Asif Nərimanlı

Blogger
Yazılar
87
Paşinyan yeni konstitusiyada Bakı və Ankara üçün nədən imtina etməlidir?

Paşinyan yeni konstitusiyada Bakı və Ankara üçün nədən imtina etməlidir?

Ermənistan yeni konstitusiya qəbul etməyə hazırlaşır. Paşinyanın konstitusiya islahatları ilə bağlı qərarına əsasən yaradılacaq Şura bu istiqamətdə işləyəcək.

Yeni konstitusiya Paşinyana hakimiyyətini möhkəmləndirmək üçün lazımdır. Hərçənd bu qərar 44 günlük müharibədən sonra bölgədə yaranmış vəziyyət, Azərbaycanla mümkün sülh sazişinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşması gözləntiləri fonunda da diqqət çəkir.

Bu prosesdə Ermənistanın Müstəqillik Bəyannaməsi əsas maneələrdən biridir.

12 bəndlik bəyannamə qondarma "dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma "birləşmə” – "miatsum” qərarına əsaslanır.

Bəyannamənin 11-ci bəndində isə deyilir ki, "Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda erməni soyqırımınının (qondarma-red) beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.

Qondarma "miatsum” ideyası Azərbaycana qarşı, 11-ci bənd isə Türkiyəyə qarşı ərazi iddiasının, eləcə də qondarma "soyqırımı” iddiasının irəli sürülməsidir. Və Ermənistan Konstitusiyasında bəyannamənin yerinə yetirilməsi əsas vəzifələrdən biri kimi yer alır.

Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyən Ermənistan bəyannamədən imtina etməli, ən vacibi isə konstitusiyasını dəyişdirərək, "bəyannamənin yerinə yetirilməsi vəzifəsini” çıxarmalıdır. İstisna deyil ki, Ankara-İrəvan danışıqlarında, eləcə də Bakı və İrəvanın yekun sülh müzakirələrində bu məsələlər müzakirə ediləcək.

O da istisna deyil ki, Paşinyanın konstitusiya islahatları qərarının səbəblərindən biri də artıq qonşu olmaq istədiyi ölkələrə - Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi baxımdan aradan qaldırılmasıdır. Əks təqdirdə, normallaşma prosesi və hərtərəfli sülh çətin və kövrək olacaq.

Asif Nərimanlı

OXŞAR XƏBƏRLƏR

X