Oğlan olmadığı üçün sürgünə göndərildi - Şahzadə Sürəyyanın faciəli sonu

Oğlan olmadığı üçün sürgünə göndərildi - Şahzadə Sürəyyanın faciəli sonu

İranlı zadəgan Xəlil İsfəndiyari və alman xanımı Yeva Karlın yeganə qızı Sürəyya zənginlik içində böyüdü. Gənclik illəri Berlin və İsfahan arasında keçdi, ən yaxşı məktəblərdə oxudu. Sürəyya hələ dünya müharibəsinin yaraları sağalmamış, on beş yaşında aktrisa olmaq istəyirdi. Avropalı dostları və ailəsi ilə Askonada tətildə olarkən bu arzusunu atasına söylədi, amma razılığını ala bilmədi. Bəxtiyari sülaləsindən birinin aktrisa ola bilməyəcəyini deyən atasına belə cavab verdi: "Bu dünyada tək zadəgan bizik? Bu gün zadəgən ailələrdən olan bir çox insan filmlərdə çəkilir”.

Kişi hakimiyyətinin sərt olduğu dünyada bu təzyiq nə ilkdi, nə də sonuncu idi. Bu, o zaman idi ki, Sürəyanın gözəlliyi hər kəsin dilindəydi. Ancaq onu bu qədər cəlb edən təkcə bu deyildi. Zərif və qadına xas olan gözəlliyinin altında Sürəyya buna heç uyğun olmayan bir davranışın sahibi idi. Qarşısındakının kim olmasından asılı olmayaraq söz əsirgəməyən, bəzən hətta kobud olmağı bacaran biriydi. Bu səmimiyyət onu gələcəkdə bir çox bəlaya düçar edəcəkdi.

Həmin vaxt İran Şahı Məhəmməd Rza Pəhləvinin anası, Şahbanu Tacülmülk oğlu üçün yeni bir gəlin axtarırdı. İlk gəlini Misir Şahzadəsi Fəvziyyə Şahnaz adlı bir qız dünyaya gətirdiyindən, kişi varisi gözləyən şahı və ailəsini məyus etmişdi. Bu axtarış şahın anasının Sürəyyanın şəklini görəndə sona çatdı. Sürəyyanın ecazkar gözəlliyi şahbanuya təsir etdi. Qızı şahzadə Şəmsə ən qısa müddətdə Sürəyyanı araşdırmağı tapşırdı. Nəhayət, Şəms və Sürəyya Londonda tanış oldular. Şahın bacısı Sürəyyanı gördükdə ağlında heç bir sual qalmadı. O, şah üçün nadir tapılan bir inci kimiydi. Dərhal ailəsinə İranın yeni şahzadəsini tapdığını bildirdi. Sonra Sürəyyaya həyatını dəyişdirəcək o təklif gəldi.

Kral ailəsi Sürəyyanı Tehrandakı saraylarına dəvət etdi. Bu kiçik bir tanışlıq kimi görünsə də, Sürəyya da daxil olmaqla hamı bunun nə demək olduğunu bilirdi. Bu, şah sarayına girmək üçün ilk addım idi. Sürəyya hələ gənc olsa da, həyatı bir gecədə dəyişəcək və taleyinə bir addım daha yaxınlaşacaqdı.
Sürəyya tətildə olan anasına xəbər göndərdi və görüşmək istədiyini bildirdi. "Belə bir evlilik istəyirsən?”, sualına taleyini müəyyən edən bu sözləri dedi: "Şahı tanımıram. Ancaq şəkillərə görə pis adama oxşamır. Ağıllı, idmançı kimi görünür. Görüşəndə ​​xoşuma gəlsə, niyə evlənməyim?”

Götürəcəyi məsuliyyətin dərəcəsini görə bilmədi, yalnız zahiri görünüşünə baxaraq mühakimə yürütdü, amma işin sonu çox fərqli yerlərə gedib çıxacaqdı.

Şah Sürəyyanı görəndə sözün əsl mənasında aşiq oldu. Sürəyynın gözəlliyi o qədər cazibədar idi ki, ən qısa müddətdə onunla evlənməyə can atdı.

