"Necə hazırlaşdığımızı Allah da görür" - Millinin baş məşqçisi

"Uşaqlar, prinsipcə, hazırlıqlıdırlar və yaxşı formaya çatıblar. Onlar məhz medal qazanmağa kökləniblər. Bu səbəbdən, ümidvarıq ki, uşaqlar yaxşı çıxış edəcək və medallarla qayıdacaqlar".

Qaynarinfo xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov Tokio Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Rusiyalı mütəxəssisin fikrincə, nəticələr uğurlu olacaq: "Ölkənin, yunan-Roma güləşinin adına çalışıb-vuruşacağıq. İşimizi, necə hazırlaşdığımızı Allah da görür. Buna görə də hər şeyin yaxşı olacağını düşünürük".

Komanda üzvlərindən İslam Abbasov yalnız qələbə üçün səfərə çıxdıqlarını bildirib: "Hamımız istəyirik ki, olimpiadada qələbə çalaq və xalqımızı sevindirək. Əlbəttə, nəticənin necə olacağı bilinmir. Lakin hədəfimiz qələbədir və bundan ötrü əlimizdən gələni edəcəyik".

Rafiq Hüseynov da Vətənə yüksək əyarlı medallarla dönəcəklərinə inam ifadə edib: "Çox yaxşı, uğurla çıxış etməyə, xalqımızı sevindirməyə çalışacağıq. Maksimum, yüksək nəticələrlə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, hamımız Vətənə yüksək əyarlı medallarla dönəcəyik".

Qeyd edək ki, Tokio-2020-də güləş yarışları 1 - 7 avqustda olacaq.

XƏBƏRLƏR
BLOGLAR
X