"DÇ-2017"də Peru millisinin baş məşqçisi olan argentinalı Rikardo Qaresa ilə məşhur narkobaron Pablo Eskobarın yollarının bir zamanlar kəsişdiyi otaya çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Perunun "El Popular" qəzeti yayıb. Qəzet Eskobarın killerlərindən biri olmuş Xon Xairo Vasquezdən müsahibə alıb.
Onun sözlərinə görə, 1988-ci ildə Eskobarın rəqibi olan Kali karteli onu öldürmək üçün içində 80 kiloqram partlayıcı olan avtomobillə binaya hücum təşkil edib. Lakin Eskobar və ailəsi bu sui-qəsddən sağ çıxmışdılar. Bu hadisədən sonra Eskobar Kaliyə qarşılıq vermək üçün hədəf olaraq "America de Cali" futbol klubunu seçib. Perunun hazırkı baş məşqçisi Rikardo Qaresa da o zaman həmin komandada forma geyinirdi.
İddialara görə, Eskobar bu tapşırığı "Popeye" ləqəbli killeri Xon Xairo Vasquezə həvalə edib. Lakin futbola olan sevgisi səbəbindən daha sonra bu fikrindən daşınıb. O dövrdə Eskobarın "America de Cali"nin bəzi futbolçularını qaçırdığı və rəqib kartelin razılaşmaması səbəbindən futbolçu Pedro Sarmientonun ailəsini öldürdüyü məlumdur. Ailəsini itirsə də, özü həyatda qalan Sarmiento bundan sonra 37 dəfə Kolumbiya millisinin formasını geyinib.
O dövrdə Kolumbiyada futbol kartellərin nəzarətində idi. Eskobar "Independiente Medellin", şəriki Qonzalo Rodriquez Qaça da "Millonarios" klubuna nəzarət edirdi.
Şərhlər