Zaur Əliyev

Blogger
Yazılar
16
Opera və Balet Teatrı hansısa qadına görə tikilib?.. - Azərbaycanın sirləri

Opera və Balet Teatrı hansısa qadına görə tikilib?.. - Azərbaycanın sirləri

Bu günə qədər Azərbaycan tarixində belə bir fikir formalaşıb ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını Bakı neftinin hesabına varlanan Mayılyan qardaşları tikdirib. 

Öncə Mayılyan qardaşları barədə qısa məlumat verim. Mayılyan qardaşları Daniel, İvan (Hovannes) və Lazardan ibarət olmaqla üç qardaş olublar. Bakıya gələn zaman Mayılyan soyadlı qardaşlar beş il ərzində taxta sexində gecə-gündüz çalışır. Beş ilə bir milyon pul toplayaraq Mayılov qardaşları kimi Bakıda sənəd alırlar. O zaman Rusiya imperiyasının təəbəsi olaraq ov-yev soyadı daşıyanlara güzəşt olduğundan onlar soyadlarından "yan”ı götürüb "ov” edirlər. Bundan sonra onlar Bakı kəndlərində bir neçə torpaq sahəsi alır. Bəxtlərindən bu sahələrdə neft fontan vurur və dünənki taxta sexində işləyən qardaşlar neft milyonçularına dönürlər. Qardaşların əsas gəlirləri Bakıətrafı kəndlərdə yerləşən neft mədənlərindən gəlməkdə idi və bununla da dövrünün varlı sənaye kapitalistlərinə çevirilmişdilər. 

Neft sənayesi ilə yanaşı, Rusiya imperiyasının bazarındakı kürü biznesi də bir müddət Mayılov qardaşlarının nəzarəti altında olub. Qardaşlardan böyüyü Daniel əsas idarəçi idi və o pul qazanmaq üçün hər yola əl atırdı.  

O zaman şayiə yayılmışdı ki, məhz Bakıda belə bir gözəl binanın tikilməsi hansısa müğənni qadına görə baş verib. Guya bu binanın tikilməsi və xərci ermənilərə aiddir. Mərhum Manaf Süleymanov da o zaman dildə dolaşan bu söhbəti eşidib kitabında bu cürə yazdığına görə bir çoxları da buna istinad verirlər. Guya məşhur bir opera müğənnisi Bakıya gəlir, müxtəlif binalarda, Fond Birjasında, kazinoda, Nikitin qardaşlarının taxta sirkində konsertlər verir. Müğənniyə aşiq olan milyonçu  Daniel Mayılov ondan bir də nə vaxt konsert verməyə gələcəyini soruşduqda, müğənni cavabında, teatrdan kənarda çıxış etməyə alışmadığını və Bakıda belə bir bina olmadığını bildirib, "heç vaxt” deyir. Mayılov bir il ərzində binanı tikdirəcəyinə və onu yeni teatr binasının açılışına dəvət edəcəyinə söz verir. Bina tikilir və guya həmin müğənni qadın da Bakıda konsert verir.
Lakin bu, tetarın tikilməsi barədə şayiədən başqa bir şey deyil. Şayiələrdə adı çəkilən aktirasının adının Antonina Vasilyevna Nejdanova olduğu deyilir. Rus opera müğənnisi (lirik-koloratura soprano) olan Antonina Vasilyevna Nejdanova heç bir zaman Bakıda olmayıb. Hətta şayiələrdə guya onun Yaponiyaya getməsi və bundan bir il sonra Bakıya gəlməsi də deyilir. Əslində Antonina Vasilyevna Nejdanova heç bir zaman Yaponiyada da konsert proqramında iştirak etməyib. O, tez-tez Sankt-Peterburqdakı Mariinski Teatrında, eləcə də Kiyevdə və Odessada oxuyurdu. Bir sözlə Bakıya gəlməsi və onun üçün bu binanın tikilməsi barədə deyilənlər şayiədir. 

Bəs Mayılov qardaşları binanı nə üçün tikiblər?

Bakı nefti təkcə iqrtisadiyyatın hərəkətverici qüvvəsi deyildi. Bəli, neft bumu şəhərin həyatına bəzi narahatlıqlar gətirmişdi. Lakin eyni zamanda mədəniyyət və incəsənətin inkişafına da təkan verdi. Qastrol teatrları tez-tez Bakıya gəlməyə başlayanda opera teatrının tikilməsi zərurəti yarandı. Bakıya gələn sənət adamları Fond Birjasında, kazinoda, Nikitin qardaşlarının taxta sirkində konsert verirdilər və buna görə də Mayılov qardaşları Bakıda gəlir gətirən bir teatrın tikilməsinə qərar verirlər. Bu qərarla 1910-cu ldə Mayılov qardaşları Bakı meriyasına müraciət edirlər. Onlar öz torpaq sahələrində opera və balet teatrı tikmək qərarına gəlirlər. Əlbəttə ki, meriya razılıq verir. Bir il ərzində isə yeni teatrın binası tikilir. Nümunə kimi isə Milanın "Del Verme" teatrı götürülür. 

Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu günlərdə Tifilis şəhərində olan Hacı Zeynalabdin Tağıyev Bakıya qayıdanda bu barədə eşidir. Bunu eşidən Tağıyev bildirir ki, bir ilə daş bina tikmək mümkün deyil. Mayılov isə təklif edib ki, əgər binanın tikintisini vaxtında bitirə bilməsə, bina Tağıyevin adına keçəcək, çatdırsa, Tağıyev tikintinin bütün xərclərini ödəyəcək. Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar Nikolay Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Hacı Zeynalabdin Tağıyev binan vəd olunan vaxta qədər tikildiyi üçün söz verdiyi kimi, binanın inşaat xərclərini ödəyir.

Teatrın ilk tamaşası "Boris Qodunov” operası olub. Mayılov teatrında, əsasən, rus opera truppası oynayırdı (bəzən həftənin altı gününü). Teatrın icarədarı (antreprenyoru) Pavel Amiraqo idi. O, sərbəst, istədiyi vaxt, istədiyi səyyar rus truppaları ilə müqavilə bağlayırdı. Azərbaycan opera tamaşaları on beş gündə bir, ya da ayda bir dəfə Mayılov teatrı binasında göstərilirdi.

Tikildiyi zamandan bəri müxtəlif tarixi hadisələrə şahid olmuş, hətta yanğına uğramış bu möhtəşəm bina az qala yüz ildir bakılıları, həm də şəhərin qonaqlarını heyrətləndirməkdə davam edir. Sovetlərin gəlişindən sonra - 1920-ci ildə Birləşmiş Dövlət Teatrı kimi fəaliyyət göstərən teatr 1924-cü ildən müstəqil Opera və Balet Teatrına çevrilir.

Zaur Əliyev


OXŞAR XƏBƏRLƏR

X