Xəqani Cəfərli
Ekonomiks 14:56 07.04.2021

Ərdoğanın çılğın layihəsi

Xaqani Cəfərli

İstanbulu, həm də bu tarixi şəhərin Avropa hissəsini iki yerə böləcək və bununla da Qara dənizlə Mərmərə dənizini birləşdirəcək kanal ideyası ilk dəfə Roma İmperiyasının zamanında meydana gəlib. İstanbul Osmanlı İmperiyasının nəzarətinə keçdikdən sonra da  Qara dənizlə Mərmərə dənizini birləşdirəcək kanal ideyası gündəmə gəlib. Hətta məşhur memar Sinan bununla bağlı layihə də hazırlayıb. 

İki böyük imperiyanın, Roma və Osmanlı imperiyalarının niyyətləndiyi, ancaq həyata keçirə bilmədikləri Qara dənizlə Mərmərə dənizini birləşdirəcək kanal ideyası "Монтрe anlaşması”ndan sonra bir neçə dəfə gündəmə gələrək Türkiyə siyasətinin əsas müzakirə mövzularından olub. 
"Soyuq müharibə”nin başlaması və "Varşava bloku”nun Qara dənizdə hakim mövqe qazanması "İstanbul kanalı” ideyasını Türkiyə siyasətinin ana mövzularından birinə çevrilib. Ötən əsrin ikinci yarısında bu ideya istər sağ, isətərsə də sol partiyaların seçki kompaniyaları zamanı əsas vədlərindən olub. "İstanbul kanalı” layihəsi mərhum Bülənt Ecevit tərəfindən 1994-cü ildə təkrar gündəmə gətirilib. 

Rəcəb Tayyib Ərdoğan İstanbulin Bələdiyə başkanı olduğu zaman bu layihənin əleyhidarı olub, ancaq  2011-ci ildə Qara dənizlə Mərmərə dənizini birləşdirəcək kanalın tikintisinin qızğın tərəfdarına çevrilib və bu ideyanı özünün çılğın layihəsi adlandırıb. 

"İstanbul kanalı” ideyasının bu gün olduğu kimi keçmişdə tərəfdarları olduğu kimi qatı əleyhidarları da olub. Bu elə layihələrdəndir ki, birmənalı mənfi və ya müsbət olduğunu söyləmək mümkün deyil. Müsbət və faydalı tərəfləri ilə yanaşı çox zərərli tərəfləri də var. Türkiyənin maraqları baxımından faydalı görünsə də, təhlükəli olacağı ilə bağlı ciddi narahatlıqlar var. 

"İstanbul kanalı layihəsi nə zaman gündəmə gəlsə, İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanları bu ideyanın qatı əleyhinə çıxıblar. İstanbulin hazırkı bələdiyyə başqanı Əkrəm İmamoğlu da layihənin əleyhidarıdır. Ekoloqlar bu layihənin İstanbulun ekologiyasına çox ağır zərbə vuracağını, aktiv seysmik zonada yerləşən şəhər üçün zəlzələ təhlükəsin artıracağı ilə bağlı həyacan təbili çalırlar. Rəy sorğusuna görə istanbulların çox böyük hissəsi, 80 faizi kanalın tikintisinin əleyhinədir. 

"İstanbul kanalı”na qarşı Türkiyənin istefada olan 103 admiralının etirazı isə bu layihənin həyata keçirilməsi ilə regionun daha çox hərbiləşəcəyi ilə bağlıdır. Çünki, "Монтрe anlaşması” boğazlardan gəmilərin keçidini tənzimlədiyi halda, "İstanbul kanalı” ilə bağlı belə qaydalar olmayacaq. Bu isə Ərdoğanın xarici siyasətinin əsasını təşkil edən "Abdulhamid taktitası” üçün geniş imkanlar yaradacaq. 

Ərdoğanın indi bu layihədə israr etməsinin digər səbəbi  isə əlavə maliyyə mənbələri qazanmaq niyyəti ilə bağlıdır. Çünki, bu kanalın tikintisinin ümumillikdə 20-25 milyard dollara başa gələcəyi gözlənilir. Məlum olduğu kimi Ərdoğan hakimiyyətdə qala bilmək üçün tərəfdarlarını daima "yemləmək” məcburiyyətindədir. Böyük şəhərlərin bələdiyyələrinə nəzarəti itirdikdən sonra artıq tərəfdarlarını "yemləmək” çətinləşib. 

"İstanbul kanalı”nda Ərdoğanın özəl maraqları da var. Belə ki, "İstanbul kanalı”nın keçəcəyi ərazilərdən Ərdoğana yaxın şəxslərin torpaq sahələri, daşınmaz əmlak aldıqları məlumdur. Kanalın çəkiləcəyi halda həmin torpaq sahələrinin və daşınmaz əmlakın qiyməti kəskin bahalaşacaq və Ərdoğanın yaxınlarına sərvət qazandıracaq. Məlumatlara görə kanalın keçəcəyi ərazilərdən torpaq sahəsi alanlar arasında Qətər əmirinin ailə üzvüləri də var. Ərdoğanın ərəb dünyasında yeganə müttəfiqi olan Qətər əmirinin ailə üzvülərinin adı bundan öncə də Türkiyədə dövlət mülkiyyətini ucuza alıb, bahaya satmaqla bağlı işlərdə hallanıb. 

İkinci Qarabağ Müharibəsi zamanı Türkiyənin və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə birmənalı dəstəyi Azərbaycan cəmiyyətində dərin izlər buraxıb. Hətta Ərdoğana pərəstiş edənlər də var. 

Ancaq heç kim unutmamalıdır ki, Ərdoğanın Azərbaycana dəstəyi onun Türkiyədə avtoritar rejim yaratmasına, hüququn aliliyini məhv etməsinə və şəriətin qol-budaq atmasına imkan yaratmasına bəraət qazandırmır və qazandıra da bilməz.