Ölkə 15:54 24.02.2021

Nəqliyyat eksperti sürücülərə çağırış etdi: “Elə edin ki...”

"Axşam saatlarında küçələrdə hərəkət daha da çətin olacaq".

Qaynarinfo xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov ölkənin əksər yerlərində, xüsusən də Bakıda və Abşeronda bu gün müşahidə olunan meteoroloji şəraitlə bağlı sürücülərə çağırış edib. Ekspert bunun səbəbini küçə və yollarda qarın-buzun artacağı ilə əlaqələndirib:

"Avtomobiliniz belə şərait üçün hazır deyilsə, özünüzün uyğun təcrübəniz yoxdursa, küçəyə çıxmayın. Kim çıxıbsa da, axşama qədər (18.00-dək) mənzil başına qayıtmağa çalışsın. Çox güman ki, kommunal xidmətlər də gündüz olduğu kimi çalışmayacaqlar. Elə edin ki, küçələrdə, yollarda qalmayın".

Ərşad Hüseynov bildirib ki, aidiyyatı qurumlar bütün küçələri təmizləməyi, hər yerə duz və ya qum səpməyi bacarmırlar:

"Bunu etdikləri küçələrdə də hər saat yeni qar yağır, qumun üstü yenidən qarla örtülür, duzun əritdiyi buzu yenisi əvəz edir".

Bahar Rüstəmli