Foto 13:35 14.06.2019

“NewSpace” Biznes Akselerator Proqramının qalibləri açıqlandı (SIYAHI)

"Azərkosmos” ASC və "Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi tərəfindən həyata keçirilən "NewSpace” Biznes Akselerator Proqramının Final mərhələsi (Demo Day) keçirilib.

"Azərkosmos” ASC-dən "Report"a verilən məlumata görə, tədbir Azərbaycan-Fransız Universitetində baş tutub.

Ötən ilin oktyabr ayında elan edilən proqramın əsas məqsədi kosmik xidmətlər və yaxın sahələrdə innovativ startap layihə və məhsullarının aşkar edilməsi, onların inkişafı və bazara çıxışının asanlaşdırılmasına dəstək verilməsidir. Proqram elan edildikdən sonra bu sahəyə maraq göstərən, innovativ ideya, layihə və məhsullara malik- tələbə, sahibkar, startapçı, müəllim, tədqiqatçı və s., peşələrdən olan – sahibkar ruhlu bir çox şəxs proqrama müraciət etdi.

Startap ekosistemi tərəfindən maraqla qarşılanan proqrama 5 ölkədən ümumilikdə 40 müraciət edilib. Onların arasından seçilən ən potensiallı 10 startap layihəsi proqrama qəbul olunub. Bu ilin yanvar-may aylarını əhatə edən "Akselerasiya” dövründə onlara proqramın təşkilatçıları tərəfindən peyk təsvirləri, iş ofisi, texniki və biznes təlimlər, ekspert, mentor və s. dəstək göstərilib. Burada startaplar ekspertlər tərəfindən proqramın müəyyən etdiyi vacib texniki və biznes konseptləri üzərində praktiki işləyərək layihələrinin ilkin işlək versiyasını hazırlayıblar. Həmçinin, startaplar öz məhsul və prototiplərinin hazırlanması istiqamətində vacib addımları yerinə yetirərək inkişaf ediblər.

Bu gün keçirilən Final mərhələsində isə sözügedən startaplar Jüri qarşısına çıxıblar. Jüri tərəfindən seçilən 3 layihə – "Orient Map”, "ThermoNorth”, və "Power Academy” - "NewSpace” Biznes Akselerator proqramının qalibi olub, "Azərkosmos” tərəfindən mükafatlandırılaraq aşağıdakı məbləğlərdə toxum investisiya əldə edib:

I yerin qalibi "Orient Map” (Süleyman Əliyev, Şəhriyar İsmayılov): 10.000 manat;

II yerin qalibi "ThermoNorth” (Murad Rəhimov): 5.000 manat;

III yerin qalibi "Power Academy” (Fərəc Qasımov): 3.000 manat.

Bunlarla yanaşı, qaliblər "Azərkosmos” ilə birlikdə beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı əldə edəcəklər.