Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Baş prokuroru İqor Krasnova müraciət edib.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir "Tsarqrad TV" informasiya-analitik telekanalının saytında bu ilin fevralın 26-da nəşr olunan, Vladimir Xomyakovun müəllifi olduğu "Ruslar, getməyin, bizə qullar və fahişələr lazımdır" adlı məqalədə 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiyanın baş prokuroru və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Federal Xidmətinin (Roskomnadzor) rəhbəri Aleksandr Jarova müraciət ünvanlayıb.
Müraciətdə Azərbaycan tərəfinin qəti etirazı ifadə edilib və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi çatdırılıb. "Qanlı Yanvar” hadisələri ilə bağlı məsələnin Azərbaycan xalqı üçün çox həssas olduğu və bu faciəvi hadisələrə Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi və hüquqi qiymət verildiyi, 20 Yanvarın "Ümumxalq hüzn günü" elan olunduğu bildirilib.
Müraciətdə yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqların, o cümlədən Rusiya Federasiyasının Prezidenti, xarici işlər naziri, eləcə də digər Rusiya rəsmilərinin "Şəhidlər Xiyabanı" memorial kompleksini ziyarət etdikləri və abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdikləri vurğulanıb. Qeyd olunub ki, bu cür məqalələr Azərbaycan və Rusiya xalqları arasında düşmənçilik və nifrət səpmək məqsədi daşıyır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, səfir Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 27 iyul 2006-cı il tarixli "İnformasiya, informasiya texnologiyaları və məlumatların qorunması haqqında" Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulduğuna görə müvafiq yoxlamanın aparılmasını xahiş edib",deyə səfirliyin məlumatında qeyd olunub.
Şərhlər