Hüseynbala Səlimov
Siyasət 11:53 09.01.2018

Oliqarxlar "Saakaşvili problemi"ni də həll etdilərmi?

Hüseynbala Səlimov

Ötən həftə Tbilisi məhkəməsinin Mixeil Saakaşvili haqqında qərar çıxardığı məlum oldu. Məhkəmə eks-prezidentin qiyabi olaraq üç il azadlıqdan məhrum edilməsinə göstəriş verdi. 

Elə həmin gün Gürcüstan prezidenti Georgi Margelaşvilinin qərarı pisləyən fikirləri yayılsa da, bu, elə bir təskinlik gətirmədi, çünki hətta ən qeyri - demokratik ölkələrdə belə lazım gələndə məhkəmələrin tam müstəqil olduğu və prezidentdən, hökumətdən asılı olmadğı bildirilir. 

G.Margelaşvilinin sözlərinin sırf şəxsi motivlərinə gəldikdə isə, Gürcüstanın prezidentilə hökumət, xüsusən də hökumətin "xaç atası” Bidzina İvanişvili arasında yaşanan problemlər hamıya yaxşı məlumdur.

Nə isə, hər halda, bir də təsdiqləndi ki, yaxın keçmişdə Gürcüstanın prezidenti, daha sonra Odessanın qubernatoru, hazırdasa vətəndaşlığı və hətta daimi yaşayış yeri olmayan V.Saakaşvili çoxu üçün əsl siyasi problemə çevrilibdir. Hərçənd, getdikcə daha çox adama aydın olur ki, Saakaşviliyə ikinci "rəngli inqilab”a rəhbərlik etmək nəsib olmayacaq, amma gəl, o, başağrısı, özü də əməlli-başlı başağısı ola bilər, - ukraynalı oliqarxları narahat edən də budur.
Əvvəl olduğu kimi, M.Saakaşvilinin indiki fəaliyyəti də kimlərdəsə rəğbət və heyranlıq, digərlərindəsə, əksinə şübhə və tərəddüd, hətta açıq - aşkar ironiya doğurur. Bəzən şübhələr, vokalçılar demiş, lap "dördüncü oktava”yadək yüksəlir.     

Burada onun Rusiyanın siyasi dairələrilə, hətta prezident Vladimir Putinin yaxın adamları ilə, eləcə də keçmiş Ukrayna prezidenti V.Yanukoviçlə guya ki, sıx əlaqələrinin olması haqdakı ötən olki şaiyələri bir daha qeyd etmək yerinə düşərdi.  

Bəzi jurnalistlər iddia edirdi ki, Saakaşvilini həmin dairələr maliyyələşdirir və hətta dəqiq məbləğ də göstərirdilər–500 min dollar!..

Bəri başdan deyək ki, əslində belə irimiqyaslı siyasi proseslərçün deyilən məbləğ elə də böyük deyil. Bundan başqa, maliyyə müstəvisində M.Saakaşvili ukraynalı oliqarxlara, xüsusən də "rəngli inqilablar”ı (yəqin, həm də böyük iğtişaşları!) maliyyələşdirməkdə geniş təcrübəsi olan prezident P.Poroşenkoya rəqib deyil. Gəl, Saakaşvilini "aztəminatlı siyasətçilər” düşərgəsinə aid etmək də mənasızdır. 

Rusiyanın siyasi dairələrinin M.Saakaşviliyə "marağ”ının da xüsusi "təkamül treki” var. Burada onun fəaliyyətinin Gürcüstan dövrünə qəti toxunmaq fikrimiz yoxdur, çünki o dövrün detalları hamıya yaxşı bəllidi. 

Yalnız onu deyəcəm ki, Ukraynaya dönəndən dərhal sonra Saakaşvili Rusiyanın da siyasi tok-şoularının qiyabi qəhrəmanına çevrildi. Teleaparıcıların intonasiyasında əvvəlcə təlaş sezilirdi. Amma bu, tez də çəkildi, çünki dəbə başqa mövzu mindi – hamı Saakaşvilinin Moskva ilə, Viktor Yanukoviçlə, hətta Petro Poroşenko ilə əlaqələrindən danışmağa başladı...  

Şaiyələr nə qədər əsaslı idi? Zənnimcə, M.Saakaşvili siyasətçi kimi ardıcıl qərbçidir. "Moskvanın adamı” olsaydı və Ukrayna hakimiyyətinin sərəncamında bununla bağlı sübutlar tapılsaydı onu heç ölkəyə buraxmaz və ya da dərhal həbs edərdilər.  

