekabr ayının 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubleyinə gələn Mədəniyyət Nazirinin sabiq birinci müavini Elnur Əliyev kollektiv qarşısında çıxış edərək, biletin qiymətindən narazılıq etmişdi. O hesab edirdi ki, biletin qiyməti təcili qalxmalıdır. Teatrın direktoru Rəşad Əhmədzadə isə etiraz etdi! Bildirdi ki, pandemiyadan yeni çıxdığımız üçün, camaatın sosial-maddi vəziyyətini nəzərə almalıyıq. Çətin dövrdən çıxmış əhali üçün qiymət artımı yaxşı fikir deyil. Belə olduqda maddi imkanları məhdud ailələr uşaqlarını teatra gətirə bilməyəcəklər. Rəşad Əhmədzadənin bu sözləri Elnur Əliyevin xoşuna gəlmədi və bu fikirlə razılaşmadı. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırıldı.
Sevda Sultanova da həmin günü MN-nin teatr sektorunda məsləhətçi vəzifəsində çalışan Emin Əliyevlə söhbət edərək, Rəşad Əhmədzadə ilə həmfikir olduğunu deyib. Emin Əliyev də cavabında deyib ki, kasıb uşağının teatrda nə işi, teatra varlı uşaqları getməlidir. Ona görə də biletlər qalxmalıdır.
Sevda Sultanova bu söhbətdən məyus olub, votsap storisində status paylaşıbmış. Həmin bəy də özəldən "mən onu şəxsi söhbət kimi demişəm” yazmışdı. Sevda Sultanova bu fikirdən dəhşətə gəlibmiş. Sevda bu söhbəti mənə iki gün öncə danışıb, mən də dəhşətə gəlmişəm. Mən blmirəm, bizdə nə vaxtdan insanlar maddi imkanlarına görə siniflərə bölünür. Təsəvvür edirsiniz, bu adam əlində olan imkanlarla belə düşünürsə, daha böyük imkanlara sahib olsa, nələr eləyə bilər?! Bunu ona görə deyirəm ki, "hörmətli teatr tənqidçisi” mənim xatirəmdə bu fikirlə qalıb. İndi gələk filmimizlə bağlı yazdığı statusa.
Bu qaralamasından sonra adını axtarışa verdim. Fikirləşdim ki, ona qarşı haqsızlıq eləməyim. Bəlkə bu adam ciddi şəkildə tənqidlə məşğuldu, mənim xəbərim yoxdur. Çox aradım, teatr tənqidçisinin bir tutarlı tənqidini görmədim. Bu camiada da tanınmadığının şahidi oldum. Feysbuk statusumdan sonra bir az tanındı. Sevinirəm ki, bu sahədə ona faydalı oldum. Gələk filmə. O, əslində, bizim filmi tənqid etmək istəyib. Amma arqument gətirməyib. Məsələn, yazır ki, "axı bütün kino mühitinin bu filmlərin hansı səviyyədə olduğundan xəbəri var”. Adama sual verərlər: hansı mühitdən danışırsız? Sizi haqlı tənqid edən mühit, yoxsa?..
Baxıram, film haqqında yazılan yazıların linklərini də "səxavətlə” paylaşır. Hiss olunur ki, yaradıcılığımla ciddi maraqlanıb, həsədini belə ifadə edir. Vaxt ayırır, tapır, oxuyur, paylaşır. Görünür, bununla bağlı ciddi təlimat alıb. Əslində təlimçisi, sifarişçisi də mənə yaxşı tanışdır. Adamın qərəzini də, nifrətini də gözəl anlayıram. Bilirsiz, mənim ilk filmim – "Ər quyusu” haqqında yazar Ömər Xəyyam bir tənqidi məqalə yazmışdı. Səhv etmirəmsə, siz də məni yazıya işarələmişdiniz. Mən həmin yazını oxudum və paylaşdım. Üstəlik təşəkkürümü də bildirdim. Çünki o, təqdimata gəlib, filmə baxmışdı. Onun savadına da, qərəzsiz münasibətinə də bələdəm. Amma bu şəxs ilk dəfə ürəkləndirilib status paylaşır. Üstəlk "sancaqlayır” ki, hamı görsün, oxusun. Gəlin, onun bu xoşbəxtliyinə mane olmayaq. Bu qədər geniş danışdım, ona görə ki, adamın niyyəti tanınmaq və kiminsə gözünə girməkdir. Bu cavabım isə onun tanıtımına töhfədir. Bundan sonra onsuz da bu haqda danışmayacağam. Bu da mənim ona xüsusi vurğuladığı "hədiyyəm” olsun!
