"Çempionatın ilk oyunu idi. İstəməzdik ki, məğlub olaq".
Qaynarinfo xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
Azərbaycan Premyer Liqasının I turunda "Sumqayıt"ı qəbul edən "qırmızı qaralar" 0:2 hesablı məğlubiyyətə üzülüb.
39 yaşlı mütəxəssis oyunsonrası mətbuat konfransında ədalətli nəticənin qeydə alınmadığını söyləyib: "Yaxşı oynayıb, yaxşı epizodlar yaratdığımızı desəm, bəlkə başa düşülməyəcək. Amma bütövlükdə oyuna nəzarət etdik. Sadəcə hücumlar kəsərli olmadı, son nöqtəni qoya bilmədik. Məşqlərdə üzərində işlədiyimiz elementləri meydanda gördüm. Bu, sevindirici haldı. Futbolçular üzülməməlidilər. İlk oyundu, irəli baxmaq lazımdı. Oyunçular inkişafı düşünməlidilər. Onlara təsir edir ki, nəticə oyuna görə olmadı. Çalışacağıq futbolçuları bu durumdan çıxaraq. Qarşıda hələ çox oyunumuz var".
Qurbanovu ən çox hücum xəttinin "dişsizliy"i narahat edir: "Hücumda son nöqtəni qoymaq problemimiz var. Təəssüf ki, hər şey edirik, amma qol çatmır. Kristian Kouakounu transfer etmişik, amma zədələndi. Ülvi İsgəndərov hücumda tək qalıb. Ona inanırıq, gənc hücumçudu. Futbolçular özlərinə inanmalıdılar. Bütün oyunçular üzərinə düşəni yerinə yetirməlidi. Zədələnən Anar Nəzirov da, cəzalı duruma düşən Asif Məmmədov da bizim üçün böyük itkidi. Çalışacağıq ki, onların yerini dolduraq”. (Matc.az)
Şərhlər