Çox sağ ol, ata… – Zülfü Hacıyev haqqında

Çox sağ ol, ata… – Zülfü Hacıyev haqqında

Məni dünyaya gətirən ana, ruhun şad olsun. Bu gün yenə atamla lap elə uşaqlıqda olduğu kimi gəzməyə çıxdıq. Atam ilk olaraq mənə "gedəcəyimiz ünvan haradır?” – deyə sual verdi. Yadında, anam, uşaqlıqda mən verərdim bu sualı. Dedim ki, ata, gəl ənənəni pozmayaq, fəxri xiyabana gedək və sən mənə yenə də tarixi şəxsiyyətlərimizi tanıt.

İlk addımımızı soy adımızın layiqli nümayəndəsi xalq şairi Cabir Novruz tərəfə atdıq. Bu xiyaban mənim ilk orta məktəbim olub desəm yanılmaram. Sonralar da Cabirimin yatdığı torpaq kimi sevmişəm bu məkanı. Bəlkə də çoxunuza təəccüblü gəlir ki, bu gənc insan niyə hansısa qəbristanlığı sevir. Əzizlərim, siz uşaqlarınıza əcdadlarınızın yatdığı torpağı mütləq tanıdın, tanıdın ki, onlar vətəni sevərək qorusunlar.

İlk dəfə mənim atam bu xiyabana gələndə "gəl gedək, bala, sənə şəhidlərimizin də məzarını göstərim" demişdi. Buranın Şəhidlər Xiyabanına yaxın olduğunu düşünən uşaq Günay isə – gedək deyə düzəlmişdi xiyabanın qapısına doğru. Sən demə, atam şəhid deyib mənə göstərəcəyi Qarakənd faciəsində dünyasını dəyişmiş şəhidlərimiz imiş. Bu məzar daşlarının hər biri xalqımızın qeyrət obrazıdır. Jurnalist olmaq istədiyim uşaqlıq illərimdə, lap elə sonralar AzTV-də işləyəndə də mənə doğma olan həmkarlarım Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, haqqında məlumatlar toplayıb, verilişlər hazırlamışam. Hər dəfə bu şəhidlər haqqında danışanda düşünürdüm ki, görəsən atamın hər dəfə xiyabana gələndə məzarına mehriban addımlarla yaxınlaşdığı Zülfi Hacıyev kimdir? Sonralar el arasında onun haqqında olduqca müsbət fikirlər eşitdim.

Atamın yaxın münasibətdə olduğu bu şəxsiyyət sən demə doğulub boya-başa çatdığım Sumqayıt şəhərinin çox hörmətli rəhbərlərindən biri olub. Sumqayıt camaatını dilləndirəndə: "Allah o kişiyə qəni-qəni rəhmət eləsin, Sumqayıtda xeyir-şər evlərini o tikdirdi”- deyirlər. Sumqayıt əhlinin xeyirində və şərində rəhmət qazanan bu adamı bir az da yaxından sizə tanıtmaq keçir könlümdən.

Zülfü Hacıyev 21 mart 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirib. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıdıb, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan Qırmızı Əmək Bayrağı Ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilib.

O, Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri, Naxçıvan Nazirlər Sovetinin sədri, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışıb, plenum üzvü, Ali və yerli sovetə deputat seçilib. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Zülfü Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt, həm də, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsinin üzvü olub, son vaxtlar isə həmin komitəyə sədrlik edib.

O həmçinin "Qırmızı Əmək Bayrağı” ordeni, "Xalqlar Dostluğu” ordeni, "Şərəf Nişanı” ordeni, Azərbaycanın əməkdar inşaatçısı adlarını da hələ sağikən qazanıb. Ölümündən sonra ürəklərdə gözəl insan kimi qalan Zülfi Hacıyev həm də, yaddaşlarda xalqının qəhrəman oğlu kimi qalıb. Bu gün də Sumqayıtda on dörd il işlədiyi trest, tikdirdiyi on beş orta məktəbdən biri, saldırdığı ən geniş, yaraşıqlı küçələrdən biri onun adi ilə bağlıdı.

Həmcinin Sabirabadda bir orta məktəb və Gəncə şəhərində küçələrdən biri onun adını daşıyır.

Bu gün atam Novruzov Novruzqulu kişi məni daha bir dahi şəxsiyyəti bir az da olsa yaxından tanımağa və tanıtmağa sövq etdi. ÇOX SAĞ OL, ATA.


 
 Günay Novruz
 
XƏBƏRLƏR
BLOGLAR