İdman 12:48 22.01.2022

“Portu”nun müdafiəçisinin dörd doğum tarixi üzə çıxdı – Dostları onu satdı

Konqolu müdafiəçi Şansel Mbemba "Portu"nu tərk edəcək.
 
Qaynarinfo xəbər verir ki, bunun olduqca nadir bir səbəbi var - Mbemba pasportda yazılandan daha yaşlıdır.
 
Adətən bu cür şeylər söz-söhbət səviyyəsində ilişib qalır, amma bu dəfə ciddidir. "Corriere de Manha" nəşrinin məlumatına görə, Mbemba sakitcə müqaviləsinin qalan 6 ayını başa vurub gedəcək. Bəlkə "Portu” müqaviləni dərhal ləğv edərdi - amma Mbemba hələ də sözsüz start heyət oyunçusudur.

Sənədlərə görə, Şanselin 27 yaşı var, mərkəz müdafiəçisi üçün - karyerasının ən yaxşı illəri qabaqdadır. Lakin Portuqaliya mediası Mbembanın dostlarından onun 1990-cı ildə anadan olduğunu öyrənib və bu, onu dərhal 31 yaşlı müdafiəçiyə çevirir.

Bu da hələ hamısı deyil. Mbembanın yaşı artıq müzakirə mövzusuna çevrilib. Konqolunun nə vaxt doğulduğuna dair artıq 4 versiya var:
 
8 avqust 1994-cü il - pasportdakı tarix, ona əsasən, futbolçunun 27 yaşı var;
8 avqust 1990-cı il - dostlarının dediyi və mətbuatda dərc olunan tarix (bu, əvvəllər də üzə çıxıb). Onda müdafiəçinin 31 yaşı olur;
8 avqust 1988-ci il - Mbembanın oynadığı Konqo klublarının sənədlərindəki tarixdir. Şanselin artıq 33 yaşı var;
8 avqust 1991-ci il - Mbembanın 2011-ci il Afrika Kubokunun seçmə mərhələsi üçün ərizədə göstərilən tarix. Məhz bu tarixə görə Şanselin yaşı ilə bağlı ilk mübahisələr başlayıb. Sonra Konqo Futbol Federasiyasının rəsmilərindən biri etiraf edib ki, doğum tarixi xüsusi olaraq 1991-ci ilə dəyişdirilib ki, futbolçu 2012-ci il Olimpiya Oyunlarının seçmə oyunlarında iştirak edə bilsin.
 
Mbembanın karyerasında ən qaynar məqam "Anderlext”dən "Nyukasl”a 12 milyon avroya transfer olub. Sonra Şansel sümük toxumasının analizindən keçib - bu, bədənin yaşını təyin etməyin yollarından biridir. Araşdırma Mbembanın özünün israr etdiyi tarixi təsdiqləyib - 1994-cü il.
 
"Sümük analizi mənim əsl yaşımı sübut etdi. Çox təhqiramiz sözlər eşitdim, indi şayiələr təkzib olundu. Ailəm, dostlarım və Konqodakı hər kəs mənim 8 avqust 1994-cü ildə anadan olduğumu bilir. Sadəcə, bəzən müvəffəqiyyətli insanlara zərər vermək istəyən paxıl insanlar olur", - müdafiəçi deyib.
Görünür, Şanselin bütün dostları onun əsl yaşını bilmirlər (yaxud Portuqaliya mətbuatı yazıq müdafiəçiyə qarşı çirkin kampaniyada birləşib).
 
Bu, Mbembanın karyerasına ağır zərbə vura bilər: "Milan” oyunçu ilə maraqlanırdı, amma indi yəqin ki, transferdən qəti şəkildə imtina edəcəklər – mübahisəli detallar həddən artıq çoxdur.
 
Alpər
 

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?