Sürəyya da şaha qarşı boş deyildi, onun kimi aşiq olmasa da, ondan artıqlamasıyla təsirlənmişdi. Ertəsi gün şahın atası Sürəyyaya gözlədiyi sualı verdi: "Şah səni çox sevir, onunla evlənməyə hazırsan?”. Sürəyya "bəli” deyərkən, barmağına möhtəşəm brilyant üzüyün taxılmasının həyatının ən böyük peşmanlığı olacağını bilmirdi. Toy hazırlıqlarına dərhal başlasa da, tale Sürəyyaya bu toyun baş verməməsi üçün əlamətlərini göstərirdi. Çünki toydan əvvəl Sürəyya tifə yoluxaraq həftələrlə yataqdan qalxa bilmədi. Rəvayətə görə, şah hər gün bir ləl-cəvahirat götürərək Sürəyyanı sevindirmək üçün yastığının altına qoyurdu.

Toy günü Sürəyya üçün gizli bir kabus idi. Şah daha çox gözləyə bilmədi. Toy tarixi altı həftə sonraya - 12 fevral 1951-ci il tarixinə təyin edildi. Çox erkən bir evlilik idi və Sürəyya o vaxt bilməsə də, bunun əvəzini çox ağır ödəyəcəkdi. Toy səhəri Sürəyya o qədər zəif idi ki, ayaqüstə çətinliklə dayana bilirdi və o qədər soyuqdu ki, gəlin otağında titrəyirdi. Təəssüf ki, bu şahı dayandırmaq üçün yetərli bir səbəb deyildi.

Sürəyyanın gəlinliyi dəb tarixinin ikonik rəmzinə çevrildi. Kristian Diorun hazırladığı gəlinlik iyirmi metrlik ağ ipək, qızıl ilmələr və marubu lələkləri ilə bəzədildi. Sürəyya o qədər incə və hava o qədər soyuqdu ki, bədəni gəlinlik paltarının altında titrəyirdi. Titrəməməsi üçün paltarının altından yun jilet və corab geyinməli idi. Bu, hamısı deyildi. Sürəyanın gəlinliyi çox ağır idi, otuz üç kilodan artıqdı. Paltarın ağırlığı az qala onu dizləri üstə çökdürəcəkdi.

Sürəyya gəlinliyi daşımaq üçün fövqəladə bir səy göstərdi. Amma o möhtəşəm gəlinlik İran şahı ilə evlənmək yükündən ağır ola bilməzdi. Sonralar anasına bu sözləri deyəcəkdi: "Yaşadığım həyatı təsəvvür edə bilməzsən, ana. Bu təkliyin məni necə narahat etdiyini bilmirsən. Sarayda heç bir qadınla danışa bilmirəm, dərdləşə biləcəyim kimsə yoxdur”.

Əlbəttə hələ ora bir qədər vardı. Toy mərasimindən bir neçə dəqiqə əvvəl şah və köməkçilərindən biri Sürəyyanın yükünü bir az yüngülləşdirmək üçün gəlinliyin quyruğundan səkkiz metr kəsdilər. Bir qədər rahatlayan İranın yeni şahzadəsi dini mərasimdə yalnız bunun sayəsində ayaqüstə dayana bildi.

Evliliyin ilk ayları cənnət kimiydi. Şah və xanımı bir saraydan fərqlənən böyük və ağ malikanədə yaşayarkən aralarında inanılmaz bir sevgi vardı, amma kral ailəsi və bütün ölkə bir şeyi gözləyirdi: varisin doğulmasını. Lakin şahın bütün qorxusuna baxmayaraq, oğlan gəlmədi və Sürəyyadan tibbi müayinə üçün Amerikaya getməsini istədi.

