Cənubi Afrika Respublikasının sabiq prezident Nelson Mandela süni həyat təminatı sisteminə qoşulub.
Bu xəbəri Mandelanın mənsub olduğu sülalənin nümayəndəsi yayıb. Sabiq prezidentin vəziyyətinin həqiqətən pisləşməsinə dəlalət edən digər fakt isə ölkənin hazırki prezidenti Ceykob Zumanın Mozambikə səfərini təxirə salmasıdır. Zuma ötən gün Nelson Mandelaya baş çəkib və açıqlamasında bildirib ki, həkimlər Mandelanın həyatını xilas etmək üçün mübarizə aparırlar, lakin onun vəziyyətində yaxşılaşma müşahidə edilmir.
Bəzi kütləvi-informasiya vasitələri isə artıq Nelson Mandelanın ürəyinin dayandığını və onun reanimasiyaya köçürüldüyünü xəbər verir. Sabiq prezidentin ailə üzvləri və yaxın qohumları onun Kunu kəndindəki evinə toplaşıblar. Kütləvi-informasiya vasitələrinin məlumatına görə, onlar Nelson Mandelanın öləcəyi təqdirdə harada və necə dəfn ediləcəyi kimi məsələləri müzakirə edirlər.
Qeyd edək ki, 1994-cü ildən 1999-cu ilədək Cənubi Afrika Respublikasına rəhbərlik etmiş Nelson Mandela ölkənin ilk qaradərili prezidentidir. İrqi ayrıseçkiliyə qarşı mübarizəsinə görə 27 il həbsdə olan Nelson Mandela 1993-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb.
Qaynar.info
Şərhlər