Ekonomiks 16:02 09.09.2019

Onlayn sifarişlər: 20 qəpiklik mal üçün onqat rüsum... (SƏBƏB)

Hesab edirəm ki, vətəndaş xaricdən sifarişinə "free” yazılan məhsul sifariş edibsə, o,burada heç bir əlavə haqq ödəməməlidir.

EkoNews xəbər verir ki, bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz onlayn ticarət sifarişlərində "free” yazılan məhsullara yerli poçt şöbələrində əlavə rüsum alınması məsələsinə münasibət bildirərkən deyib.

Ekspert Osman Gündüz bildirib ki, bu tariflər gömrük xidmətlərinə deyil, "Azərpoçt”a aiddir. O, son zamanlara belə problemlər haqqında çox eşitdiyini, məsələ ilə bağlı tam məlumatlı olmadığını, ancaq bu rüsumların məqsədəuyğun olmadığını hesab edib:

"Əgər poçt məhsulu evə gətirirsə, onda xidmət haqqı ödəmək olar, digər hallarda isə hansısa əlavə xərclərin olmasını istisna hesab edirəm”.
 


Bakının poçt idarələrindən birindən adının çəkilməsini istəməyən əməkdaşı isə bildirib ki, hər yarım kiloya qədəri üçün 1,8 manat rüsum alınır ki, bunun da bir hissəsi gömrük rüsumudur.

Bəs niyə bu sifarişlərə eyni qiymətlər tətbiq olunur? Məsələn, elə məhsullar var ki, çəkisi azdır, sifariş edərkən qiyməti burdakı poçt rüsumundan daha ucuzdur və bu alıcıya sərf etmir. Bu qiymətlər nəyə əsasən tənzimlənir? Az çəkili bağlamaların qiyməti niyə kiçik paket qiymətlərinə uyğun hesablanmır?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığımız məlumata görə, bu rüsumlar "Digər poçt xidmətləri üçün tariflər”in "Poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üçün tariflər” bölməsinin (4-cü bölmə) "Beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsi” maddəsinin (9-cu maddə) 1 və 2-ci bəndlərinə əsasən tariflər aşağıdakı kimi müəyyən olunub:

1.Çıxan beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsi;
1.1–ci yarımbəndi üzrə: qiyməti bəyan olunmuş göndəriş, kiçik paket və M kisəsinin hər biri üçün-0.80 manat;
1.2-ci yarımbəndi üzrə: bağlamanın hər biri üçün-1.00 manat;

2. Daxil olan beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsi:
2.1–ci yarımbəndi üzrə: qiyməti bəyan olunmuş göndəriş, kiçik paket və M kisəsinin hər biri üçün-1.40 manat:
2.2-ci yarımbəndi üzrə: bağlamanın hər biri üçün - 2.00 manat:

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və 01 fevral 2011-ci il tarixdən qüvvəyə minmiş "Poçt rabitəsi xidmətləri üçün tariflər”in 2-ci bölməsinin (Beynəlxalq poçt göndərişləri üzrə tariflər) 4-cü bəndinə uyğun olaraq kiçik paketlərə tariflər müəyyən olunmuşdur. Həmin tariflərin 3-cü bölməsində isə bağlamalar üçün tariflər müəyyən olunmuşdur. Bildiririk ki, bağlamalar sığortalı (qiymətli), kiçik paketlər isə sifarişli kateqoriyasına aid olduğu və beynəlxalq təcrübə əsas götürüldüyü üçün bağlamaların riski (oğurluq, itki, zədələnmə və sair) daha böyük olduğundan tariflər də fəqrli müəyyən olunmuşdur.

Qeyd edək ki, bu gün xaricdən internet vasitəsilə onlayn sifariş verdiyimiz məhsulları poçtlardan təhvil alarkən bizdən xidmət haqqı kimi əlavə pul alınır. Bu pul bəzən sifariş etdiyimiz saytlarda çatdırılma haqqından azad (free) yazılan məhsullarda da mütləq şəkildə baş verir. Halbuki çatdırılma haqları həmin şirkətlərin özlərinə aid olur və bəzən bizim sifariş etdiyimiz məhsul maya dəyərindən qat-qat baha başa gəlir. Məsələn, hansısa 20 qəpiklik bir bitki toxumu üçün 1,8 manat ödəməli olursan.

Günay İlqarqızı