Xəbər lenti

Nazirlik:
Ölkə 17:47 16.02.2018

Nazirlik: "...şagirdlərin dərs və imtahan yükü azalacaq"

"Məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsində əsas məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdan ibarətdir".

Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Məktəblərdə imtahanların sayının müəyyən qədər çox olduğunu söyləyən şöbə müdiri bildirib ki, şagirdlərin psixoloji gərginlik yaşaması düzgün deyil: "I sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq summativ qiymətləndirmənin sayını əsaslı şəkildə azaltmağa çalışırıq. Valideynlər eyni gündə bir neçə summativin keçirilməsi ilə bağlı nazirliyə tez-tez şikayət edirdilər. Summativ qiymətləndirmə ilə bağlı yeni sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib. Gün ərzində 3-dən çox summativ olmamalıdır”.
 
E. Əmrullayev onu da bildirib ki, başqa mübahisəli məsələlərdən biri isə summativlərin müddəti ilə bağlı idi: "Bəzi müəllimlər bunu 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub. Şagirdlər 3-4 və 3-5 qiyməti alanda da, yəni hər iki halda ona yekunda ortalama 4 qiyməti verilirdi. Yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi təklif edilir. Yəni şagird tutaq ki, kiçik summativ qiymətləndirmədən 74 bal (4 qiyməti) toplayıb. Yarım illik qiymət hesablananda 4 qiymətinin üzərinə 4 gəlinməyəcək. Şagirdin kiçik summativ qiymətləndirmədən əldə etdiyi ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Şagirdlər üçün bal şkalası da aşağı salınıb. Şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq". 

E. Əmrullayev qeyd edib ki, layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: "Artıq Dövlət İmtahan Mərkəzi layihəyə müsbət rəy verib".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->