Hikmətin qətli ilə Azərbaycan Rusiya kimi nəhəng bir ölkədə “yeraltı dünya”nın ən nüfuzlu adamını itirdiAvqustun 18-də Türkiyədə kriminal aləmdə “Lotu Qoca” kimi məşhurlaşan Əlibala Həmidov öldürüldü. Bu qətllə son illər əsasən Rusiyada öldürülən azərbaycanlı “qanuni oğru”ların “qara siyahısı”na daha bir nəfərin adı əlavə edildi. Cinayət aləmində “qanunu oğru”nun bütün kodeksləri nəzərdə tutulsa da, onun ölüm yaşının həddi yoxdur. Amma o da faktdır ki, “qanuni oğru” çox uzun ömür yaşamır. Bəziləri müxtəlif qan düşmənçiliklərinin, bir qismi nüfuz uğrunda savaşın, bəziləri illərlə cəza çəkdikləri qazamatlarda “qazandıqları” xəstəliklərin, bəziləri hətta yanlış bir qurşunun qurbanı olurlar. Amma o da faktdır ki, bəzi nüfuzlu “qanuni oğru”lar bir sözləri ilə qan düşmənlərini barışdırır, bir hərəkətləri ilə bir ordunun edə bilməyəcəyi işi görə bilir, bir kağız parçasında yazdıqları üç-beş cümlə ilə bütün ölkənin həbsxanalarını qiyama qaldırır (və ya əksinə). Bu, qətiyyən şişirtmə və ya təbliğat deyil. Faktdır! Cinayət aləminin “qanuni oğru”larını məşhur edən həm də bu faktlardır.
“Qanuni oğru” həm də söz adamıdır, düz söz adamı. Şərt o deyil ki, bir yumruğunla 4 nəfəri yıxasan. Şərt odur ki, bir sözünlə 40 adama təsir edəsən. Bu mənada “qanuni oğru”nun sözü kriminal aləmdə həm də ən son sözdür. Kriminal aləmin romantikası yoxdur, amma məhz bu aləmi “qanuni oğru”lar cəlbedici edir. Baxmayaraq ki, hər gün öldürülmək riski var.
Azərbaycanda “oğru dünyası”nın yaranma tarixini bilən yoxdur. Sovet dövründə belə adamlar təkcə cəmiyyətə düşmən kimi təqdim edilmirdilər, onlar həm də sovet hökumətinin düşmənləri sayılırdı. Bu səbəbdən bəlkə də Şura hökumətinə qarşı çıxan Kərbəlayi İsmayıl obrazı (“Axırıncı aşırım” filmindəki) Azərbaycanda “kriminal film” kimi sevilir. Fərman Kərimzadənin bu filmini baxımlı edən məhz Kərbəlayi İsmayılın kişi sözləridir. Qəmlonu səhv hərəkətinə görə güllələyən Kərbəlayinin...Onun Abbasqulu bəylə söhbətində hər bir sözü bir hikmətdir. “Qanuni oğru” Hikmətə isə qayıdacağıq...
Kriminal aləmin müxtəlif adlar altında təşkilatlanması ölkəni böyük həbsxanaya çevirən Stalin dövrünə təsadüf edir. “Qara pişik” bandası, “obşak” və sair. Belə versiyalar var ki, həbsxanaları nəzarətdə saxlamaq üçün kriminal birliklərin - “obşak”ların yaradılması ideyası da həbsxana həyatı keçirmiş Stalinin tövsiyəsi ilə olub. Yalnız belə kompakt və nüfuzlu dustaqların birləşdiyi kriminal birliklərlə həmin böyük həbsxanalara nəzarət etmək olurdu. Ona görə də “kriminal aləm”in bütün jarqonları rus mənşəlidir.
Azərbaycanda həmin dövrlərdə qanunlarla problemli olan adamlar “qoçu” kimi tanınırdılar. Yəni onların başqa qanunları vardı.
