Xəbər lenti

Opera və Balet Teatrında qalmaqal: Veteran solistin maaşı niyə kəsildi?
Sənət 14:56 07.04.2026

Opera və Balet Teatrında qalmaqal: Veteran solistin maaşı niyə kəsildi?

Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun 44 günlük Qarabağ müharibəsi veteranı, teatrın solisti Atəş Qarayevin aylıq əmək haqqını kəsdiyi iddia olunur. 

Bu barədə Qaynarinfo-ya açıqlamasında Atəş Qarayev özü məlumat verib. 

O, rəhbərliyin bu addımını özünə qarşı hörmətsizlik kimi qiymətləndirib:

"Yusif Eyvazov dünya şöhrətli opera ifaçımızdır. Onun bu teatra direktor təyin olunmasına çox sevindik. Dünya səhnələrində təcrübəsi var,  düşündük ki, orada qazandığı təcrübəni Azərbaycan teatrında tətbiq edəcək. Amma təəssüf ki, belə olmadı. Bizə qarşı qanunsuz qərarlar tətbiq olundu. Bildirildi ki, hər gün səhər teatra gəlib, işdə olduğumuza dair turubba rəhbərinin qeydiyyat kitabına imza atmalıyıq. Halbuki bizim əməkdaşlar məşqlər və dərslər olduqda işə gəlirlər. Birdən-birə tələb olundu ki, hər gün, hətta iş olmasa belə, teatra gəlib imza atmalıyıq. Biz buna etiraz etdikdə iclasda bildirildi ki, bu qərar nazirlik tərəfindən verilib. Sonradan digər teatrlarla əlaqə saxladıq və məlum oldu ki, belə bir qərar yoxdur. Həmin günlərdə uşağımı və valideynlərimi həkimə apardığım üçün işə gələ bilməmişdim. Rəhbərlik də bundan istifadə edərək 217 manat əmək haqqımı kəsib".
 


Atəş Qarayev bildirib ki, məsələ teatrın iclasında da müzakirə olunub:

"İclasda Xalq artistləri də bu qərara etiraz etdilər. Samir Cəfərov, Təyyar müəllim qeyd etdilər ki, Atəş teatrın veteranıdır və onun əmək haqqı kəsilməməlidir. Mən də Yusif müəllimə müraciət edərək bildirdim ki, veteranam, ailə başçısıyam, iki azyaşlı övladım var, kirayədə yaşayıram, kredit öhdəliklərim var. Aylıq maaşıma güvənirəm, onun da yarısını kəsiblər. Bu vəziyyətdə uşaqlarımı necə dolandırım?".

Solistin sözlərinə görə, teatrda əmək haqqı kəsilən digər şəxslərin sonradan vəsaiti bərpa olunsa da, onun maaşı qaytarılmayıb:

"Yalnız mənim maaşım qaytarılmadı. Niyə? Axı müharibədə mən iştirak etmişəm. Bu, açıq-aşkar ayrı-seçkilikdir. Digərlərinin maaşları bərpa olunduğu halda, mənimkini kəsmək ədalətsizlikdir. İclasda da qeyd olundu ki, biz isti evdə olanda Atəş ön cəbhədə döyüşürdü. Prezident dəfələrlə bildirib ki, veteranlara və qazilərə hörmətlə yanaşılmalıdır. Mən xüsusi münasibət yox, sadəcə kəsilmiş əmək haqqımın qaytarılmasını istəyirəm. Bu haqsızlıq məndə ciddi məyusluq yaradıb. Xahiş edirəm ki, pozulmuş hüquqlarım bərpa olunsun".

Bahar Rüstəmli
--> -->