Xəbər lenti

Pekin və Moskva yaxınlaşması dünyaya nə vəd edir? – Ekspertlər
Dünya 13:25 18.06.2022

Pekin və Moskva yaxınlaşması dünyaya nə vəd edir? – Ekspertlər

Ukraynanı işğal edən Rusiyaya münasibətdə Qərb birləşib və Kremlə qarşı sərt mövqe sərgiləyir. Kremlə tətbiq edilən sanksiyalar tətbiq Moskva və  Pekini daha sıx əməkdaşlığa sövq edir. Belə vəziyyət Çinin də maraqlarına cavab verir. Belə ki, sanksiyalarla bağlı öz təbii sərvətlər və məhsulunu Qərbə sata bilməyən Moskva başqa bazarlara üz tutmalı olacaq.
 
Bu vəziyyət isə öz növbəsində Çinə Rusiyadan mal və karbohidrogen ehtiyatlarını daha ucuz qiymətə almağa imkan verəcək. Belə olan halda, böyük ehtimalla Çin yaranmış bu fürsətdən istifadə edərək, Moskva ilə daha da yaxınlaşmaq yolunju tutacaq. Çin kimi nəhənglə yaxınlaşmaqla Rusiya Qərbin ona tətbiq etdiyi təcridi zəiflədə bilər. Digər tərəfdən, Moskvanın Ukraynaya təcavüzü Pekini də Tayvan uğrunda açıq fəaliyyətə keçməyə ruhlandırıb. Son zamanlar Çin rəhbərliyi tərəfindən Tayvanla bağlı səslənən fikirlər və ABŞ-ın ona sərt reaksiyası belə düşünməyə əsas verir ki, Pekin də situasiyadan asılı olaraq Tayvana hücum edə bilər. Bu müstəvidə də istər-istəməz Moskva ilə Pekinin maraqları üst-üstə düşür. Bütün bunlar isə birmənalı şəkildə Qərbin maraqlarına cavab vermir. Təsadüfi deyil ki, Ukraynada müharibə başlayan ilk anlardan ABŞ başda olmaqla Avropa İttifaqı Çini də Rusiyaya qarşı sanksiyalara qoşulmağa vadar etmək istəyir. Lakin hələlik bu istəyinə nail ola bilməyib. 

Düzdür, Pekin Rusiyanın başladığı müharibəni dəstəkləmədiyini bəyan edir. Bununla belə sanksiyalara qoşulmamağı bir yana, Rusiya ilə əlaqələri daha da yüksəltmək yolunu tutub. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən ASDP sədri Araz Əlizadənin fikrincə, Çinlə Rusiyanın yaxınlaşması Qərbi ona görə narahat edir ki, bu fonda Pekinlə Moskvanın qüdrəti daha da artacaq:"Çin bilir ki, Rusiyanın Ukraynada əldə edəcəyi qələbə həm də ABŞ üzərində qələbə olacaq. Bununla rus silahı Amerika, NATO silahı qarşısında öz üstünlüyünü göstərəcək. Çinin iqtisadi qüdrəti Rusiyanın hərbi gücü ilə birləşdikdə isə artıq ABŞ dünyaya hegemonluq edə bilməyəcək. Ona görə də Pekin birmənalı olaraq bu savaşda Rusiyanı dəstəkləyir”. 

ReAL-ın icra katibi Natiq Cəfərli qeyd edir ki, Çinlə Rusiyanın hərbi-iqtisadi əməkdaşlığı Qərb ölkələri üçün ciddi təhdid yaradır: "Hələ keçən əsrin ortalarında Kissincer və digər Qərb ideoloqları bildirirdi ki, Pekinlə Moskvanın yaxınlaşmasına imkan vermək olmaz. ABŞ-ın dünyada iki əsas rəqibi var, Çin və Rusiya. Çinlə Rusiyanın daha yaxın münasibət qurması strateji olaraq, Qərbin marağına uyğun gəlmir. Uzun illərdir Rusiya Qərbin əsas xammal bazası olub. Münasibətlərin korlanması isə Çinə imkan verib ki, bu boşluğu dolduraraq, Rusiyanın daha ucuz və daha çox xammal bazasına məhz özü çıxış əldə etsin. Çin texnoloji olaraq son zamanlar xeyli dərəcədə irəlilədiyindən Rusiya da özünün texnoloji boşluğunu məhz Pekinin köməyilə doldura bilər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->