Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev bu gün iranlı həmkarı Səid Nəməki ilə telefonla danışıb.
Qaynarinfo xəbər verir ki, telefon danışığında O.Şirəliyev bildirib ki, əhalisinin sayı və mütəxəssisləri çox olan İran koronavirusla mübarizədə böyük nailiyyətlər əldə edib.
"Təklifimiz budur ki, iki ölkənin epidemioloqları və mütəxəssisləri arasında koronavirusla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsi üçün müştərək iclaslar keçirilsin”, - nazir O.Şirəliyev belə deyib.
O, əlavə edib ki, İran və Azərbaycan koronavirusla mübarizəyə eyni vaxtda başlayıb və ölkəmizdə İranda olduğu qədər olmasa da, gün ərzində 5-6 min nəfərdə test həyata keçirilir, bu isə Azərbaycanda virusa yoluxanların sayının diqqətə çarpacaq qədər azaldığını göstərir.
O.Şirəliyev Qoşulmama Hərəkatının son iclasından da danışıb və bildirib ki, Azərbaycan bu dövr iclasa sədrlik edib və bizim rəsmi mövqeyimiz bundan ibarətdir ki, pandemiya şəraitində yeni sanksiyaların tətbiqi qəbul olunmazdır. O, İranın koronavirusla mübazirə sahəsində əldə etdiyi nailiyyətlərə toxunub və İranın bu mərhələni geridə qoyacağına əminliyini bildirib.
Telefon danışığında iranlı nazir S.Nəməki koronavirusun geniş yayıldığı zaman İrana etdiyi yardımlara görə Azərbaycana təşəkkürünü bildirb və iki dost və qardaş ölkə arasında əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu dilə gətirib: "Biz İranın koronavirusla mübarizədə əldə etdiyi uğurlu təcrübələri Azərbaycanla bölüşməyə hazırıq. Azərbaycanın da təcrübələrindən istifadə edərik”.
Hər iki nazir ölkələrimizin koronavirusun idarəedilməsi sahəsindəki əməkdaşlığının bölgə üçün də faydalı olacağını qeyd edib.(APA)
Şərhlər