Xəbər lenti

Orxan Zeynalovun Breyvikdən fərqi... - ANALİZ
Hüseynbala Səlimov
Ölkə 10:30 19.10.2013

Orxan Zeynalovun Breyvikdən fərqi... - ANALİZ

Moskvada törədilən qətl hadisəsi və azərbaycanlının bunda şübhəli bilinməsi sözsüz ki, son bir neçə gündə bütün digər xəbər və məlumatları kölgədə qoydu.

 
İnsanlar qəzəblidirlər, həm Moskvada, həm də Bakıda. Moskvada ona görə qəzəblidirlər ki, həqiqətən də çox müdhiş bir cinayət baş verib- insan öz şəhərində, öz rəfiqəsini ötürərkən vəhşicəsinə qətlə yetirilib.
 
Bakıda ona görə qəzəblidirlər ki, hətta cinayətkarın, təqsirli bilinənin də müəyyən hüquqları var və o, saxlanılarkən bu hüquqlar gözlənilməli, qəsdən milli ehtirasları qızışdırmaq, hansısa konyuktur siyasi məqsəd və gözləntiləri təmin etmək üçün bu hadisədən istifadə edilməməlidir.
 
Nə demək olar? Hər iki tərəf öz iddiasında haqlıdır. Bəlkə də bu günlərin ikiqat günahkarı hüquq-mühafizə orqanlarıdır. Onlar nə adi vətəndaşı qoruya bilirlər, nə də cinayətkarla qanun çərçivəsində davranmağı bacarırlar.
 
Qətli törətdiyi güman edilən O. Zeynalov birbaşa Rusiya daxili işlər nazirinin qəbuluna gətirildi. Bunun özü qeyri-adi bir hadisə idi. Sanki adi bir insandan, bəlkə də adi bir göyərti satandan Bin Laden düzəltmək istəyirdilər.
 
Bir vaxt, cəmi bir-iki il bundan əvvəl Norveçdə A. Breyvik onlarla insanı qətlə yetirdi. O vaxt da dünya mediasının baş xəbəri məhz bu hadisə idi. Amma həmin günlərdə hüquq-mühafizə orqanlarının, polislərin bircə dənə belə olsun qanundan kənar hərəkətini müşahidə etmədik.
 
Niyə polis lap hind filmlərindəki kimi yalnız cinayətkarlar saxlanılandan, hətta cəzalandırılandan sonra peyda olur? Adətən belə iddialar səsləndirərkən qayıdırlar ki, polis orqanları da hələ keçid dövrünü yaşayır və s. və i.

Xüsusən cinayətkar bilinən şəxs saxlanılandan sonra, polisə heç bir müqavimət göstərmədiyi halda ona qarşı zorakılıq edilməsi tam yolverilməz hadisə hesab olunmalıdır.

Keçmiş SSRİ ölkələrinin hamısı böyük polis kütləsilə başqa ölkələrdən həmişə fərqləniblər. Moskvada bir addım atmaq olmur və hər addımda polisə rast gəlirsən. Bəs niyə polis lazım olan yerdə, potensial cinayət törədilə bilinən məkanda peyda olmur?
 

Amma polis üçün nə keçid dövrü? O sovet dövründə nə işlə məşğul olurdusa elə indi də həmin işlə məşğul olmalıdır-cinayətin qarşısını almağa çalışmalıdır.
 
BİR DAHA F. DOSTOYEVSKİNİ OXUYARKƏN…
 
Ruslar öz ədəbiyyatlarına çox həssasdırlar. Güman ki, bununla hamı razılaşar. Onlar ədəbiyyatlarını milli bir fenomen hesab edirlər. Elə bu yazını yazanda da yadıma F. Dostoyevski düşdü və xüsusən də onun «Cinayət və cəza» romanını xatırladım.
 

F. Dostoyevski mərhəmət aşılayırdı. Az qala cinayətkar Raskolnikovun cildinə girərək onun yaşantılarını bircə-bircə özü yaşamağa çalışırdı.
 
Burada L. Tolstoyun P. Karatayevini də yada sala bilərdik. Amma məsələ bunda deyil, bəlkə də misalların sayı biz bildiyimizdən də çoxdur.
 
Əsas nədir? F. Dostoyevski Raskolnikovun islah olunacağına inanırdı, onu bu yola doğru çəkirdi. F.Dostoyevski D.Karamazovun, İ.Karamazovun da fikirlərini başa düşməyə cəhd edirdi. Bəs indi nə baş verir?
 
Niyə adi rus adamı bu yüksəklikdən enib? Niyə o inana bilmir ki, hətta cinayətkar da insandır, ondan qala təqsirli bilinən ola, təqsiri hələ sübut edilməmiş bir şəxs ola?..
 
Bir neçə dəfə yazmışıq ki, ədəbiyyatın da sosial missiyası bir mifdir. Bəlkə səbəb bundadır? Bəs onda insanlar niyə oxuyur? Nədən normal insanın əlində həmişə kitab görmək olur?

Çətin suallardır. Heç F. Dostoyevski də bu suallara axıra qədər cavab tapa bilmədi.
 
Sözsüz ki, bu günlərdə Bakıda deyilənlərin, söylənilənlərin də hamısı doğru deyil, bunların da içində haqsız iddialar var. Bunu heç kim inkar etmir.
Hüquq bir tərəfə, mədəniyyət də başqasının haqqını tanımaqdan başlayır.
 
Amma haqq da bütün insanlara verilib. Birinin haqlarını tanıyıb, digərinin haqqını tanımamaq da düz iş deyil.
 
Dərindən fikirləşəndə görürsən ki, normal hüquq özü hər bir şeyi yerbəyer edir. Hüquq insanları qanuna münasibətdə təsnif edir və bir çox hallarda bu təsnifat hüdudlarında davranmağın özü kifayət edir ki, insanları hiddətləndirməyəsən.
 
Görəsən, bunu Rusiya polisi, prokuroru, xüsusən də naziri bilmirmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Hüseynbala Səlimov

Azadlıq radiosu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->