Sənət 15:13 03.07.2020

"O milyonların hesabına..." - Kinolarımız niyə festivallara çıxmır?

"Ermənilər festivallarda nümayiş etdirdikləri filmlərində Azərbaycanı yırtıcı, özlərini isə yazıq kimi göstərirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında rejissor Cəlaləddin Qasımov bu il keçiriləcək 73-cü Beynəlxalq Kann Film Festivalına təqdim olunan filmlər arasında Azərbaycana və xalqına qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edən erməni rejissoru Nora Martirosyanın çəkdiyi "Əgər külək əsərsə” ("Si Le Vent Tombe”) filmindən danışarkən deyib. Onun fikrincə, Azərbaycanın əleyhinə çəkilən istəlinən filmin nümayişinin qarşısını almaq mümkindir:
 

"Filmlərim 45-dən çox ölkədə keçirilən festivallarda iştirak edib. Beynəlxalq festivallarda 116 dəfə mükafat almışam. Hər festivalda erməni filmləri görürüəm və onların qarçısını almaq üçün münsiflər heyətinə məktub yazıram. Bütün faktları biz onlara təqdim etdikdən sonra yoxlanılır və filmin nümayişi dayanır. Ermənilər filmlərdə Azərbaycanı yırtıcı, özlərini isə yazıq kimi göstərirlər. Çünki dünya bunlara inansın, yazığı gəlsin. Bütün dünyanı aldadırlar. Qarabağdan bəhs edən filmlər çəkirlər. Mən də onlara cavab olaraq bu mövzuda Xocalı soyqırımı ilə bağlı ssenari hazırladım və Mədəniyyət Nazirliyinə təqdim etdim. O, bunun üstünə atdı, bu da onun. Sonra daha bir ssenari  yazdım və Müdafiə Nazirliyinə getdim. Nazirlik ssenarini bəyəndi, dedi ki, Mədəniyyət Nazirliyi rəy versin. 3 aydan sonra bir zülmlə rəy aldım, sonra da koronavirus düşdü ortaya. Hansı ki, bu film bütün dünyanı gəzəcəkdi. Ermənilərin məqsədi aydındır. Hər bir xalqın öz mədəniyyətini, xalqının problemini dünyaya çatdırmaq üçün ən yaxşı vasitə kinodur. Bunlar isə dünyaya çatdırılar ki, xristian olduğumuz üçün müsəlmanlar bizi öldürür. Filmlərdə Alban kilsələri göstərirlər, deyirlər ki, bu bizimdir, amma türklər əlimizdən alır. Beləcə, tarixdən kömək, yardım istəyirlər, özlərini müsəlman ölkələri arasında sıxılmış göstərirlər. İstədiklərinə də nail olurlar. Mən bu barədə nə qədər çalışsam da, mənasızdır. Mədəniyyət Nazirliyinə hansı ssenarini təqdim eləsək, deyirdilər, "yazın ki, bizimlə birlikdə çəkmisiniz". Bir manat vermədən adlarının filmdə çəkilməsini istəyirdilər. Azərbaycanın festivallara çıxmasına mane olan Mədəniyət Nazirliyidir". 
 
Künoşünas Aydın Kazımzadə isə Qarabağdan bəhs edən və çəkilən filmlərin reklamı olmadığını deyib: 
 


"Azərbaycan Kinemotoqraflar İttifaqının  sədri Şəfiqə Məmmədova filmlə bağlı etiraz məktubu göndərib. Qarabağla bağlı bizim çoxlu filmlərimiz var. Amma bu filmlər həmin festivallara gedib çıxa bilmir. Görünür festivalların qayda-qanunları, tələbləri var. Həmin tələblərə cavab verə bilmədiyinə görədir.
 
Ermənilər hay-küy sala bilir.  Reklamlar lazımdır. Ermənilər Qarabağla bağlı film çəkəndə bir neçə ölkənin mütəxəsislərini dəvət edib. Əsas budur.  Filmi ortaya çıxaran səbəblər budur. Bir də var filmi festivala göndərdik, mükafat aldı, vəssalam... Onun rezonansı yoxdur. Bu məsələdə fəaliyyətsizik.  Bunları etməyə pul lazım. Onları da etməyə Mədəniyyət Nazirliyinin "pulu yoxdur".  Amma baxın nazirlik nə oyunlardan çıxır. Xəcalət çəkdim Hesablama Palatasının faktlarını oxuyanda. Palata nələri çıxarıb ortaya? Belə Mədəniyyət Nazirliyi olar? O pulları banka qoymaq əvəzinə Azərbaycanın xeyrinə xərcləyəydiniz də! O milyonların hesabına necə filmlər çəkərdik, dəvət edərik Fransadan, Almaniyadan, bir yerdə film çəkib dünyaya yayardıq".

Bahar Rüstəmli