Ekonomiks 23:43 07.08.2015

Oqtay Haqverdiyev: “Manat ucuzlaşmayacaq”

Dünya bazarlarında neftin qiymətinin getdikcə enməsi manatın yenidən devalvasiyaya uğrayacağı barədə fikirləri aktuallaşdırıb.


Hazırda gündəmin əsas suallarından, başlıca müzakirə mövzularından biri budur: manta yenə ucuzlaşa bilər.


Bəzi ekspertlər hesab edir ki, hazırda vəziyyət manatın əleyhinə dəyişir və növbəti devalvasiyanın olması gözləniləndir.


Bəs bu qənaət nə qədər əsaslndırılmış və ciddi hesab oluna bilər? Milli valyutamızı doğrudanmı ikinci “devalvasiya zərbəsi” gözləyir?


Bu sualı cavablandıran tanınmış iqtisadçı-ekspert Oqtay Haqverdiyev əksini düşünür. O deyir ki, manatı heç bir devalvasiya gözləmir.


O.Haqverdiyev bu fikirlərini virtualaz.org saytına açıqlamasında belə izah edib: “Məncə, heç bir devalvasiya gözlənilmir. Çünki manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Mərkəzi Bank isə bu məzənnənin sabit qalmağında maraqlıdır. Ona görə də sərt kredit siyasəti aparır. Buna əsasən düşünürəm ki, devalvasiya gözlənilmir”.


İqtisadçı neftin qiyməti ilə bağlı gözləntilərini də dilə bölüşdü: “Qiymət qalxa da bilər, düşə də. Bizim üçün qırmızı xətt 40 dollardır, hazırda isə neftin bir bareli  49 dollardan satılır”.


“Hazırkı qiymət daha da ucuzlaşsa, bunun təsiri necə olacaq” sualını cavablandıran O.Haqverdiyev hesab edir ki, bu halda büdcədə problemlər yaranacaq: “Ola bilər ki, ilin sonuna qədər büdcə kəsiri ÜDM-in 5-6 faizinə çatsın. Amma bunun əhaliyə heç bir təsiri olmayacaq. Çünki büdcə haqqında qanuna görə, büdcədəki sosial maddələr dövlət tərəfindən qorunur. Bura pensiyalar, əmək haqları, ayrı-ayrı müavinətlər daxildir. Yalnız dövlət xərcləri azala bilər. Bu da investisiya xərclərinə şamil olunacaq”.


O.Haqverdiyev son günlər bir neçə bankın bağlanmasına da münasibət bildirdi. O, bu prosesin davam edib-etməyəcəyi ilə bağlı suala cavabında dedi ki, bu söhbət neçə illərdir davam edir: “Nizamnamə kapitalı 50 milyon manat olmalıdır. Bir çox banklarda bu vəsait yoxdur, ona görə də onların lisenziyası alınmalıdır. Mərkəzi Bank onlara yenə də 6-7 ay vaxt verib, bu kapitalı toplaya bilməsələr, ya bank ləğv olunacaq, ya da birləşəcəklər. Ümumiyyətlə isə Azərbaycanda 15-17 bank olmalıdır”.



Qaynar.info