Xəbər lenti

Orxanın atası: “Attestatla bağlı polisə çağırılmışam” (VİDEO)
Video 14:42 21.08.2019

Orxanın atası: “Attestatla bağlı polisə çağırılmışam” (VİDEO)

Ali məktəblərə qəbul olanların qeydiyyat prosesinin bitməyinə 6 gün qalıb. Tələbə olmaq xəbəri ilə gündəm yaradan Orxan Bağızadə isə attestatının özündə olmaması səbəbindən hələ də qeydiyyatdan keçə bilməyib. 

Orxan "Qafqazinfo”ya müsahibəsində atasının onun oxuya bilməməsi üçün attestatını gizlətdiyini, buna səbəb kimi ailədaxili münaqişələrinin olduğunu bildirmişdi. Sözügedən müsahibədən sonra Orxanın atası Natiq Bağıyev "Qafqazinfo”ya oğlunun ona şər atdığını, attestatın atada olmadığını iddia edib:

"Mən fəhlə adamam və uşaqlarımı çətinliklə böyütmüşəm. Hərbi komissarlıqdan zəng edib, uşağı dəvət edəndə mən əsəbiləşib dedim ki, o hələ universitetə gedəcək. İstəməyən ata belə edər?

Mənim bu söhbətlərdən xəbərim olmayıb. Sadəcə attestatla bağlı polisə çağırılmışam, onda da demişəm məndə deyil. İşlədiyini deyir, yalandır. Bütün qonşular, iş yoldaşlarım şahiddir. Sadəcə uşaqların xalası, nənəsi qızışdırıb üstümüzə göndərir ki, yaşadığımız evi əlimizdən alsınlar. 

Mənim çörək ağacım olan alətlərimi, balaca bacısının telefonunu evdən aparıb satıb, borcları boynuna yığıb. Axırıncı gün evə içkili gələndə mən onu vurdum. 

Attestat verməyən ata, niyə tələsik şəxsiyyət vəsiqəsini alır ki, oğlu imtahana getsin?! İmkanı yoxdursa, əlində bahalı telefon, qulaqlıq, əynində təzə paltarlar hardandır? Bir aydır, işə düzəlib. Madam ki, haqqımda belə iftiralar yayır, mən də bu işi məhkəmə yolu ilə həll edəcəm”.

Orxanın təhsil aldığı 68 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Əmiraslanov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, məktəbdə tərbiyəli uşaq kimi tanınıb:

"Biz ona lazım olan bütün sənədləri vermişik ki, 10 günə attestatının dublikatını çıxarsın. Orxan da, qardaşları da tərbiyəli uşaq olub. Oxuyan olmasa, heç bir hazırlığa getmədən o balı toplaya bilməzdi. İndi ailə daxilində nə söz söhbət olub biz deyə bilmərik. Ancaq atası da həmişə onunla maraqlanıb, məktəbə gəlib-gedib. Elə bu söhbətdən sonra da gəlmişdi. And içir ki, attestat onda deyil”. 

O. Bağılının problemi ictimailəşdikdən sonra çoxsaylı vətəndaş ona maddi dəstək göstərmək istədiyini bildirib. Onlardan biri də aktrisa Mehin Hümbətovadır. 

ADU THİK-in sədri Şahin Sərdarlı sosial şəbəkədə bildirib ki, artıq Mehin Hümbətova bu gün universitetə gələrək tələbə Orxanın bir illik təhsil haqqını ödəyib. 

Bundan başqa, Ş. Sərdarlının sözlərinə görə, Orxana bir semestr boyunca hər ay 100 manat təqaüd və yemək talonları veriləcək. Həmçinin, onun üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə də universitet kömək edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->