Okean təhlükəli sürətlə isinməyə davam edir. 2025-ci ildə dəniz suyunun temperaturunun normadan xeyli yüksək olduğu istilik dalğalarının sayı 1990-cı illərin əvvəlləri ilə müqayisədə üç dəfədən çox artıb.
Qaynarinfo xəbər verir ki, bu barədə okeanoqraf və iqlimşünas Karina fon Şukmann "The Guardian” nəşrində dərc olunan məqaləsində yazıb.
Onun sözlərinə görə, güclü dəniz istilik dalğaları mərcan riflərinin ağarmasına, balıqlar üçün sığınacaq rolunu oynayan yosun sahələrinin məhv olmasına və balıqçılıq zonalarının zəifləməsinə səbəb olur. Belə hadisələr tez-tez təkrarlanarsa, bütöv ekosistemlər özünü bərpa etmək qabiliyyətini itirə bilər.
Daimi istiləşmə okeanın kimyəvi tərkibinə də təsir göstərir. Bu proses suyun turşuluğunu, oksigen səviyyəsini və atmosferlə karbon mübadiləsini dəyişdirir. Bundan əlavə, quruda daha sərt hava hadisələrinin baş verməsinə də şərait yarada bilər.
Karina fon Şukmann qeyd edir ki, bəşəriyyətin atmosferə buraxdığı artıq istiliyin böyük hissəsini məhz okean udur. Okean artıq əlavə istiliyin 90 faizindən çoxunu özündə toplayaraq quru sakinlərini qlobal istiləşmənin daha ağır nəticələrindən qoruyub.
"Dənizlərin isinməsi və istilik dalğalarının daha tez-tez və daha intensiv baş verməsi göstərir ki, bu qoruyucu baryer tükənmək üzrədir. Okeana ötürdüyümüz istilik artıq geri qayıtmağa başlayır”, deyə alim bildirib.
Yer kürəsinin enerji balansı pozulur
Məqalədə Yer kürəsinin enerji balansı anlayışına da toxunulur. Bu göstərici Yerə çatan günəş enerjisi ilə planetin kosmosa geri yaydığı enerji arasındakı fərqi ifadə edir.
Sabit iqlim şəraitində bu iki göstərici təxminən bərabər olur. Lakin hazırda istixana qazları istiliyi saxlayır və planetin isinməsi yeni istiləşmə proseslərini daha da gücləndirir.
Alim izah edir: "İşığı əks etdirən parlaq buz sahələri yerini istiliyi udan tünd rəngli okeanlara verir. Bulud örtüyü dəyişir və nəticədə Yer əvvəlkindən daha çox enerji qəbul edir. Torpaq və suyun isinməsi isə əlavə istixana qazlarının atmosferə buraxılmasına səbəb olur".
Onun sözlərinə görə, hazırda Yerə daxil olan enerji miqdarı çıxan enerjidən xeyli çoxdur. Bu enerji disbalansı XX əsrin sonlarından bəri iki dəfədən artıq artıb.
"Yer sözün əsl mənasında tarazlığını itirib və istiliyi getdikcə daha sürətlə toplayır. Bu proses temperaturun yüksəlməsinin, buzlaqların əriməsinin, ekstremal hava hadisələrinin güclənməsinin və dəniz istilik dalğalarının intensivləşməsinin əsas səbəbidir”, deyə o vurğulayıb.
Dəniz səviyyəsi rekord sürətlə yüksəlir
Müəllif hesab edir ki, artan enerji disbalansı bütün dünyada insanlar üçün nəticələri daha da ağırlaşdırır.
Son onilliklər ərzində dəniz səviyyəsinin yüksəlmə sürəti iki dəfədən çox artıb və bu proses davam edir. 2025-ci ildə yeni rekord qeydə alınıb — 1901-ci ildən bəri dünya okeanının səviyyəsi ümumilikdə 23 santimetr yüksəlib.
Bu isə aşağı sahil ərazilərinin daha çox su altında qalmasına, həmçinin qabarma və fırtına risklərinin artmasına gətirib çıxarır.
Alimləri narahat edən digər məsələ isə okeanlarda qlobal istiləşmənin monitorinqi üzrə tədqiqatların azalmasıdır.
Maliyyə çatışmazlığı səbəbindən Sakit və Atlantik okeanlarında fəaliyyət göstərən monitorinq məntəqələrinin beşindən dördünün bağlanması planlaşdırılır və avadanlıqlar artıq sudan çıxarılır.
Karina fon Şukmann bildirir ki, digər tədqiqatçılar da oxşar təzyiqlərlə üzləşirlər. Halbuki məhz onların araşdırmaları bəşəriyyətə qlobal istiləşmənin qarşısını almaq üçün mümkün həll yollarını göstərə bilər.
Qlobal istiləşmə və okeanlar üçün risklər
Mütəxəssislər daha əvvəl xəbərdarlıq ediblər ki, dəniz istilik dalğaları okeandakı qida zəncirlərini dəyişdirə bilər. Bu isə karbonun okeanın dərinliklərinə daşınma prosesini zəiflədərək okeanın iqlim dəyişikliklərinə qarşı müdafiə qabiliyyətini azaldır.
Bunun əsas səbəbi fitoplanktondur. Bu mikroorqanizmlər karbon qazını üzvi maddəyə çevirir və okean qida zəncirinin əsasını təşkil edir.
Normal şəraitdə fitoplankton daha böyük canlılar tərəfindən yeyildikdən sonra karbon üzvi hissəciklər şəklində okeanın dərin qatlarına çökür və min illər ərzində orada saxlanılır.
Lakin istilik dalğaları zamanı fitoplankton karbonu səthdən təxminən 200 metr dərinlikdə saxlayır. Nəticədə okeanlar karbonu uzunmüddətli şəkildə toplamaq qabiliyyətini qismən itirir.
Aydın
Şərhlər