Təbii, birmənalı şəkildə məlum deyil ki, indiki halda o, Qərbçün nə qədər maraqlıdı, yaxud Avropa və ABŞ ona nə dərəcədə dəstək verirlər? Amma bir məqamla hamı razılaşır və biz də tənbəllik etmədən onu bir daha qeyd edirik: Saakaşvili həqiqətən "Rusiyanın adamı” olsaydı, ona, ən azı, dərhal qapını göstərərdilər... 

Düşünürük ki, Tbilisi məhkəməsinin qərarı Saakaşvili üçün daha bir "test” olacaq. Ukrayna hökuməti onu ekstradisiya etmək fikrinə düşsə, onda Saakaşvilinin arxasında kimin dayandığı və yaxud da dayanmadığı məlum olacaq. 

Hələliksə anlaşılan budur ki, Ukraynadakı ictimai-siyasi prosesləri diqqətlə izləyəndə özün də görürsən ki, M.Saakaşvili bu ölkəyə lazımdır və onun bu ölkədə siyasətlə məşğul olması üçün zərurət var, çünki islahatlar aparılmır, korrupsiya ölkənin inkişafını ciddi şəkildə ləngidir...  

Avropa strukturları, o cümlədən Avropa Birliyi dəfələrlə xəbərdarlıq edib, hətta hədələyiblər ki, belə davam edərsə, hətta assosiasiya sazişini də dayandıra bilərlər! Amma hələ də pozitiv dəyişikliklər yoxdur.

Təbii, obyektiv səbəblər də var: Ukrayna böyük və çoxmilyonlu ölkədir, burada solçu və xüsusən də rusiyapərəst meyllər olduqca güclüdür.  
Fəqət, az vaxt da keçməyib. Bu müddət ərzində ölkə iqtisadi və siyasi islahatlar baxımından çox irəliləyə bilərdi. Amma çox təəssüf ki, bu, baş vermədi.
Bəzən politoloqlar ABŞ-ı və digər ölkələri Kiyevə qarşı qeyri–səmimi münasibətdə qınayır, ölkənin uğursuzluqlarını, bir qayda olaraq, bununla bağlamağa çalışırlar.  

Amma elə ötən ilin sonlarında ABŞ dövlət katibi Reks Tillerson növbəti dəfə bildirdi ki, ölkəsilə Rusiyanın münasibətlərinin normallaşması bir əsas məsələdən–Ukrayna probleminin həllindən asılıdır...

Saakaşvilinin Rusiya ilə "əlaqə”lərinə gəldikdəsə, usanmaq bilməyən Kreml strateqləri ssenarilərində ona da yer ayırır və "Saakaşvili amili”ni də nəzərə almağa çalışırlar.

Birincisi, Saakaşviliyə emosionallıq, bəzən isə hətta siyasi avantürizm yad deyil. İkincisi, Saakaşvili ukraynalı deyil, gürcüdür və millətçi ruhlu dairələrin nəzərincə bu, onun böyük "minus”udur.

Ona görə də Kreml strateqləri ümidlidir ki, Saakaşvili özü də bilmədən onlara "kömək” edəcək; onun sayəsində cəmiyyətdə parçalanma daha da artacaq, siyasi proseslərdə radikalizm dominantlıq edəcək, siyasi -ictimai polyarizasiya güclənəcəkdir.

Amma düşünürük ki, bunlar da Saakaşvilinin məqsədyönlülük və mübarizlik kimi keyfiyyətlərinə kölgə salmaq iqtidarında deyildir. Bəli, o, dəfələrlə sübut edib ki, qətiyyətli və cəsarətli siyasətçidir.  

Digər tərəfdən, M.Saakaşvili siyasətdə yeni adam deyil, dəstəyi və özünə güvəncliyi olmasaydı belə işə girişməzdi. Bir daha ərz edirik ki, Ukrayna hökuməti onu Gürcüstana ekstradisiya etmək fikrinə düşərsə, onda Mixeilin siyasi resursları haqda daha bitkin təsəvvür yaranacaqdır.    
                     
İki-üç ay öncə onun Ukraynaya dönüşünü əks etdirən kadrları seyr edərkən özümüzdən asılı olmadan ölkəsindən "qovulmuş” və sonradan "qayıdış” immitasiya edən digər siyasətçilər də yadımıza düşdü. Saakaşvilini müşahidə edərək ixtiyarsız olaraq özümə deyirdim ki, bax, siyasətə və ölkəyə belə qayıdırlar! Bəli, həqiqətən çox düz deyiblər ki, siyasət nəcib qızlar klubu deyil...

