Zaur Əliyev
Dosent
Alman yazıçısı İohan Şerr: Nizami ata tərəfdən türk idi.
Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini "Gəncədən olan türk” adlandırıb.
İran ədəbiyyatşünasları: Nizami Gəncəvi farsca yazıb, amma ondan türk ətri gəlir.
3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın "Pravda" qəzetində məqaləsi çıxır. Məqalədə o, Stalinlə görüşündən danışırdı: "Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində əlaqəyə icazə verilmədiyini göstərir”.
1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun "Pravda” qəzetində belə bir məqaləsi dərc olunmuşdu: "Aydındır ki, Nizami farsca yazıb. Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi".
Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu.
Məhəmməd Əmin Rəsulzadə: "Yalnız farsca yazdığı üçün türk deməmək mümkündürmü? Əsla!!!"
Əsərlərini ərəbcə yazdıqları halda, türklük haqqındakı duyğuları ilə, türk mədəniyyəti və vətənpərvərliyi tarixində müstəsna yer tutan Kaşğarlı Mahmudlar, Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmudlar nə qədər türkdürlərsə, Nizami də onlar qədər türkdür!
Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi "Leyli və Məcnun" əsərini türk dilində yazmaq istəyib. "Leyli və Məcnun”u türk dilində deyil, fars dilində yazmasını əmr verən Axistanın hərəkətləri onu çox qəzəbləndirib, amma oğlu Məhəmmədin xahişi ilə onu farsca yazmağa razılıq verib. Öz etirazını əsərdə belə şərh edib: "Nə cürətim vardır əmrdən qaçam, nə də könlün vardır xəzinə açam".
Qərb ədəbiyyatı isə onu əsasən fars və iranlı kimi təqdim edir. Burada fars dilində yazmış olduğunu əsas kimi götürürlər. Halbuki, fars dilində yazmaq o dövrün ənənəsi idi.
Nizami Gəncəvi "Xosrov və Şirin” əsərində yazır:
Türklüyüm bu həbəşdə hec getmir.
Dadlı dovğaya xalq meyl etmir.
Burdada Farslığım və ya Kürdlüyüm deyil, Türklüyüm deyir. Hələ XV əsrdə Dövlətşah Səmərqəndi "Təzkirətül-şüəra" kitabında Nizaminin türkcə divanı barədə məlumat verib.
Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla "Xəmsə"nin üzü dəfələrlə köçürülmüşdü. Nizami (Gəncəvi) də öz övladını türkzadə (türk oğlu) adlandırır və "Xosrov və Şirin" əsərinin sonunda yazır:
Əgər şod torkəm əz xərgəh nəhani,
Xodayə, torkzadəmva to dani.
(Əgər türküm çadırdan gizlinə çəkildisə də,
Xudaya, türk balasını sən özün qoru.)
Məlumdur ki, bu misralarda şair çox sevdiyi Afaqın dünyadan köçməsindən bəhs açır, ona "türküm" deyir, Afaqdan olan oğlu Məhəmmədi isə "türk balası" adlandırır.
Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar onu türk adlandırıblar.
Şərhlər