Nazlı Ağayeva
Onun haqqında bəlkə ən son yazacaq adam mənəm. Amma ailəsi xaric, ölüm sorağını eşidib bəlkə ilk hönkürən və saatlarla ovunmayan da mənəm. Qohumum, dostum deyil. Heç üzünü də görməmişəm. Bəs onda hardandır bu sarsıntı, yanğı? Xəbər atamın ölüm gününə düşdüyünə görəmi? Onsuz da kövrək vaxtımda məhz atamın böyük sevgi və hörmət bəslədiyi adamın ölüm xəbərini almağın şokundanmı?
Təxminən on il əvvəl sosial şəbəkəyə gələn kimi "Facebook”dan Mirzə Xəzəri tapmışdım. O gün sevindiyimdən ayağım yerə dəymirdi. Amma ilk dəqiqələrdən sonra atamın yoxluğunu daha dərindən hiss etməyə başladım. Yaşasaydı, nə qədər şad olardı... Atamın ona olan sonsuz inamından yazılar yazardım gəncliyimdə. Göndərdim, saytına qoydu. O zamandan əlaqə yarandı. Hərdən görünmürdü, səbəbini təxmin etsəm də, soruşmağa utanırdım. Bir dəfə xeyli çəkdi yoxluğu, yazdım ki, nigaranıq. Təşəkkür etdi diqqətə görə. Səhhətində problem yaranıbmış. Sonralar xeyli vaxt mən əhatə dairəsində olmadım. Sağılıb internetə girəndə yoxluğumdan narahat olub, ümumi tanışlardan dəfələrlə soruşub məni. Onda da çox sevinmişdim. Beləcə səmimi ünsiyyət yarandı aramızda. Özümü sərhədsiz virtual aləmdə sanki onun himayəsində hiss edirdim. O boyda adam yorulmadan yazdığım ən adi şeylərə münasibət bildirirdi. Bir qayda olaraq məqalələrimi paylaşır, oxucuya təqdim edirdi. Bunlara o qədər alışmışdım ki, hərdən onunla realdakı həyatımla bağlı da nələrsə paylaşırdım. Sonda vaxtını aldığıma görə üzrxahlıq edəndə "nə zaman istəsəniz yazın, siz mənim bacımsınız” yazırdı. Ki, o da ayrı xoşbəxt anlar idi...
Mirzə Xəzər bizim nəslin uşaq yaddaşına böyüklərimizə axşamdan-axşama açılan nəfəslik kimi köçmüşdü. Onların həyəcan, minnətdarlıq dolu münasibətlərindən yaranan əlçatmaz bir obraza çevrilmişdi. Onun əfsanəvi "Azadlıq”ını böyüyüb çörək korluğu çəkmədiyimiz sovet dövrünün mənəvi sıxıntıları ilə üzləşəndə dərk etdik.
20 Yanvar faciəsində vətəninin canına hopmuş harayını ölüm imperiyasını bütün dünyada ifşa edərək dünyaya çatdırdı. Hər kəsə məlum həqiqətləri təkrar etməklə heç nə dəyişməyəcək. Heç bu yazıyla da.
O vətənpərvər insan, böyük ustad uzaqdan-uzağa hər zaman qatıldığı aramızdan bir dəfəlik getdi və o mənalı, sehirli səs birdəfəlik susdu. Olumlu-ölümlü dünyadı, neyləmək olar... Heç nə. Amma o səsin susdurulduğu başqa bir zamanda bir şeylər etmək olardı. Amma göydən mərmilər yağanda bütöv bir ölkənin tək səsi olub dünyanı oyadan vətən övladının müdafiəsinə elliklə qalxılmadı. Az vaxtda çox dərdlər yaşamış o elin bir loxma çörəkdən savayı heç nə barədə düşünməyə heyi qalmamışdı bəlkə. Bunu təşkil etməli olan rəsmilərin isə başları şəxsi hesablarına qarışmışdı.
Mirzə Xəzər amma o sükutdan sonra da taleyimizə biganə qalmayıb ömrünün sonuna qədər vətənində ədalətli cəmiyyətin, hüquqi dövlətin kağızdan həyata keçməsi üçün çalışdı. Yaşadığı demokratik, sivil Almaniyada həyatını huzur içində yaşamadı. Gecə-gündüz sosial şəbəkələrdə Azərbaycan adamının dərdindən-sərindən yazdı, bu ölkə ilə bağlı dünyada atılan hər addımı şərh edərək xalqa çatdırdı.
