Rusiyanın paytaxtı Moskvanın Brulyova rayonunda öldürülən Yeqor Şerbakovun valideynləri oğullarının qətlində şübhləi bilinən azərbaycanlı Orxan Zeynalovun həbsindən danışıblar.
Qaynar.info Modern.az-a istinadən xəbər verir ki, NTV telekanalına açıqlamasında Yeqor Şerbakovun atası Orxan Zeynalovun yaxınlarının görüş təklifinə razılıq verib.
O, Orxan Zeynalovun həbsində valideynlərinin günahsız olduğunu deyib.
“Onlarla görüş məsələlərini müzakirə eləməyə hazırıq. Mən onun valideynlərini başa düşürəm. Onlar da valideyndirlər. İstəməzdilər belə hadisə olsun. Onlar da bir oğul böyüdüblər. Bu mənim üçün çox ağırdır. Təəssüf ki, belə bir hadisə baş verib. Onların övladları həbsxanaya düşüb, biz də oğlumuzu itirmişik”.
Yeqor Şerbakovun anası oğlunun ölümündə Orxan Zeynalovu təqsirli bilib. Göz yaşlarına hakim ola bilməyən qadın bildirib ki, Orxan Zeynalov bu hərəkəti ilə bütün azərbaycanlıların adına xələl gətirib.
“Orxan bu hərəkəti ilə təkcə özünə, ailəsinə qarşı yox, millətinin adına zərər vurdu. O bu hərəkəti ilə Qafqaz xalqlarının adına zərər vurdu. Biz hazırlaşırdıq ki, oğlumuzun toyu olacaqdı. Yaxın vaxtlarda onu evləndirəcəydik”.
Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı Orxan Zeynalov Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində şübhəli bilinir.
Qaynar.info
Şərhlər