İdman 16:09 23.07.2021

"Olimpiakos"un futbolçusu hərəkətinə görə Namiq Ələsgərovdan üzr istədi

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Yunanıstanda "Neftçi"nin futbolçusu Namiq Ələsgərovu ağır zədələyən "Olimpiakos”un üzvü Məhəmməd Kamara üzr istəyib.

Qaynarinfo xəbər verir ki, 24 yaşlı oyunçu bununla bağlı şəxsi İnstaqram səhifəsində paylaşım edib. O, səhifəsində yerləşdirdiyi fotonun üzərinə "Dünənki hərəkətə görə bağışla, qardaşım. Ümid edirəm, hər şey qaydasındadır" şərhini yazıb. 

"Olimpiakos” – "Neftçi” (1:0) matçının 43-cü dəqiqəsində Kamaranın kobud hərəkətindən sonra Ələsgərov ciddi zədə alaraq meydanı tərk etmişdi. Çənəsində və burnunda sınıqlar aşkar edilən 26 yaşlı futbolçumuzun əməliyyat olunacağı açıqlanıb.

Səbuhi Həsənov