Hüseynbala Səlimov
Ölkə 11:14 14.09.2020

Növbəti il bizim üçün Avropa ili olacaqmı?..

Hüseynbala Səlimov
 
Bir tərəfdən dalğavari koronavirusla bağlı proqnozlaşdırıla bilməyən, amma real problemlər və təhdidlər, digər tərəfdən bundan az da qorxulu olmayan hipotetik iqtisadi devalvasiya – prinsipcə, bütün neft ölkələrini, o cümlədən də bizim Azərbaycanı qorxudan və məşğul edən problemlər çevrəsini belə xarakterizə ertmək və bu cür işarələmək olardı.

Azərbaycanın misalında bura həm də Ermənistanla real hərbi qarşıdurmanı da əlavə etmək lazım gəlir, çünki düşmən o qədər quduzlaşıb və ağlını itirib ki, Azərbaycanın yeni-yeni ərazilərini işğal etməkçün "planlar” qurur və ən kədərlisi, hətta dəhşətlisi budur ki, nəinki dünya birliyi, hətta Minck Qrupunun həmsədrləri belə onun bu ağzınlığını cavabsız qoyurlar.

Amma düşmənin sərhədsiz həyasızlığı və quduzluğu azərbaycanlıların iradəsini və mübarizə əzmini sındırmaq iqtidarında deyil, fəqət, Ermənistanın güc və təbliğat strukturlarına elə gəlir ki, onlar müharibə haqqında nə qədər çox danışsalar, nə qədər çox işğal "planları” qursalar, guya, bu, bizim – azərbaycanlıların psixoloji durumuna bir o qədər çox təsir edəcək və müəyyən mənada həyəcan, təşviş və panika yaradacıqdır. 

Di gəl, onun bu gümanları və səyləri əbəsdir, çünki təkcə Tovuz hadisələri zamanı bircə həftənin içndə əlli mindən artıq adam könüllü kimi orduya yazıldı və bir daha deyirik ki, dörd il bundan əvvəlki Aprel, bir ay bundan əvvəlki Tovuz hadisələri göstərdi ki, azərbaycanlılar günü bu gün silah götürüb torpaqlarını azad etmək əzmindədirlər.

Odur ki, həyat davam edir – hətta pandemiyaya baxmayaraq və ermənilərin sərsəm vurnuxmalarını nəzərə almayaraq. Bu səbəbdən də biz yeni planlar qurmaqda və köhnələrini unutmamaqda davam etməli və daim inkişaf etməyə, öz çevrəmizi genişləndirməyə çalışmalıyıq. 

Bu planların sırasında isə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa İttifaqı ilə imzalanacaq saziş xüsusi yer tutur. Xatırladaq ki, bu günədək yalnız iki ölkə - Azərbaycan və Belarus onu imzalamayıb və çətin ki, Belarusdakı son hadisələrdən sonra A. Lukaşenko Avropa ilə yaxınlaşmağa getsin, halbuki belə addım onun ölkəsinin daxilindəki və çevrəsinsdəki siyasi gərginliyi qismən səngidə bilərdi. Böyük ehtimalla onun bu prezidentlik müddəti Avropa ilə münasibətlərdə daha böyük və daha gərgin soyuqluqla yadda qalacaq.

Bizim Azərbaycana gəldikdə isə, burada vəziyyət qismən fərqlidir. Amma bəzi ekspertlər Ermənistanla münasibətlərin gərginləşməsini məhz Bakının avro-planları ilə bağlayır, çünki bu planlar Kreml əhlinin qətiyyən ürəyindən deyil. Məlum olduğu kimi, Tovuz hadisələri zamanı Moskva İrəvanı silahla və hərbi texnika ilə təmin edirdi. 
 
Belədə isə post-sovet ölklərinin avro-canatımları daim bölgənin geosiyasi reallıqarının müqavimətilə qarşılaşıb – xüsusən də Moskva keçmiş sovet ölkələrinin Avropa ölkələrilə bir sırada dayanmasını, onların Avropa İttifaqı ilə yaxınlaşmasını heç vaxt istəməyib. Odur ki, bir sıra ekspertlər Avropa İttifaqı ilə saziş imzalanması perspektivlərinə çox pessimist yanaşırlar. Amma unutmaq lazım deyil ki, minimum strateji planda Azərbaycan gec-tez Avropanın bir hissəsi olacaq və getdikcə insanların Avropa ilə əlaqələrə maraqları nəinki azalmır, əksinə artır. Üstəlik, Rusiya təhlükəsi də təzədən məzmun almaqdadır. Əvvəllər bununla bağlı söhbətlər ironiya, hətta gülüş doğursa da, indi bunu demək olmur, hətta bəzi politolaqlar post-sovet məkanında növbəti geosiyasi və geoiqtisadi restavrasiyadan danışırlar.

Avropa İttifaqına iqstiqamət götürməyi zəruri edən başqa məqamlar da var. Neft erası Azərbaycan üçün bitir, qaz erası əbədi olmayacaq və bir gün o da tükənəcək. Ona görə də Aİ ilə əməkdaşlıq bizim üçün müstəsna önəm kəsb edir, çünki qeyri-neft sektorumuz üçün yeni bazarlar axtarmaq lazım gələcək. Amma biz əvvəlcə başqa problemi həll etməliyik və bəlkə də bu problem öz həlli üçün illər tələb edəcək. Söhbət rəqabət qabiliyyətli məhsul və xidmətlərdən gedir. 

Yerli istehsalçılarçün "istixana şəraiti” yaratmaq, Rusiya bazarlarının, xüsusən də kənd təsərrüfatı sektorunun elə də yüksək olmayan tələbləri iqtisadiyyatımızın inkişafını ləngidir. Bu mənada vaxt həqiqətən də bizim üçün qızıldır. Elə olacaq ki, biz GUAM- dakı partnyorlarımızın – gürcülərin, ukraynalıların və moldovanların indi etdiklərini on illər sonra edəcəyik. Bu isə iqtisadiyyatımızı regionun və dünyanın iqtisadiyyatının xroniki olaraq geridə qalan sektoruna çevirə bilər...