ABŞ kollec müəllimləri Z nəsli (zumerlər) tələbələrinin hazırlıq səviyyəsinin aşağı olmasından getdikcə daha çox narahatlıq ifadə edirlər.
Qaynarinfo xəbər verir ki, "Libertatea" nəşrinin yazdığına görə, məktəblərdən məzun olan gənclər arasında hətta nisbətən sadə mətnləri oxumaq və qavramaqda ciddi çətinlik çəkənlərin sayı artır. Müəllimlərin fikrincə, problem artıq o qədər geniş miqyas alıb ki, universitetləri tədris yanaşmalarını yenidən nəzərdən keçirməyə və faktiki olaraq akademik tələbləri azaltmağa məcbur edir.
Pepperdine Universitetinin humanitar elmlər müəllimi Cessika Quten Vilson nəşrə bildirib ki, vəziyyət təkcə tənqidi düşüncə problemləri ilə məhdudlaşmır. Onun sözlərinə görə, bir çox tələbə oxuma prosesinin özündə çətinlik yaşayır.
Məqalədə qeyd olunur ki, getdikcə daha çox tələbə universitet təhsili üçün yaxın keçmişdə normal hesab olunan həcmdə məcburi mətnləri mənimsəyə bilmir. Müəllimlər bunu yalnız maraq çatışmazlığı ilə deyil, həm də diqqətin cəmlənməsi və koqnitiv dözümlülüyün azalması ilə izah edirlər. Vilson etiraf edir ki, bəzən dərs zamanı materialları ucadan oxumağa məcbur olur, çünki tələbələrin həmin mətnlərlə əvvəlcədən tanış olduqlarına əmin deyil.
Nəşrin yazdığına görə, ayrıca problem süni intellektdən aktiv istifadə ilə bağlıdır. Bir çox tələbə ilkin mənbələri tam oxumaq əvəzinə, böyük mətnlərin avtomatik yaradılmış xülasələrinə üstünlük verir.
"Bu gün onlara müəyyən həcmdə oxu materialı versəniz, çox vaxt bununla nə etməli olduqlarını bilmirlər”, deyə "Notre Dame" Universitetinin ilahiyyat professoru Timoti O'Melli şikayətlənir.
Məqalədə təqdim olunan məlumatlar problemin daha geniş xarakter daşıdığını göstərir. Amerikalıların təxminən yarısı 2025-ci il ərzində bir dənə də olsun kitab oxumayıb. Gənclər əvvəlki nəsillərlə müqayisədə xeyli az mütaliə edirlər.
Müəllimlər hesab edirlər ki, problemin köklərini hələ məktəb dövründə axtarmaq lazımdır. Onların sözlərinə görə, şagirdlər getdikcə daha çox düşünərək oxumağa deyil, əsas məlumatları tapmaq üçün mətnləri sürətlə "skan etməyə” öyrədilir. Buna görə də universitetlərdə tədris metodikalarını dəyişmək lazım gəlir. Eyni zamanda, Vilsonun vurğuladığı kimi, məqsəd dəyişməz qalır: keyfiyyətli təhsili təmin etmək. Sadəcə, buna nail olma üsulları müəyyən düzəlişlər tələb edir.
Məqalə digər narahatedici tendensiyaya da diqqət çəkir. Kaliforniya Universiteti sistemindən 1100-dən çox riyaziyyat və təbiət elmləri müəllimi standartlaşdırılmış qəbul imtahanları olan SAT və ACT testlərinin geri qaytarılmasına çağırıb. Onlar bildirirlər ki, birinci kurs tələbələrinin getdikcə daha böyük hissəsi biliklərində o qədər ciddi boşluqlarla universitetə daxil olur ki, müəllimlər orta məktəb səviyyəsindəki materialları yenidən izah etməli olurlar.
Ekspertlər xəbərdarlıq edirlər ki, təhsil sistemi yeni çağırışlara uyğunlaşmasa, nəticədə akademik standartların daha da aşağı düşməsi, dəqiq elmlər üzrə məzunların sayının azalması və gələcək mütəxəssislərin hazırlıq səviyyəsinin ümumi şəkildə zəifləməsi baş verə bilər.
Aydın
Şərhlər