Xəbər lenti

Neft niyə bahalaşır: artım nə vaxta qədər davam edəcək? (ŞƏRH)
Ekonomiks 12:02 11.01.2018

Neft niyə bahalaşır: artım nə vaxta qədər davam edəcək? (ŞƏRH)

Xəbər verdiyimiz kimi Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti dünya bazarında 0,81 dollar və ya 1,5 % bahalaşaraq 71,25 dollar olub. Bu son 3 ilin ən yüksək göstəricisidir. Sonuncu dəfə Azərbaycan nefti 2014-cü ilin dekabr ayında 71 dollara satılıb.  
 
Son günlərdə nefti qiymətinin bu qədər bahalaşmasına təsir göstərən amillər nələrdir və artım nə vaxta qədər davam edə bilər?
 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı-ekspert Azər Mehdiyev buna bir sıra amillərin təsir etdiyini, lakin bahalaşmanın uzun müddət davam edəcəyini düşünmədiyini bildirib:

"Ümumiyyətlə ötən il ərzində neftin qiyməti Azərbaycan üçün sərfəli bir həddə oldu. Çünki 2016-cı ilin gərginliyindən sonra 2017-ci il ərazin neftin qimətinin orta hesabla 55 dollar səviyyəsində olması Azərbaycan hökumətinin daha rahat nəfəs almasına imkan yaratdı və 2016-cı ildə baş verən böhran vəziyyətindəki gərginliyin səngidilməsinə gətirib çıxartdı. Bu baxımdan təbii ki, Azərbaycan iqtisadiyyatı üçün neftin qiyməti çox əhəmiyyətlidir. Bu il üçün də gözlənilən əsas durum ondan ibarətdir ki, il ərzində neftin qiyməti orta hesabla 55-60 dollar səviyyəsində dəyişəcək. Son günlər neftin qiymətinin qalxmasına isə bir neçə amil təsir göstərir.
 
Buna ilk növbədə təsir edən amil bir qədər əvvəl OPEK və OPEK-dən kənar neft ixracatçısı olan ölkələr arasında ilkin razılaşma oldu. 
 
İranda, Liviyada, Venesuelada baş verən hadisələr, istər-istəməz neft hasilatının müəyyən qədər azalması ilə bağlı yayılan xəbərlər də dünya bazarında qiymətin artmasına təsir göstərdi.

Eyni zamanda, hazırda Avropada və ABŞ-da hava şəraiti ilə bağlı enerji daşıyıcılarına tələbatın artması və hava şəraitinin pisləşməsi ilə əlaqədar ABŞ-da istehsalın hələ kifayət qədər artırılmasının mümkün olmaması, neft bazarında təklifin azalması müqabilində əlavə təklifin yaradıla bilməməsi də qiymətə təsir edən amillərdir.
 
Göründüyü kimi bunların bir hissəsi daha çox psixoloji təsirlərdir. Ona görə ki, dünyada baş verən proseslərdən spekulyasiya məqsədləri üçün istifadə edilir, bu da qiymətin artmasına gətirib çıxarır.
 
Bunun nə qədər davamlı olacağını söyləmək çətindir. Bu, daha çox neft ixrac edən ölkələrdə baş verən siyasi proseslərdən, eyni zamada ABŞ-da WTI neftinin hasilatında ola biləcək artımlardan asılıdır. Ancaq bütün hallarda ümumi proqnoz neftin qiymətinin uzun müddət belə yüksək qalmayacağını və 55-60 dollar civarında rəqs edəcəyini göstərir. Təbii ki, bu qiymət də Azərbaycan üçün sərfəli bir qiymətdir. Yəni, nəzərə alsaq ki, 2018-ci ilin dövlət büdcəsi neftin qiymətinin 45 dollar səviyyəsində hesablanıb, ona görə də neftin qiymətinin hazırda 60 və ya ondan bir az da artıq olması əlavə gəlirləri təmin edə, hətta bu seçki ilində büdcəyə yenidən baxılması imkanı yarada bilər".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->