“Qanuni oğru”larla bağlı ilk yeddi maddədən ibarət olan normativ sənədin bakılı kriminal avtoritet “Diktator Ağakərim” kimi tanınan Ağakərim Kərimov tərəfindən hazırlandığı və keçmiş Sovet İttifaqında yayıldığı deyilir (ray.az). “Diktator Ağakərim” 1924-cü ildə Bakıda anadan olub. Kriminal aləmdə “Boq Urala” kimi də tanınıb. İlk məhkumluğunu erməni zabitini öldürdüyünə görə yaşayıb. 1976-cı ildə məhkəmənin hökmü ilə güllələnib. Bundan başqa həmin dövrdə xüsusilə Bakıda bir neçə adlı-sanlı “qoçu”lar da olub ki, onlar indiki “qanuni oğru”ların ilk nəsil nümayəndələri hesab oluna bilərlər.
Azərbaycanın bir çox nüfuzlu “qanuni oğru”ları bu dünyadan köçüblər. Bir çoxu çox erkən bu həyatla vidalaşıb. Onlar haqda bir çox kitablar yazılıb ki, həmin nəşrlərdə müxtəlif xatirələr və xronoloji faktlar əks olunub.
Amma nəzərə almaq lazımdır ki, o insanlar sosial statuslarından asılı olmayaraq, ən əvvəl azərbaycanlıdırlar, onların çoxu heç kimin tanımadığı kənd-şəhərlərinin adını tanıdıb və ölkəmizin hüdudlarından kənarda da hörmət qazanıblar.
Azərbaycan kiçik ölkədir, bəzən bir (oğrunun yox) oğlunun adına görə (nə dəxli var onun həbsxana keçmişinin) baş əyiblər, hörmət ediblər, sözünü eşidiblər. Bir kimsəsizə, Rusiyanın ən ucqarında başqa bir millətlər “filan yaxşı oğlanın həmyerlisidir” deyib hörmət ediblərsə, bunu da unutmaq olmaz.
Qətlə yetirilən “qanuni oğru”lar haqda yazıların sıralanması “1" və digər rəqəmlərə ayırmayacağıq. Sadəcə, toplayıb cilalıya bildiyimiz materialları təqdim edəcəyik. Onların hamısı haqq dünyasına qovuşublar və hamısı Haqqın dərgahında bir sıradadır...
Hikmət Azərbaycanın ən nüfuzlu “qanuni oğru”ları sırasında Hikmət Muxtarovun - “ Sabirabadlı Hikmət”in xüsusi yeri və çəkisi var.
Muxtarov Hikmət Məmmədqulu oğlu 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkənd kəndində anadan olub. Onun haqqında Vikipediya materiallarında yazılır ki, 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Bakı Şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və ilk məhkumluğunu yaşayıb. Üç il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı koloniyada və Xələcdə çəkib.
1981-ci ildə yenidən həbs olunub. Sabirabadda kasıbı incitdiyinə görə bir nəfəri cəzalandırdığından yenidən 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu dəfə cəzasını Rostov ttp://az.wikipedia.org/wiki/Rostov düşərgəsində çəkib. Həbsxanada “oğru qanunları” yaratdığı üçün dörd dəfə ardıcıl “karser”ə salınıb. Dördüncü cəzalanma müddətində aclıq aksiyasına başlayıb və düşərgədəki bütün dustaqların ona qoşulması işinin üstünə 3 il də əlavə olunması ilə nəticələnib.
“Böyük qardaş” ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq ttp://az.wikipedia.org/wiki/Sankt-Peterburqda və Vorkuta həbsxanalarında da cəza çəkib.
1997-ci ildə Bakı şəhərində həbs olunub və iki gün sonra azadlığa buraxılıb. 2001-ci ildə cibindən narkotik vasitə heroin “tapılıb” və 8 il azadlıqdan məhrum edilib. Bir il üç aydan sonra əməlində cinayət tərkibi tapılmadığından həbsdən azad edilib. Keçmiş SSRİ-də sayılıb-seçilən klassik “vor”lardan biri olub.
Hikmət Rusiyanın kriminalitetində çox böyük nüfuza malik olmaqla yanaşı, Moskvadakı azərbaycanlılar arasında da adla tanınan şəxslərdən biri idi. Onu tanıyanlar Hikmətin hamıya eyni dərəcədə xoş gəlməyi bacaran, hərəkət və davranışı nəzakətli, təmiz insan kimi xarakterizə ediblər. O, “oğru qanunları”nın tələb etdiyi təmiz həyatı yaşayır, azərbaycanlı “qanuni oğru”ların əksəriyyətinə “böyük qardaş”lıq edirdi. Bu səbəbdən də 2006-cı il aprelin 6-da Moskvanın Leninqrad şossesi, 12 ünvanda ona atılan güllələr Azərbaycanda onu tanıyan, hörmətini saxlayan adamları da “yaraladı”. Hikmətin qətli ilə Azərbaycan Rusiya kimi nəhəng bir ölkədə “yeraltı dünya”nın ən nüfuzlu adamını itirdi. Hikmətlə hətta dövlətdə yüksək post tutan adamların da yaxınlığı və hörmət etməsi təsadüfi deyildi. Onu “yuxarılar”da da sayır və eşidirdilər.