Sürəyyanın Nyu-Yorkda yanına getdiyi həkimin ona yaxşı xəbəri vardı: son iki ildə yaşadığı stresin təbii olaraq hamilə qalmağı çətinləşdirdiyini, ancaq onda heç bir problemin olmadığını dedi. Amma Bostondakı ikinci həkimi bu ümidlərini məhv etdi. Onun sözlərinə görə, İran şahzadəsi qısır idi və heç vaxt varis dünyaya gətirə bilməzdi. Bundan sonra Sürəyya və şah bir-birinə inanılmaz dərəcədə incik davranmağa başladı. Böyük aşiqlərin qəzəbi də həddən artıq böyükdü. Şahla protokola daxil olan vəzifələr və səfərlərdən başqa sarayda demək olar ki, əsirlikdə yaşayırdı. Dünya mətbuatının diqqəti saraya yönəldiyi vaxt, "vəliəhd” çağırışları artmağa başladı. Sürəyya bir oğlan uşağı dünyaya gətirməli və şahın soyunu davam etdirməli idi, ancaq Avropanın ən məşhur həkimləri də "dərdlərinə” bir çarə tapa bilmədi. Oğlan doğmasaydı, şah Sürəyyanı boşayacaqdı.

1954-cü ildə Sürəyya və şah sevgilərinin son qırıntılarını əllərində saxlamağa çalışırdı, aralarındakı uçurum sürətlə böyüyürdü. Oktyabrda başqa bir bədbəxt hadisə baş verdi. Ayın 26-da şahın yeganə qardaşı təyyarə qəzasında öldü. Artıq şahın yeni varisə sahib olmaqdan başqa çarəsi qalmamışdı. Sürəyanın ona heç vaxt uşaq verə bilməyəcəyini bilən şah sarayda narahatlıq yaradan bir həll yolu tapdı: ikinci arvad almağı təklif etdi, qəbul etməsəydi onu boşayacaqdı.

Həmin vaxt anası ilə Moritzdə tətildə idi və şahdan cavab gözləyirdi. Saraydan gələn "ikinci arvad cavabı” dəli olmasına bəs etdi və bu sözləri dedi: "Bütün bu alçaldıcı vəziyyətdən sonra bir də xalqın məsxərəsinə qoyulmağımı istəyirsiniz?”.

Oğlan dünyaya gətirə bilmədiyi üçün alçaldılmış Sürəyyanın faciəli həyat hekayəsi məhz bundan sonra başlayır.

Qısqanc və qəzəbli Sürəyya şahın planını eşidəndə hiddətləndi və açıq şəkildə təklifi rədd etdi. Evliliyini və İranın yeganə şahzadəsi mövqeyini qorumaq üçün ümidsiz olan Sürəyya ərindən ölkə konstitusiyasını dəyişdirməsini xahiş etdi. Onun sözlərinə görə, şahın imza atacağı dəyişiklik ögey qardaşlarından birinin özündən sonra hökmranlığına imkan verəcəkdi və bununla hər şey düzəldilə bilərdi. Təəssüf ki, bu Sürəyya üçün daha bir qəlb qırıqlığı oldu.

Şah Sürəyyaya konstitusiyanı dəyişdirməyəcəyini söyləmək əvəzinə, böyük bir yalan danışdı. Bunu düşünəcəyini dedi, bu qərarı əvvəlcə "Aqillər Şurası” təsdiqləməli idi. Məsələ burasındadır ki, belə bir şura yoxdu. Şah Sürəyyaya "yox” demək istəmədi, buna görə uydurma bir şura qurdu və təbii ki, "şura” bunun əleyhinə çıxdı. Bu vaxt Sürəyya onu həvəslə gəlin kimi saraya gətirən qayınanasının – Tacülmülkün əsl üzünü gördü. Açıq şəkildə qəddarlaşmışdı. Sürəyyanın statusuna qısqanclıqla yanaşan Tacülmülk onun "qısır bətn”i haqda dedi-qoduları həvəslə yaydı. Bundan sonra qayınanası təqiblərini daha yüksək səviyyəyə qaldırdı. Sürəyyanın taxt üçün bir varis dünyaya gətirə bilməyəcəyini bilən qayınanası Sürəyyaya qarşı getdikcə daha da qəddarlaşdı. O andan etibarən Sürəyyanın evliliyi sona çatmağa məhkum idi. Gənc cütlüyə ailə və siyasi təzyiqlər artdı və evlilik 1958-ci il martın 14-də başa çatdı.

