"Patı” - elmi adı "metamfetamin” olan bu maddənin istifadəçiləri son zamanlar istər paytaxt, istərsə də bölgələrdə artıb. Sosial şəbəkələrdə yayılan, eyni zamanda ölkə mətbuatında işıqlandırılan "patı” mövzusu ictimaiyyətdə ciddi narahatlıq yaradıb.
Psixiatrların sözlərinə görə, ən pis hallarda "patı” psixiatriyada qorxulan psixozlar (yəni şizofreniyalar) yaradır. Bəs, görəsən, "patı’” asılılığı olan şəxslərin müalicəsi mümkündürmü? Onları evdə müalicə etmək olarmı?
Bu haqda BAKU.WS-ə açıqlama verən psixiatr Orxan Fərəcli metamfetaminin sintetik narkotik vasitə olduğundan ondan istifadə edənlərdə psixi asılılığın yaranmasına səbəb olduğunu bildirib:
"Patı” xüsusi bir maddədir ki, onu digərlərindən fərqləndirən cəhət daha çox enerji vermə qabiliyyətinə malik olmasıdır. İnsanlar digər narkotik vasitələrdən həzz alırsa, "patı” onlara məhz hədsiz enerji bəxş edir. Onu qəbul edən insan yorulmur, dayanmadan fəaliyyətdə olur. Bəzən bunu qəbul edib idman zallarında saatlarla idman, yaxud gecə klublarında sabaha qədər dayanmadan rəqs edirlər. Hədsiz enerji verdiyi üçün insan öz gücündən artıq gücə malik olur. Bu da onu qəbul edən insana xoş hiss bağışlayır. Bacarığı birə-beş artır. Buna görə də insan daim o halda olmaq istəyir. Bu da psixi asılıq yaradır”.
Psixiatr belə xəstələrin yalnız xəstəxanada müalicə olunmağını tövsiyə edir:
"Mən bu asılılığı olanların evdən çox xəstəxana şəraitində müalicə almağını tövsiyə edirəm. Çünki müalicə müddətində həmin şəxs gizli olaraq bu maddəni yenidən qəbul edə bilər. "Patı”nın ən böyük psixoloji zərərləri vardır. Ən yüngül panik atak (kiçik tüstüdən panik atak yaranan adamlara rast gəldik), ən ağırı isə psixiatriyada qorxulan psixozlar (yəni şizofreniyalar) yaradır. İnsanda boş yerə şübhə, qısqanclıq meydana gəlir. Elə bilir ki, onu izləyirlər...”
Orxan Fərəclinin sözlərinə görə, bölgələrdə xüsusilə gənclərin sintetik narkotik vasitə haqda məlumatının olmaması onları "patı"nın qurbanına çevirir:
”Patı” haqqında xəbərlərin sosial şəbəkələrdə yayılması və mətbuatda işıqlandırılması çox müsbət haldır. Əvvəllər bu haqda məlumat verilmirdi. Buna görə də gənclər gizli şəkildə "patı"nın qurbanına çevrilirdi. Hazırda isə bu haqda maarifləndirici məlumatların yayılması və ictimailəşməsi çox yaxşı haldır. "Patı" əməliyyatları, onun qurbanları barədə ictimaiyyət hər zaman məlumatlandırılmalıdır. Amma mütləq xəbərin sonunda metamfetaminin insan həyatını necə məhv etdiyi, onu hansı bəlaya düçar etdiyi barədə maarifləndirici məlumatlar qeyd etməlidir. Əks halda, insanlarda bu narkotik vasitədən istifadəyə maraq yarana bilər”.
Qeyd edək ki, ölkəmizdə metamfetamin, narkomanlar arasında "patı" adlandırılan narkotik vasitə satan şəxslərin ifşası ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri davam edir. Bu əməliyyatlar nəticəsində onlarla "patı" və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıblar.
Şərhlər