2006-cı il aprelin 6-da axşam saat 20.30-da “Sabirabadlı Hikmət” əfsanəsi bitdi. Bu xəbər təkcə Azərbaycanda deyil, bütün keçmiş sovet məkanında geniş əks-səda doğurdu. Ofisdən çıxaraq binanın yanında saxlanmış “Mercedes-500" markalı avtomobilinə oturarkən qəflətən avtomobilə tərəf qaçaraq gələn şəxs ”Kalaşnikov" avtomatından atəş açır. Hikmət gülləbaranda başından və sinəsindən yaralar alır, elə oradaca keçinir.
“Sabirabadlı Hikmət”in qətli vətəni Sabirabadı yasa bürüdü. Toylar belə təxirə salındı, avtoritetin nəşi kriminal aləmin bir çox tanınmış simasının iştirakı ilə torpağa tapşırıldı.
“Lotu Hikmət”in qətlə yetirildiyi “Mercedes”in rəsmi sənədlərdə “Crocus İnternational” holdinqin təsisçilərindən birinə məxsus olduğu üzə çıxdı. Həmin holdinqə isə “Tvoy Dom” hipermarketləri, “Crocus City Mall” ticarət kompleksi, zinət və habelə bahalı geyim butikləri, çox bahalı ayaqqabı dükanları, sərgi mərkəzləri və tikinti şirkətləri daxil idi.
“Böyük qardaşın” qətlindən sonra Azərbaycanın “qanuni oğru”larının mövqeyi Rusiyada xeyli zəiflədi. Bu qətlin arxasında kimlərin dayandığı haqda hələ də müxtəlif versiyalar dolaşır. Bu versiyalar həm də dolaşıqdır. Rusiyada yüzlərlə həmyerlimiz qətlə yetirilsə də, həmin cinayətlərin üstü bu günədək açılmayıb. İstər Rusiya, istərsə də digər dövlətlərin xüsusi xidmət orqanları kriminal aləmi ciddi nəzarətdə saxlayırlar. Onlar “içəri” yerləşdirdikləri adamlar (kriminallar buna “musor” da deyir) vasitəsilə hadisələrə nəzarət etməklə yanaşı, süni konfliktlər yaradır, kimisə “şişirdir”, kimlərisə “tormazit” edirlər, hətta qətlini də təşkil edirlər. Bu praktika saysız - hesabsız kriminal və etnik kriminal birliklərin fəaliyyətdə olduğu Rusiyada daha çox tətbiq edilir. Ruslar yaxın respublikaların xüsusi xidmət orqanları ilə bu məsələdə əməkdaşlıq da edirlər, “qarşılıqlı sifarişlər” icra edilir. Kriminal aləmdəki qarışıqlıq bəzən düşmən gülləsinin haradan gəldiyini tapmağı mümkünsüz edir. Məsələn, “Lotu Hikmət”lə də yaxşı münasibətləri olan Vyaçeslav İvankovun (“Yaponçik”) zəhərli güllə ilə vurulması və bütün müalicələrə baxmayaraq, vəfat etməsinin sirri bu günədək də açılmayıb. Onlarla şübhəlinin adı çəkilsə də, bu qətlin arxasında əslində kimin dayandığı və onu kimin törətdiyi məlum deyil. “Sabirabadlı Hikmət” in də qətlində bu müəmmalar var.
Fakt odur ki, Hikmətdən bir daha olmayacaq.
“Həyatda əsas odur ki, qəbirə təmiz adam kimi gedəsən, ondan böyük nemət yoxdur. Mən həmişə demişəm, öğru gərək oğru kimi ölsün" deyən “Sabirabadlı Hikmət”dən...
musavat.com









Şərhlər