Artıq o doğma, istiqanlı insan bizimlə heç nə paylaşmayacaq. Nə öz fikirlərini, nə də bizim yazılarımızı. Ölkədə və dünyada baş verənləri daha ondan öyrənməyəcəyik. 2020-nin yanvarının 11-də barmaq məsafəsində olduğumuz sevimli adam bizdən əbədiyyət qədər uzaqlaşdı.
Yanvarın 11-dəki son yazısına hər gün baxıb ertəsi gün yeni bir şey görmək ümidi ilə təkrar səhifəsinə girirdim. Bir həftə keçər-keçməz kompüteri açan kimi ürəyim sıxılmağa başladı. Çox yerdə dərc etdirdiyim "Kino Qüdrət və atamın Azadlıq radiosu” adlı məqaləmi sövq-təbii Pərviz Cəbrayıla göndərib linki mesaj yerinə atdım. Yalnız hislərdən ibarət o yazını çox sevdiyini bilirdim. Hər gün baxsam da, "gördü” işarəsi görmədim. Onda qısa mesaj yazdım: Mirzə müəllim, yaxşısızmı? Cavab olmayanda səhifəsindən tanış olduğum bacısına yazıb soruşdum. "İndi babatdı”, - yazdı. Hansısa zəif ümidlə bacısına da atmışdım linki. İsraildə yaşayır Züleyxa xanım. Çox duyğulanmışdı. "Bizim Göyçayda da Ülkər xalanın həyətində elə kinolar verirdilər. Uşaqlığıma qaytardı məni”, - yazmışdı. Allahım, tale insanları haralara aparırmış... Necə təbii sevgi ilə şirin-şirin təsvir edir: "Bizim Göyçay”, "Ülkər xalanın həyətində”... O hələ qadın xeylağıdır, ev çəkib-çevirir, gözəl tikmələr, naxışlar vurur, başı qarışır. Bəs daim kədərli, kövrək sözə-səsə köklənən qardaşı xatirələrdən "nələr çəkirmiş”...
Mirzə Xəzər daim mənim yazılarımı paylaşırdı, mən onun ölümünü paylaşdım... Qəfil xəbərdən sarsılmış yüzlərlə adam o paylaşmaya ürək sözlərini yazdı. Ramil Carçıyev adlı gəncin ixtisarla verdiyim şərhi məni demək olar ki, o ölüm qədər kövrəldib təsirləndirdi.
"Bir dəfə Mirzə Xəzərin yazılarından birinə tənqidi şərh yazmışdım, məni dostluğundan çıxardı. Onun eşitdiyi dostlarından biri vasitəsi ilə üzür istədim, məni bağışlamasını xahiş etdim. Qəbul etdi. Halbuki, indi də düşünürəm ki, elə bir səhvim olmamışdı. Amma bunu özümə aşağılanmaq kimi qəbul etmədim. Elə İnsanların könlünü almaq, minnətdarlığımızı bildirmək düşünürəm ki, borcumuz idi”.
On iki yaş fərqlə sözün bütün mənalarında balaca kəndçi qız qismində "onun eşitdiyi dostlarından biri olmaq” şərəfini vermişdi mənə... Amma o gəncin bəhs etdiyi qədər ona qarşı diqqətli, minnətdar ola bildimmi? İndi qüssə və peşmançılıqla təkrar-təkrar düşünürəm, kaş orda olduğu sonuncu gün ona yazıb hal-əhval biləydim. Uyğun bir dillə onca diqqətə, qayğıya, səmimiyyətə görə minnətdarlığımı çatdıraydım. Bundan ötrü mütləq bir səbəb olması şərt idimi? Adam azarlamayacaqdı ki, məni. Əksinə xətri xoş olacaqdı. Çünki on illik müddətdə ona nə qədər güvəndiyimi bilirdi.
Həmişəki kimi yenə gecikdim, canım qardaşım. Məni bağışlama...
Və ustadın qəfil xəbərinə efirimizin saf qəlbli duyğusal Nəsimi Nəbizadəsi yazdı:
"Bütün səslər saxta sayılır. Azərbaycanın Səsi susdu...”
Şərhlər