“Olduğumuz yerə “Smerç” düşdü, elə bildilər yaralanmışam” - Pilot Həşimov

“Olduğumuz yerə “Smerç” düşdü, elə bildilər yaralanmışam” - Pilot Həşimov

Vətən müharibəsinin qəhrəmanlarından biri də pilot Taleh Həşimovdur. Qaynarinfo xəbər verir ki, Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzeti təcrübəli pilotla müsahibə edib.

Müsahibəyə keçməzdən əvvəl bildirək ki, evin sonbeşiyi olan Taleh hərbçi ailəsində dünyaya göz açıb. Həyatı dərk etdiyi andan əmiləri Fikrət və Arazı hərbi mundirdə görüb. Qardaşları Qalib və Alim də hərbçi olublar. Bütün bunlar Talehin də həyat yolundan yan keçmir və o, 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. 2007-2011-ci illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. Hazırda hərbi hissədə uğurlu xidmətini davam etdirir. 

- Sizdə hərb sənətinə maraq nə vaxtdan yaranıb?
 
- Uşaqlıqdan bu sahəyə böyük həvəsim olub. Müxtəlif oyuncaq təyyarələr bir həvəs idi, sonra isə sevdiyim peşəyə çevrildi. Sahib olduğum sənətə sevgiylə, rəğbətlə yanaşıram. Sevgisiz heç bir sənəti inkişaf etdirmək olmaz. Ona görə də hərb peşəsini seçdim. Təyyarəçilik məktəbində oxuduğum zaman dərslərimə xüsusi diqqət yetirdim ki, gələcək xidmətimdə çətinlik çəkməyim. Fikrimcə  rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər bir hərbi qulluqçu intizamlı və yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır.
 
- Xidmətinizə nəzər saldıqda uğurlarınızın  üstünlük təşkil etdiyini görürük. Vətən müharibəsində də qəhrəmanlığınızla seçilərək Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmusunuz. Xidməti uğurlarınızı nədə görürsünüz?

- Verilən hər bir təşəkkürə, fəxri fərmana, medala, ordenə layiq olmağa çalışıram. Yəqin ki, bu da daxili intizamdan irəli gəlir. Xidmətim zamanı bədbinliyi özümdən uzaq tuturam. Əhvalım xoş, şən olanda işlərim rəvan, xidmətim problemsiz keçir. Vətən müharibəsinə də xoş əhval-ruhiyyə ilə yollandım. Belə ki, hər zaman dediyim kimi, biz bu döyüşə uzun illər yüksək səviyyədə hazırlaşmışdıq. Qələbə qazanacağımıza, qövr eləyən yaralarımızın sağalacağına inanırdım. Düşünürəm ki, Böyük Qələbəni bizlərə bəxş edən Vətən sevgisi, qorxusuz Azərbaycan əsgərinin Qarabağ həsrətinə son qoymaq istəyi oldu. 

- Vətən müharibəsi zamanı çiyin-çiyinə döyüşdüyünüz və hazırda xidmətdə olan hərbçilər haqqında nə deyə bilərsiniz?

- Ümumilikdə döyüşlər zamanı birlikdə xidmət göstərdiyim hər kəsin gözündən Vətən sevgisi, torpaqları tez azad etmək həvəsi sezilirdi. Müharibədə göstərdikləri şücaətə görə polkovnik-leytenantlar Əliyar Əsgərov, Elçin Rəfiyev, mayorlar Sabir Nəsirov, Fərid Bəkirov və kapitanlar Etibar Rzayev, Rasim Abdullayev də müxtəlif medallarla təltif olunublar. Adını çəkdiyim hərbçilər mərd, cəsur insanlardır. Elçin, Sabir, Fərid və Etibar hazırda bizim hərbi hissədə xidmətdədirlər. Əliyar isə xidmət yerini dəyişsə də, Azərbaycan Ordusunda uğurlu xidmətini davam etdirir. Belə mərd, cəsur hərbçilərlə çiyin-çiyinə döyüşməkdən fərəhlənirəm.

- Müharibə dövründən danışaq. Uğurunuza görə kimə borclusunuz, necə oldu ki, döyüşlərə bu qədər həvəslə qatıldınız? 
 
- Bilirsiniz, insan hansısa uğura birdən-birə imza atmır. İllərin əməyinin nəticəsi, bu yolda uğura çatanadək üzərində əziyyəti olan kəslərin səyi önəmli faktordur. Mən də uğurlarımı Boladi kənd 2 saylı tam orta məktəbdən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirənədək təhsilimdə əməyi olan müəllimlərimə borcluyam. Bir təyyarəçi kimi təcrübəli zabitlər Həmzə Allahverdiyev, İntiqam Rzayev, Mikayıl Hüseynov və Ramin Həsənovun təcrübəsindən yararlandım. SU-25 bombardmançı təyyarəsində isə ilk uçuşlarımı Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik Zaur Nudirəliyevlə birgə yerinə yetirdim. Döyüş tətbiqi uçuşları və gecə uçuşlarımda Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin böyük əməyi olub. Adlarını qeyd etdiyim zabitlərin hər birinin təyyarəçi kimi yetişməyimdə zəhməti böyükdür.

- Vətən müharibəsində unudulmaz an haqqında danışmağınızı istəyərdim...

- Vətən müharibəsində unudulmaz an olaraq ilk döyüş uçuşuna gedəcəyimiz tapşırığı alanda çox həyəcanlandığımı qeyd etmək istərdim. Çiynimizdə çox böyük məsuliyyət vardı. Əks-hücum əməliyyatı başlamışdı və düşmənə havadan zərbə endirməliydik. Burada ən önəmli faktor özgüvən, illərin yaratdığı təcrübə və Vətən sevgisi idi. Çünki insan özünə və təcrübəsinə güvənərək vəzifəsini icra edirsə, ürəkdəki Vətən sevgisi ən pik həddə çataraq canından belə dəyərli olur. Bu istək və sevgiylə düşmənə zərbə vuracaqdıq. Zərbələr nə qədər sarsıdıcı və dəqiq olacaqdısa, qoşunlarımız bir o qədər rahat irəliləyəcəkdi. Şükürlər olsun ki, tapşırığın öhdəsindən layiqincə gəldik. İlk döyüş uçuşuna qalxarkən ağlımda bir düşüncə var idi: Qarabağın və səmaların açarı qəlbdəki Vətən sevgisidir... Zədələnən kombinezona gəldikdə isə döyüş mövqelərindən birində olarkən düşmən tərəfindən atılan SMERÇ tipli raket olduğumuz yerə düşdü. Dərhal təyin olunan sığınacaqlara qaçmağa başladıq. Bu zaman ikinci raketi atdılar və sanki yer ayağımın altından üzüldü. Yıxıldım və mayor Fərid Bəkirov yaralandığımı sandı. Amma təkcə kombinezonum cırıldı. Bu gün həmin kombinezonu ən dəyərli əşyamtək saxlayıram. Qeyd edim ki, xoşbəxtçilikdən nə mən, nə də başqa biri xəsarət almadı.
X
XƏBƏRLƏR
BLOGLAR