Polkovnik:

Polkovnik: "Azərbaycan anti-terror əməliyyatı ilə ərazilərini işğaldan azad etməyə qadirdir"

"Ermənilərin Şuşada "andiçmə" mərasimi keçirməsi düşmənin özünü həyasızcasına aparmasından xəbər verir. Bundan irəli gələrək Müdafiə naziri də sərt tapşırıqlar verib".

"Müdafiə naziri general-polkovnik Zakir Həsənovun keçirdiyi sonuncu müşavirədə verdiyi tapşırıqlar döyüş hazırlığının daha da artırılmasına və veriləcək əmri bütün qurumların dərhal yerinə yetirməsinə tam hazır olmağa xidmət edir”.

Bunu "MediaPost”a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun keçirdiyi xidməti müşavirəni şərh edərkən deyib.

O, müdafiə nazirinin mütəmadi müşavirələr keçirdiyini və hər dəfə də ordunun rəhbər heyətinə Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasına hesablanan tapşırıqlar verdiyini vurğulayıb:

"Cənab nazir Zakir Həsənov Silahlı Qüvvələrin rəhbər heyətinə ölkə Prezidenti Ali Baş Komandanın əmrinə uyğun olaraq müvafiq tapşırıqlar verib. Müşavirələrdə demək olar ki, bütün tapşırıqlar ilk növbədə Silahlı Qüvvələrin döyüş hazırlığı, ön xətdə ayıq-sayıqlığın artırılması və düşmən tərəfinin təxribatlarının qarşısının alınması ilə bağlı olur. Son müşavirə də irimiqyaslı əməliyyat-taktiki təlimlərindən sonra keçirildi. Bu müşavirəni həmin əməliyyat-taktiki təlimlərinin daha geniş şəkildə yekunu kimi qəbul etmək olar. Təlimlər uğurla başa çatdı, cənab nazir təlim iştirakçılarının qarşıya qoyulan məqsədlərə nail olduqlarını və şəxsi heyətin yüksək peşəkarlıq göstərdiyini vurğuladı. Müdafiə naziri son verdiyi tapşırıqları demək olar ki, həmişə verir. Çünki Azərbaycan tərəfi düşməni daimi kəşfiyyat nəzarətində saxlayır. Biz düşməni yaxşı tanımalıyıq, onun haqqında bütün məlumatları bilməliyik. Nə qədər ki düşmən işğal siyasətindən əl çəkmir, biz də ordumuzu gücləndirməklə bağlı fəaliyyətimizə fasilə verməməliyik. Düşmən təxribatlarını davam etdirməsin deyə işğal olunmuş ərazilərmizdə hansı proseslərin getdiyi daim ordumuzun nəzarəti altında olmalıdır. Bunun nəticəsidir ki, erməni tərəfinin təxribatları başlayanda bizim təmas xəttində olan bölmələrimiz qabaqlayıcı tədbirlərlə bunun qarşısını alırlar”.

Ş.Ramaldanov bildirib ki, ermənilərin Şuşada "andiçmə" mərasimi keçirməsi düşmənin özünü həyasızcasına aparmasından xəbər verir. Onun sözlərinə görə, bundan irəli gələrək Müdafiə naziri də sərt tapşırıqlar verib:

"Cənab nazir də gizlətməyib ki, Ali Baş Komandan hər an döyüş əmri verə bilər. Buna görə Azərbaycan Silahlı Qüvvələri daim hazır olmalıdır. Çünki Azərbaycan anti-terror əməliyyatı apararaq ərazilərini işğaldan azad etməyə qadirdir. Düşmənin hazırda özlərini həyasızcasına aparması bizim cəmiyyətə də təsir etdi, vətəndaşlarımız çoxsaylı tələblər irəli sürməyə başladılar. Bunlar haqlı tələblərdir, ancaq düşünürəm ki, ermənilər bu vəziyyətdən istifadə etmək istəyirlər. Ermənilərin bu fəallığı və Şuşa məsələsi səbəbsiz yerə deyil. Onlar bütün məqamlardan həyasızcasına istifadə etmək istəyirlər. Nazirin də müşavirədə qeyd etdiyi kimi, bu dəfə Aprel hadisələri olmayacaq. Artıq hər hansı təxribat olarsa Azərbaycan Ordusu malik olduğu ən müasir silahların tətbiqi ilə işğal olunmuş torpaqları azad edəcək. Bunun üçün də Müdafiə naziri Zakir Həsənov birləşmə komandirləri və bütün rəhbər heyətə müəyyən tapşırıqlar verib. Düşünürəm ki, bunlar Azərbaycan tərəfinin mümkün addımlarından irəli gələn tapşırıqlardır”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image