Xəbər lenti

Böyük Maqellan Buludunda həyatın izləri - İlk dəfə aşkarlandı
Dünya 17:17 22.10.2025

Böyük Maqellan Buludunda həyatın izləri - İlk dəfə aşkarlandı

Kainatın ilkin dövrlərində həyatın nə qədər erkən yarana biləcəyi və həyatın Süd Yolu qalaktikasından kənarda da mövcud olub-ola bilməyəcəyi ilə bağlı ipucları getdikcə artır. Böyük Maqellan Buludunda yerləşən ST6 adlı "gənc" ulduzun ətrafında beş fərqli karbon əsaslı birləşmə aşkar edilib
 
Qaynarinfo xəbər verir ki, astronomlar James Webb Kosmik Teleskopu (JWST) sayəsində qonşu bir qalaktikadakı "gənc" bir ulduzun ətrafında buz halında üzvi (orqanik) molekullar aşkar ediblər. Bu molekullar həyatın əsas qurucu elementləri hesab olunur.

Merilend Universiteti və NASA-dan tədqiqatçı Marta Seviłonun rəhbərliyində aparılan və Astrophysical Journal Letters jurnalında dərc olunan araşdırmada Webb teleskopunun Orta İnfraqırmızı Cihazı (MIRI) vasitəsilə Böyük Maqellan Buludunda yerləşən ST6 adlı "gənc" ulduzun ətrafında beş müxtəlif karbon əsaslı birləşmə aşkar edilib.

Bu birləşmələrə metanol, etanol (spirt növləri), metil format, asetaldehid və sirkənin əsas tərkib hissəsi olan asetik turşu daxildir.

Tədqiqatçılar bildirirlər ki, asetik turşu kosmosdakı buzlarda ilk dəfə bu qədər aydın şəkildə müşahidə olunub. Bundan əlavə, ulduzdan gələn işığın analizində RNA-nın quruluş elementlərindən biri olan qlikolaldehid adlı şəkərlə əlaqəli bir molekulun izlərinə də rast gəlinib, lakin bu tapıntının dəqiqləşməsi üçün əlavə tədqiqatlara ehtiyac var.

Kainatın ən uzaq guşələri

BBC-nin "Sky at Night Magazine" jurnalına danışan Seviło "JWST-nin qeyri-adi həssaslığı və çözünürlüyü sayəsində uzaq bir ulduzun ətrafındakı zəif spektral xüsusiyyətləri aşkar edə bildik” deyərək, teleskopun kainatın ən uzaq guşələrində belə yeni kəşflərə imkan yaratdığını vurğulayıb.

Təxminən 160 min işıq ili məsafədə yerləşən Böyük Maqellan Buludu, erkən kainatdakı ulduz yaranma şəraitinə bənzər bir mühit təqdim etdiyi üçün alimlər tərəfindən "təbii laboratoriya” kimi qiymətləndirilir. Bu qalaktikada hidrogen və heliumdan başqa ağır elementlərin azlığı, erkən kainatın kimyəvi proseslərini araşdırmaq baxımından böyük əhəmiyyət daşıyır.

Araşdırma qrupunun üzvü, Leyden Universitetindən Will Rocha, bu molekulların ulduzlararası toz zərrəciklərinin səthində, qaz və buz halında kimyəvi reaksiyalar nəticəsində əmələ gəldiyini bildirərək deyib ki, Böyük Maqellan Buludundakı bu mürəkkəb üzvi molekulların aşkarlanması göstərir ki, həyat üçün lazım olan kimyəvi proseslər ən çətin şəraitdə belə baş verə bilər.

"Böyük bir addım”

Alimlərin fikrincə, bu kəşf həyatın əsas tərkib hissələrinin kainatda daha erkən və daha müxtəlif şəraitlərdə yarana biləcəyini sübut edir.

Bundan başqa, bu cür molekulların yaranmaqda olan ulduzların ətrafında mövcud qalaraq sonradan həmin ulduzların ətrafındakı planetlərin tərkibinə daxil ola biləcəyi ehtimal edilir.

Seviło bildirib ki, gələcəkdə həm Böyük, həm də Kiçik Maqellan Buludundakı gənc ulduzlarda oxşar müşahidələri genişləndirməyi planlaşdırır:

"İndiyə qədər bu tip molekulları Süd Yolunda cəmi dörd, Böyük Maqellan Buludunda isə bir mənbədə aşkar edə bilmişik. Lakin bu kəşf, kainatda mürəkkəb kimyanın necə yarandığını anlamaqda böyük bir addımdır.”
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->