Amal Abuşov
"Neftçi” dünən Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirdi. Bununla da Topuk yaylasındakı toplanış bitdi, "ağ-qaralar” bu gün vətənə dönəcək və Avropa Liqasının təsnifat mərhələsində "Uypeşt”lə oyuna burda hazırlaşacaqlar.
Hər kəs topanışdan razı qalıb. Baş məşqçi Roberto Bordin də, yeni transferlər də, köhnə futbolçular da. Klub prezidenti Kamran Quliyevin də kefi kök, damağı çağdı. "Neftçi”nin adı qələbə qazanan tərəf kimi çəkilir, transfer xəbərləri tez-tez idman mətbuatının gündəmini bəzəyir. Əminəm ki, azarkeşlər də razıdılar. Onların buna haqqı var. Sevimli komandaları təlim-məşq toplanışı zamanı məğlubiyyət üzü görməyib, rəqiblərinin hamısını məğlub edib.
Yaxşı nəticədi. Amma əla deyil. Rəqiblərin adına soyuq başla baxanda, hadisələri düzgün analiz edəndə bu qənaətə gəlirsən. Məlum məsələdi ki, zəif rəqiblərlə qarşılaşıb, komandaya ardıcılı qələbə sevincləri yaşatmaq, azarkeşləri ümidləndirmək Kamran Quliyevə də, Roberto Bordinə də lazım idi. İndiki halda onlar bu məqsədlərinə çatıblar. Sonrasını isə hələ düşünmürlər. "Sevilya” ilə qarşılaşmaq perespektivi olan, sponsorlarına Avropa Liqasının qrup mərhələsinə yüksəlmək sözü verən komanda yoxlama oyunlarına bu prizmadan yanaşmaqla böyük səhvə yol verdi. Fəsadlarının olacağı şübhəsizdi. Özü də nəinki "Sevilya” ilə oyunda, hətta "Uypeşt”in qarşısında belə.
İlk iki oyunda "Şkupi” və "Dunarea Kalara” ilə qarşılaşmağa haqq qazandırmaq mümkündü. Yenidən yığılan, toparlanmağa çalışan "Neftçi” bu cür zəif rəqibləri məğlub etməklə qələbə həzzi yaşadı, futbolçularda özünəinam yarandı. Bəs ölkə çempionatında sonuncu uğurunu 21il bundan qazanmış Bosniya klubu "Çelik”in rəqib seçilməsi nəyə xidmət edirdi? Mən heç bir halda "Neftçi”yə 1:4 hesabıyla uduzan komandanın səviyyəsini şübhə altına salmaq istəmirəm. Amma fakt budu ki, "Çelik”, dünənki rəqib "Politexnika” nəinki qitənin, heç ölkələrinin ortababları deyil. Deməli, bu cür rəqiblərlə qarşılaşmalar ciddi sınaq sayıla bilməz. Belə oyunlardakı hesablar eyforiyadan başqa heç nəyə yaramır. Çünki ciddi rəqiblə oynamayanda heyətdəki problemləri, həm komanda, həm də fərdi oyundakı qüsurları görmək çətindi.
Bunları Bordin də, Quliyev də, Sultanov da bilir. Deməli, "Neftçi” məqsədli şəkildə zəif rəqiblərlə qarşılaşdı. Məqsəd əyər-əksikləri görmək yox, baş aldatmaq, ucuz reklam şousu yaratmaq idi. AFFA-nın da zaman-zaman baş vurduğu, yararlandığı üsuldu. Cidanı çuvalda uzun müddət gizlətmək isə mümkün olmayacaq.
İtaliyadan bahalı məşqçi gətirən, yeddi yeni futbolçuyla müqavilə imzalayan "Neftçi”nin əsl gücü tezliklə bilinəcək. Bir qədər də gözləyək.
Şərhlər