Onun milli mənsubiyyətinə gəldikdəsə, özü də anlayır ki, belə bir mürəkkəb ölkənin birinci adamı olmaq üçün yetərincə  "ukraynalılaşmayıb”. Təsadüfi deyil ki, dekabrda bir neçə dəfə bildirdi ki, Ukraynanın prezidenti ukraynalı olmalıdır, o, isə baş nazir və yaxud Odessanın meri ola bilər.
 
Bizim üçün M.Saakaşvili fenomeni başqa planda da maraqlıdır. İlk növbədə o, ardıcıl "qərbçi” siyasətçi kimi maraq kəsb edir. Hətta buna görə də opponentləri onu daim tənqid edirdi və indi də edirlər.     

Onu uzağı görməməkdə qınayır, israr edirdilər ki, ən azı indiki dövrdə Qərblə bağlı ciddi planlar qurmaq üçün zəmin yoxdur, hətta bu, bir sıra ölkələr üçün çox təhlükəlidir.

Saakaşvili məsələsi bununla da tükənmir. Siyasət mümkün olanın sənətidir və bununla heç kim mübahisə etmir. Amma hələ M.Veber də yazırdı ki, əsl siyasətçi təkcə "mümkün olan”ının əsirinə çevrilməməli və daim ətrafındakı çərçivələri genişləndirməyə çalışmalıdı, əsk təqdirdə siyasət tamam statik sahə olardı və burada yenilik baş verməzdi.    

M.Saakaşvilinin bir neçə il bundan əvvəl  BMT-dəki çıxışı yadımıza düşür. O, Qarabağ problemindən də danışdı. Açıq şəkildə bəyan etdi ki, Rusiya heç bir halda Qarabağı Azərbaycana və ya Ermənistana verməyəcək, çünki bu kiçicik torpaq sehrli çubuq kimi ona hər iki ölkəni öz orbitində saxlamağa imkan verir. 
 
Elə onda da çoxu onu ittiham etdi ki, siyasətçi belə açıq danışmamalı və fikirlərini gizlətməyi bacarmalıdır. Bəziləri ona "siyasi kamikadze” adını da yapışdırdı!

Amma siyasətdə bəzən çılpaq həqiqəti də demək lazım gəlir, xüsusən də o halda ki, həqiqəti deməkdən savayı yol qalmır... 

Bəli, kimsə BMT-nin də tribunasından da Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestr və Krımla bağlı həqiqəti deməlidir! Bəli, kimsə siyasi karyerası ilə, hətta ola bilsin, rifahı və həyatı ilə risk edərək bunu etməlidir.

Qərəz, demək olmur, M.Saakaşvilinin siyasi Olimpə daha bir həmləsi necə başa çatacaq. Təəssüf ki, etirazların indiki miqyası hələ uzağagedən nəticələr çıxarmağa qəti imkan vermir. Hətta düşünürük ki, M.Saakaşvilinin bir "rəngli inqilab” da yarada bilməyəcəyi daha ehtimallı görünür. Amma o, müxalifətin ümumi işinə töhfə verə bilər ki, bunun özü də heç az deyil.    

Üstəlik, Tbilisi məhkəməsinin qərarı da göstərir ki, ukraynalı oliqarxlar onu prezident seçkiləri ərəfəsində ölkədən uzaqlaşdırmaq əzmindədirlər.  
 
Amma bir məsələ aydırndır: Mixeil təkcə ukraynalı oliqrax-məmurlar üçün deyil, həm də Rusiyanın imperialist dairələri üçün də möhkəm baş ağrısı olub. V. Putinin ötən ilki illik böyük mətbuat konfransında buna bir daha əmin olduq.  

Ona görə də multiplikatorlar "Mişa və Ayı” serialının da çəkilişinə start versələr, heç də pis olmaz.

Güman, ukraynalı oliqrarxlar da bunu duyurlar və tez zamanda "Saakaşvili məsələsi”ni həll etmək, özü də Gürcüstanın əli ilə həll ermək istəyirlər. 
Alınacaqmı?.. Prinsipcə, alına da bilər. Amma səs-küyü mütləq olacaqdır, bunu səssiz–səmirsiz həll etmək olmayacaq. Poroşenkonu da  qorxudan da budur – axı, Qərb olan-qalan krediti də kəsə bilər...