Ölkə 12:46 20.07.2019

Polis rəisi nazirliyi məhkəməyə verdi

Yasamal rayon Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühiti Mühafizəsi Departamentini məhkəməyə verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, polis idarəsi departament barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə iş başlayıb. 

İdarə departamentin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş şəxs haqqında göndərdiyi sorğuya 5 gün müddətində cavab vermədiyinə görə cərimə tətbiq edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət edib.

Yasamal rayon Məhkəməsində başlanmış inzibati iş üzrə icraata xitam verilib. Qərardan Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin rəisi Cəmil Əmirov şikayət verib. Bakı Apelyasiya Məhkəməsində də Yasamal rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.