Dünya 18:27 17.03.2023

Ölkədə kifayət qədər insan yoxdursa, niyə 40 milyonluq qonşunu işğal etməyək?..

Əgər ölkədə kifayət qədər insan yoxdursa, niyə 40 milyon əhalisi olan qonşunu işğal etməyək?..

"Washington Post”un köşə yazarı, hərbi tarixçi, Xarici əlaqələr şurasının baş elmi işçisi Maks Butun yazısını təqdim edir:

Putin demoqrafik problemləri müharibə ilə həll etməyə çalışır

Rusiya demoqrafik ölüm yolundadır. Uzunmüddətli perspektivdə bu, Rusiyanın özü üçün pis xəbərdir. Lakin qısamüddətli perspektivdə bu, onun qonşuları üçün pis xəbərdir, çünki Putin demoqrafik problemlərin hərbi həll yollarını axtarmağa qərar verib.

SSRİ-nin dağılmasından sonra ölüm nisbəti demək olar ki, hər il doğum nisbətini üstələyir. Rusiya əhalisinin sayı 1993-cü ildə pik həddinə çataraq 148,6 milyon nəfər təşkil edib. 2022-ci ilin əvvəlində onun 145,6 milyon olduğu təxmin edilirdi. Bu, cəmi 2% azalmadır, lakin müqayisə üçün ABŞ əhalisi 1990-cı ildən 2020-ci ilə qədər 33% artıb. Dünya Bankı hesablayıb ki, Rusiyada doğulanın gözlənilən ömür uzunluğu cəmi 71 ildir, Birləşmiş Ştatlarda bu rəqəm 77 ildir. Kişilər arasında fərq daha da nəzərə çarpır: ABŞ-da 75 yaş, Rusiyada isə 66 yaş. Bu, Şimali Koreya, Suriya və ya Banqladeşlə müqayisədə aşağıdır. Rusiya dünyanın 11-ci ən böyük iqtisadiyyatına sahibdir, lakin gözlənilən ömür uzunluğuna görə 96-cı yerdədir.

Amerika sahibkarlıq institutundan Nikolas Eberştadt izah edir ki, əsas problem Rusiyada doğum səviyyəsinin hər qadına cəmi 1,5 uşaq düşməsidir - əvəzetmə səviyyəsindən (hər qadına iki uşaq) xeyli aşağıdır. 

Bu rəqəm digər inkişaf etmiş ölkələrlə müqayisədə o qədər də aşağı deyil. Amma Rusiyada da xüsusilə kişilər arasında ürək-damar xəstəlikləri (infarkt, insult və s.) və xəsarətlərdən (qətllər, intiharlar, bədbəxt hadisələr) ölüm halları son dərəcə yüksəkdir. Ölkədəki gəlir və təhsil səviyyəsini nəzərə alsaq, Rusiyada hər iki səbəbdən ölüm gözləniləndən bir neçə dəfə çoxdur. Bunu Rusiyada səhiyyə sisteminin zəif olması, ətraf mühitin çirklənməsi, yüksək sərxoşluq və narkomaniya ilə izah etmək olar ki, bu da öz növbəsində çarəsizliyin əlamətidir.

Son illərdə Rusiyada onsuz da yüksək olan ölüm nisbəti kəskin şəkildə artıb. The Economist-in məlumatına görə, 2020-2023-cü illərdə COVID-19 pandemiyası zamanı Rusiyada 1,2 - 1,6 milyon arasında ölüm qeydə alınıb. Əgər bu belədirsə, bu o deməkdir ki, Rusiyada əhalisi iki dəfədən çox olan ABŞ-dan daha çox koronavirus ölümü baş verib. 

Bundan başqa, keçən il Rusiya Ukraynadakı müharibədə 60-70 min insan həyatını itirib ki, bu da 1945-ci ildən bu yana keçirdiyi bütün digər müharibələrdən çoxdur. Strateji və beynəlxalq araşdırmalar mərkəzinin hesabatında deyilir: "Bir ayda öldürülən rusiyalı əsgərlərin orta sayı Çeçenistanda hər ay öldürülənlərin sayından ən azı 25 dəfə, Əfqanıstanda öldürülənlərin sayından isə 35 dəfə çoxdur”. Və müharibə başlayandan bəri 500.000 - 1 milyon arasında rusiyalı ölkədən qaçıb, əksəriyyəti gənclər və təhsilli olub. Moskvada kişi çatışmazlığı açıq şəkildə hiss olunur.

Rusiya əhalisinin azalmasının davam edəcəyi gözlənilir - 2050-ci ilə qədər 135 milyon, 2100-cü ilə qədər isə 126 milyon. Rusiyanın böyük dövlət kimi günləri sayılamaqdadır.

Putin problemin fərqindədir və daim bu haqda danışır. 2021-ci ilin sentyabrında o, 1917-ci il inqilabından sonra Rusiya imperiyasının süqutu və 1991-ci ildə Sovet İttifaqının dağılması olmasaydı, indi Rusiyada 500 milyon insanın yaşayacağını təəssüflə bildirdi və bunu "əsrin ən böyük geosiyasi fəlakəti" adlandırdı.
O, bu tendensiyanın qarşısını almaq üçün vətəndaşlara daha çox uşaq sahibi olmaq məqsədiylə maddi həvəsləndirməkdən tutmuş, Orta Asiyadan olan mühacirləri öz tərəfinə çəkmək cəhdinə qədər bütün adi üsulları sınadı. Və hətta onun Ukraynaya hücumu da Rusiya əhalisini artırmağa yönəlmiş bir hərəkət kimi qiymətləndirilə bilər.

Rusiya vaxtilə 8 milyon insanın yaşadığı Ukrayna ərazilərini işğal edib, indi onların çoxu ölüb, qaçıb və ya Rusiyaya deportasiya edilib. Rusiyanın ən azı 11 000 ukraynalı uşağı qaçırması Rusiyanın uşaq qıtlığı fonunda xüsusilə qorxunc görünür. Əgər əhalinin azalmasından narahatsınızsa, bəlkə qonşu bölgənin 40 milyon əhalisini işğal etmək probleminizi həll edə bilər?

Əlbəttə ki, Putin Rusiyada insan qıtlığı problemini həll etməyə çalışmaqla onu daha da kəskinləşdirir. Qiymətləndirmələrə görə, Rusiyada 18-26 yaş arasında təxminən 7,2 milyon kişi var. Keçən il Putin çox çətinlik çəkmədən daha 300 min əsgəri səfərbər edə bildi və yaxın vaxtlarda daha bir çağırış başlaya bilər.
Emiqrantlara gəlincə, bu, Putinə ancaq qısa müddətdə kömək edə bilər. Avropa siyasətinin təhlili mərkəzinin prezidenti Alina Polyakova deyir ki, "problemli insanlar getdi, qalanlar isə rejimə özünü və müharibəni dəstəkləmək üçün lazımdır”.

Beləliklə, Rusiyanın demoqrafik problemlərinin qonşuları üçün yaratdığı təhlükəni azaldacağına ümid azdır. Putinin demoqrafik problemdən xəbərdar olması onu daha da təhlükəli edir.

Nizami Bağırov