Sürəyya boşandıqdan sonra İsveçrəyə sürgün edildi, lakin bu, yalnız vətənini deyil, sevdiyi insanı da tərk etməsi deməkdi. İyirmi altı yaşında yeni bir ölkədə yeni bir həyata təkbaşına başlamalıydı. Ancaq şah ona maddi dəstək verdi, rahat bir həyat təmin etdi. Çünki Sürəyya şahın həyatında həqiqətən aşiq olduğu yeganə qadındı.

Anası Yeva İsfəndiyari qızının həyatından bəhs edən kitabında boşandıqdan sonra yaşadıqlarını bütün aydınlığı ilə izah etdi: "Yeddi il əvvəl yaşamağı və əylənməyi sevən canlı, gənc bir qızı Tehrana göndərdik. Amma yaşına uyğun olmayan bir ciddiyyətlə geri qayıtdı”.

Jurnalistlərin mühasirəsi altında üç həftə otağından çıxmadı. Qardaşı Bicanın jurnalistlərlə razılaşmasından sonra bir fotoşəkil çəkdirməyə razı olsa da, repressiyanın hədəfinə çevrildi və jurnalistlər o vaxtdan ölümünə qədər ondan əl çəkmədilər. Ailəsi ilə birlikdə yeni bir həyata başlamaq üçün ABŞ-a köçdü. Əlbəttə, ürəyindəki yara burada da asanlıqla sağalmayacaqdı, amma bir gün İnqrid Berqmanın filmini izləməyə getdi və sağalma yolundakı ilk addımı ilə həyatına tamamilə fərqli bir istiqamət verdi. Xəyallarını gerçəkləşdirəcəkdi.

İran şahzadəsi vəzifəsini faciə ilə başa vurduqdan sonra Sürəyya bir film "ulduz”u kimi qəribə bir ikinci həyat qazandı. Hollivud onu həmişə heyran etmişdi və əfsanəvi gözəlliyi ilə "Üç üz” kimi klassiklərdə rol aldı. Ancaq Hollivud şöhrətlə yanaşı faciə də gətirəcəkdi. O dövrdə məşhur aktyor Maksimilian Şellə sürətlə irəliləyən bir sevgi macərasına yola düşdü, 1963-cü ildə İstanbulda sevgilisi ilə görüşdü, ancaq xoşbəxtliyi uzun sürmədi. Hər ikisinin adı polisin işə qarışdığı bir davada hallandı. Ancaq bu hadisə heç vaxt aydınlaşmadı. Sadəcə Sürəyyanın o illəri utanaraq xatırladığı məlumdur...

"Üç üz” çəkilərkən Sürəyyanın bu dəfə rejissorlarından biri – italyan Franko İndovina ilə alovlu sevgi münasibəti başladı. Yalnız bir böyük problem var idi: İndovina evli idi. Dram bununla da bitmədi. Sürəyya demək olar ki, bir ömür boyu əziyyət çəkmişdi, amma taleyin sürprizlərinin ard-arası kəsilmək bilmirdi. O il sevgilisi İndovina təyyarə qəzasında öldü və Sürəyya ikinci dəfə həyat eşqini itirdi. Ciddi depressiyaya girdi və ömrünün sonuna qədər sakit yaşamaq niyyəti ilə bir köşəyə çəkildi.

İranın keçmiş şahzadəsi 69 yaşında – 2001-ci il oktyabrın 25-də Parisdəki evində vəfat etdi. Ölümündən səkkiz gün sonra qardaşı Bican da öldü və onların qətlə yetirilməsi iddiaları ortaya atıldı. Amma heç bir dəlil ortaya çıxmadı, ancaq qalan 80 milyon dollarlıq sərvət fürsətçilər üçün "qələbə” idi. Bu kədərli hekayə əşyalarının Parisdəki hərraclarda yüksək qiymətə alıcı tapmasından sonra geridə qaldı.

Sürəyyanın həyat hekayəsi bir çox insana təsir etdi. Fransız bəstəkar Fransuaza Malle-Jorris "Sürəyya kimi ağlamaq istəyirəm” ("Je veux pleurer comme Soraya”) mahnısını yazdı. Şahzadənin həyatından bəhs edən bir italyan/alman televiziya filmi olan "Kədərli şahzadə” 2003-cü ildə nümayiş olundu.

Mənsur Rəğbətoğlu
Teleqraf.com
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR