Dünya 16:30 27.11.2020

Paşinyan niyə özünə zidd olan adamı nazir təyin edib? - Hərbi ekspert

"Ermənistanda Paşinyanla işləmək arzusunda olanlar azalıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın yeni İqtisadiyyat naziri Vahan Kerobyanın təyinatını şərh edərkən deyib. Ekspert hesab edir ki, Ermənistan uçurumun astanasındadır: 

"Vahan Kerobyan əvvəlcə deyirdi ki, bu ordu ölüb, indi də isə Paşinyan götürüb onu nazir müavini qoyub. Hamıya da maraqlıdır ki, Paşinyan niyə özünə zidd olan adamı hakimiyyətə gətirib. Bunun bir səbəbi var - vəzifəyə təyin etməyə adam qalmayıb. Bu gün vəzifəyə təyin ediləni sabah işdən çıxardır. Hamı bilir ki, Ermənistan uçurumun kənarındadır. Paşinyan hakimiyyətdə qalacağı təqdirdə ölkə bu bir addımı da önə atıb uçurumdan yuvarlanacaq”. 
Ekspert qeyd edib ki, heç kim, hətta müxalifət partiyaları belə hazırda mitinqlərini hakimiyyətə gəlmək uğrunda mübarizə kimi istiqamətləndirmirlər:
"Aparılan mübarizə sadəcə Paşinyan cinayətləri və ordunun hərəkətlərinə, yəni onlar "niyə bu qədər ərazi düşmənə asanlıqla verildi” sualına cavab axtarırlar. Hüquqi cəhətdən həm Paşinyanın, həm də hərbi rəhbərliyin cəzalanmasına daha çox meyillidirlər. Bu isə bəlli mənada bizi qane edir. Biz də həmin rejimin cinayətkar və apardıqları mübarizənin Azərbaycana qarşı soyqırım olduğunu, Gəncə, Bərdə hadisələrini buna bağlamaq istəyirik. Artıq ermənilər bu istiqamətdə addımlar atırlar”.
 
 

Ədalət Verdiyev Ermənistanda hakimiyyətə gələcək insanların qalmadığını da vurğulayıb:

"Paşinyan öz ətrafındakı, xüsusi ilə də tanınmış insanların müharibə ilə bağlı səsləndirdiyi fikirlərdən xəbərdardır. O, belə bir adamı gətirirsə, deməli, vəzifəyə gətirməyə şəxs qalmayıb. İkincisi, vəzifəyə gətiriləcək insanların arasında bu vəzifəni tutmaq istəyənlər yoxdur”. 

Bahar Rüstəmli