- Son hadisələrdən, Mədəniyyət Nazirliyindəki son dəyişikliklərdən sonra teatrın, kinonun gələcəyi ilə bağlı ümidləriniz artdımı?
- Son hadisələr məni az da olsa ümidləndirdi. Düşünürəm, hər şey yaxşılığa doğru gedir. Buna inanıram!
Bilirsiniz, mən keçmiş nazir müavinini ilk və son olaraq teatrımızın 90 illik yubileyində görmüşdüm. Bu görüş xatirimdə yaxşı qalmamışdı. Bir az əvvəl bu barədə söz açdım. Amma indiki məqamda daha geniş danışmaq istəmirəm. Haqq öz yerini onsuz da tapır. Bildiyiniz kimi, artıq həmin adam işdən azad olunub. Zamanında danışmamışamsa, indi danışmağımın nə mənası? Gedənin arxasınca danışmağı özümə layiq bilmirəm. Məsələ təkcə həmin məmurla bitmir. Bilirsiniz niyə?
Rəşad Əhmədzadə bir neçə ay əvvəl verdiyi müsahibəsində mövcud vəziyyətlə bağlı haqlı narazılığını dilə gətirmişdi. O vaxt heç kəs danışmırdı. Bizdə adətdir axı, gedənin arxasınca daş atırıq. İndi isə hamı danışır.
Bilirsinizmi, vəziyyət hələ də ürəkaçan deyil. Bu yaxınlarda peşəkar, işinin ustası rejissor Namiq Ağayevin 60 illik yubley gecəsini keçirdik. Tədbrdə Azərbaycan mədənyyəti və incəsənətinin görkəmli nümayəndələri iştrak etdilər. Lakin bir neçə gün öncədən dəvət olunduqları halda Mədəniyyət Nazirliyindən bir nəfər də olsun yubileyə gəlmədi. Bir-iki teatrı nəzərə almasaq, nazirliyin müvafiq şöbəsinin bu sahəyə ögey münasibəti var.
Məsələn, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına xarici ölkələrdən dəvət gəlir. Mədəniyyət Nazirliyi deyir ki, bizim sizi festivala göndərməyə büdcəmiz yoxdur. Biz dəvət eləyən ölkənin imkanlarıyla festivala qatılırıq. Qısa vaxtdan sonra xəbər tuturuq ki, başqa teatr daha böyük heyətlə məhz Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivala gedir. Bu zaman hansı ədalətli münasibətdən söhbət gedə bilər? Bu haqsızlıqdır.
Azərbaycan Dövlət Kukla Teatrı iştirak etdiyi bütün festivallardan birincilik və ya fərqlənmə diplomlarıyla geri dönüb. Hər yerdə ölkəmizin, mədəniyyətimizin adını uca tutmuşuq və tutmağa da davam edirik. Biz bu sahəyə işimizi, peşəmizi sevərək gəlmişik. Bizim vətəndaş olaraq yeganə məqsədimiz dövlətimizin mədəniyyət siyasətini təbliğ edib, yüksəltməkdir. Mən vətənimi də, mədəniyyətmizi də sevən, onun təəssübünü çəkən adamam.
Ağa Cəfərli
Şərhlər