Xəbər lenti

Nəğd pullar tarixə çevrilir
Xəqani Cəfərli
Ekonomiks 16:16 14.01.2021

Nəğd pullar tarixə çevrilir

Xəqani Cəfərli

Hər bir yenilik əvvəl-əvvəl müəyyən müddətdə şübhə ilə qarşılansa da, rəqəmsal valyutaya qarşı şübhələrin ömrü daha uzun çəkdi.

Rəqəmsal valyutanın ("Digital currency”) sələfi hesab edə biləcəyimiz elektron pul ideyası ötən əsrin 90-cı illərinin əvvəllərində meydana çıxmışdı. Ancaq o zaman bu ideya elə də böyük diqqət çəkmədi. Yalnız 2010-cu ildə rəqəmsal valyutanın dövriyyəyə çıxması ilə vəziyyət bir qədər dəyişdi. Buna baxmayaraq, ötən on ildə rəqəmsal valyutaya münasibət ziddiyətli olaraq qalırdı. Bu ziddiyyətli münasibət 2020-ci ilin ikinci yarısından sonra dəyişməyə başladı. Bunun ən bariz nümunəsi dünyanın ən böyük bir neçə bankından, ABŞ-ın isə dörd böyük bankından biri olan "JPMorgan” bankının rəqəmsal valyutaya olan münasibəti idi. Yalnız qızıl və gümüşü pul hesab edən, zaman-zaman bu qiymətli metalların yığımı ilə gündəmə gələn "JPMorgan” bankı rəqəmsal valyutaların əməliyyatını aparmaqdan imtina etdiyi kimi, müştərilərini də "Digital currency”ə sərmayə qoymaqdan və ya almaqdan çəkindirirdi. Ancaq bu ilin ikinci yarısında "JPMorgan” bankının rəhbərliyi qəfildən rəqəmsal valyutaya münasibətini dəyişdi. İyul ayında "JPMorgan” bankı rəqəmsal valyutaların əməliyyatını həyata keçirməyə başlayacağını bəyan etdi.

ABŞ-ın maliyyə sisteminin dörd sütunundan biri hesab olunan "JPMorgan” bankının bu mövqeyi rəqəmsal valyutalara münasibəti birmənalı dəyişdiyi kimi, qiymətli metalların gələcəyi ilə bağlı da şübhələri meydana çıxardı. Hələ ötən il qızıl yığması ilə maliyyə dünyasının diqqətini çəkən "JPMorgan” bankının rəqəmsal valyutaya yönəlməsi maliyyə və media mühitində məşhur bankın qızıl və gümüşdən imtinası kimi də dəyərləndirilməyə başladı.
"JPMorgan” bank kimi ABŞ-ın Federal Ehtiyyatlar Sistemi (FES) və Maliyyə Nazirliyi də ötən ilə kimi rəqəmsal valyutaların qəti əleyhinə idi. "JPMorgan” bankının FES-in dörd əsas sərmayədarından biri olduğunu nəzərə alanda bu qurumların eyni fikirdə olması anlaşılandır.

Çox böyük ehtimalla, gələcək tarixçilər 2020-ci ili rəqəmsal valyutanın zəfər tarixi kimi qeyd edəcəklər. Amma bu, təkcə "JPMorgan” bankının rəqəmsal valyutaların əməliyyatını aparacağı ilə bağlı qərarından ibarət deyil.

"Tesla” və "SpaceX” şirkətlərinin qurucusu İlon Mask da may ayında verdiyi bir açıqlamada rəqəmsal valyutaların nəğd pullar qarşısında üstünlüyə malik olduğunu bəyan etmişdi.

Dünyanın ən böyük iqtisadiyyata malik dövlətləri özlərinin rəqəmsal valyutalarını dövriyyəyə buraxmaq niyyətindədirlər. Yayılan məlumatlardan belə qənaətə gəlmək olar ki, Çin, Yaponiya, İsveç, Niderland kimi dünya iqtisadiyyatında böyük paya malik ölkələrlə yanaşı, Qazaxıstan və Ekvador kimi ölkələr də özlərinin rəqəmsal valyutalarını dövriyyəyə buraxmaq niyyətlərini ifadə ediblər. Ancaq bu məsələdə heç şübhəsiz, həlledici məqam ABŞ-ın rəqəmsal valyutasını dövriyyəyə buraxmaq niyyətidir. May ayında FES-in İdarəedici Şurasının sədri Jerom Paul rəhbəri olduğu qurumun rəqəmsal valyutasını dövriyyəyə buraxa biləcəyini bildirdi. Jerom Paulun açıqlamasından sonra ABŞ qanunvericilərinin bu istiqamətdə fəaliyyətlərini dərhal fəallaşdırdıqları diqqəti çəkdi. İyun ayında Senatın Bank Komitəsi xüsusi dinləmə keçirərək rəqəmsal valyutanın nə qədər zəruri olduğunu müzakirə etdi. Az sonra isə Demokratlar Partiyasını təmsil edən senatorların ABŞ-ın rəsmi rəqəmsal valyutasının dövriyyəyə buraxılması haqqında qanun layihəsi hazırladığı məlum oldu. Həmin qanun layihəsinin 2021-ci ilin ilk günündən qüvvəyə minməsi də təklif edilir.

Ekspertlər hesab edirlər ki, ABŞ rəsmlərinin rəqəmsal valyutaya münasibətinin qısa zaman içində kəskin dəyişməsi koronavirus pandemiyasının doğurduğu nəticələrdən biridir. Daha doğrusu, bu, pandemiya günlərində ABŞ, Avropa Birliyi, Yaponiya, Böyük Britaniya, Çin və digər dövlətlərin dövriyyəyə 5 trilyon dollar həcmində nəğd pul buraxmalarının doğurduğu nəticə ilə bağlıdır. Ekspertlərə görə, dövriyyədəki nəhəng pul kütləsi dünya maliyyə sistemi üçün ciddi problemlər doğurduğu üçün bank mütəxəssisləri ən doğru çıxış yolunu nəğd pulun tamamilə dövriyyədən çıxarılmasında görürlər.

Ancaq ABŞ-ın rəqəmsal valyutasını dövriyyəyə buraxmaq niyyətini siyasi səbəblərlə izah edənlər də var. Bu fikirdə olanlar ABŞ-ın dünya liderliyini qoruyub saxlamaq, dollar əskinaslarının liderliyini itirdiyi zamanı gözləmək istəmələri ilə izah edirlər.

Səbəblərindən asılı olmayaraq, rəqəmsal valyuta nəğd əskinasları tarixin arxivinə göndərmək ərəfəsindədir. Bəzi ekspertlər isə artıq rəqəmsal valyutalar arasında ən bahalısı olan "Bitcoin”i qızılın rəqəmsal versiyası adlandırırlar. Ekspertlər qarşıdakı illərdə rəqəmsal valtuyaya 1 triliyon dollar sərmayə qoyulacağını da proqnozlaşdırlar. ABŞ-ın nəhəng informasiya texnologiyaları şirkətləri də özlərinin rəqəmsal valyutalarını dövriyyəyə buraxmaq niyyətindədirlər.

Çox böyük ehtimalla demək olar ki, 2030-cu idə artıq nəğd pullara yalnız muzeylərdə rast gəlinəcək. Azərbaycan bu prosesdə öz yerini almaq üçün gecikməməlidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->