"Son 9 ildə əmək pensiyalarının orta aylıq məbləği 6,8 dəfə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 7,7 dəfə artıb".
Qaynarinfo "Report"a xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd olunub.
Nazir bildirib ki, 2006-cı il yanvarın 1-dən 2017-ci ilin 1 oktyabr tarixinədək əmək pensiyalarının orta aylıq məbləği 6,8 dəfə artaraq 204 manata, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 7,7 dəfə artaraq 228 manata yüksəlib: "Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 2017-ci ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə yer almaqla, 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci yerdə qərarlaşıb. 2017-ci ilin 1 oktyabr tarixinə isə bu göstərici daha da artaraq 43,4 faizə yüksəlib. Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və əgər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son açıqlamasında təqdim olunan məlumatlara nəzər salsaq, görərik ki, Fransa, Avstriya, İtaliya kimi inkişaf etmiş ölkələr də, təqribən, eyni səviyyədə göstəriciyə malikdirlər".
Şərhlər