Aqşin Yenisey
Silikonlaşmanın dəbə minməsi, kütləviləşməsi, kültürləşməsi, gözəlliyin şairlərin, rəssamların əli ilə deyil, cərrahların əli ilə yaradılması hansı növbəti süni ehtiyacın müjdəsidir? Gözəlliyin doqquzunun don olduğu çağ başamı çatır, ölçü vahidi kimi götürülən çit don öz yerini insan dərisinəmi verir?
Narsist əfsanəsinin insanlığa ötürdüyü mesajı bu idi ki, gözəllik də digər həzz qaynaqları kimi düşkünlüyü sevmir. Hər kəsin özünün Məcnunu olması sevgi çatışmazlığı xəstəliyinin əlamətidir. Cəmiyyət narsistləşirsə, yəni öz gözəlliyinin düşkününə, Məcnununa çevrilirsə, bu, sevgi hissi tükənib deməkdir, bu, Sartrvari desək, başqaları cəhənnəmləşib deməkdir. Silikonlaşma cəmiyyətdə bir qıtlığın yaşandığından xəbər verir, sevgi qıtlığının… Yoxsa çörəyi gözəlliyindən çıxmayan, özünü gözəlləşdirsə də, keçmiş sir-sifəti ilə tanınan sıravi insanlar nədən diri-diri özlərini skalperlə heykəlləşdirsin ki? Silikonlaşma dehumanizasiyaya gedən yolun başlanğıcıdır. Bir növ, insanın öz orijinal varlığından imtina etməsidir.
Gözəlliyə canatma təkamül prosesinin insanda yaratdığı tarixi-psixoloji travmanın təsirindəndir. İnsan şüuraltı olaraq meymunabənzər bir varlıq kimi yaradıldığının fərqindədir və insanlıq bu qədim instinktin utancı altında bu fərqindəliyi dərk etdikdən bəri özünü gözəlləşdirməklə məşğuldur. Təsadüfi deyil ki, ən kəskin kosmetik vasitələrdən istifadə edənlər Okeaniyanın, Afrikanın, Amazon hövzəsinin ibtidai həyat yaşayan qəbilə insanlarıdır.
Özünü gözəlləşdirmə ehtiyacı rudmentar qəbilə şüurunun oyanışıdır.
Günümüzdə insanın özünü gözəlləşdirmə həşirinin bir xeyli səbəbləri var, ən dərində yatan səbəb güzgü ilə düşmənçilikdir. Artıq güzgüdə bezdirici eyniliyə, vizual monotonluğa çevrilmiş bioloji kimlikdən imtinadır. Bir şir, ya da bir dəvəquşu bioloji kimliyi ilə kifayətlənir, süni şəkildə ikinci, üçüncü kimlik verildikdə təbiət sakinləri komik və ya eybəcər şəklə düşürlər. İnsan heylə deyil; insanı günümüzdə ən komik və ən eybəcər şəkildə göstərən onun "əl dəyməmiş” bioloji kimliyidir. Postmodern zəmanəmizin sosial estetikası orijinal, "orqanik” insanın düşmənidir.
Bundan başqa, təbiət ana öz övladlarını qarşısıalınmaz bir qayğıkeşliklə dəyişir, yeniləyir. Məsələn, kərtənkələ yumurtadan çıxan balasının sürətlə qaça bilmədiyini görəndə dərhal onu yeyir, çünki min illərin təcrübəsinə söykənən müdrik instinkti ona pıçıldayır ki, sən özünə övlad yox, başqalarına yem doğmusan. Kərtənkələ də zəif övladını başqaları yeməsin deyə özü yeyir və yenisinə, daha güclüsünə hamilə qalmağa tələsir. İnsan yüz illərdir təbiətdən uzaq düşdüyü, ona övlad olmaqdan imtina etdiyi üçün təbiətin bu yenilənmə, dəyişmə qayğısından məhrumdur. Ona görə də özü-özünü yeniləməyə, dəyişməyə məhkumdur.
Özünə əl gəzdirmənin tarixi 20-30 min il əvvələ, mağara qaranlığına qədər gedib çıxır. Ta odun kəşfindən bu yana insanoğlu özünə minlərlə dini, siyasi, fəlsəfi, sosial kimlik uydurmaqla yanaşı, dərisindən, dırnağından, saçından tutmuş ruhuna, psixologiyasına qədər bütün var-yoxuna cürbəcür dizaynlar verib ki, özündən başqa nəyə desən oxşasın.
Təbiətdən ayrılma prosesi insanın özünü gözəlləşdirməyə başlaması ilə gerçəkləşir. Özünü gözəlləşdirmə fantaziyaları ilə aşıb-daşan tumançaq insan artıq təbiətdən ayrıldığını, çöllərdə, meşələrdə yaşayan heyvanlardan biri olmadığını özü-özünə sübut etmək istəyirdi. Bundan ötrü o, ilk növbədə bioloji orijinallığını korlayaraq öz bədəninə cürbəcür təbii olmayan mənalar yükləməyə can atırdı. Mədəniyyət dediyimiz şey bu iddianın sübuta yetirilməsindən başqa bir şey deyildi və insan mədəni olduğunu sübut etmək üçün min illər boyunca heç bir heyvana yaraşmayan bütün vəhşilikləri etdi.
Bu gün də qurbanlar qətlə yetirilir, qatillər yaşayır və insan nəslinin davamlılığını qoruyurlar. Həyatın qanunu elədir ki, öldürən sağ qalır və artıb-çoxalır. Nəsil ağacı dediyimiz şəcərənin kökündə qatil bir ata yatır. Ancaq heyvanlardan fərqli olaraq insanlar bu mədəni vəhşiliyi şüurlu şəkildə həyata keçiriblər.
İnsan heyvan deyil, amma vəhşidir.
Zaman-zaman saqqalın və tatunun dəbə çevrilməsi də onu göstərir ki, insan öz vəhşi ehtiraslarını daha modern vasitələrlə təmin etdikcə, vaxtı ötmüş təcavüzkar imicini də aksessuarlaşdırıb keçmişin xatirəsi kimi yaşatmağa çalışır. Saqqal və tatu insanın yırtıcı kimliyinin simvolik qalıqlarıdır. Bir vaxtlar qədim döyüşçülərdən dindarlara, dindarlardan sənətçilərə ötürülən sosial kimlik göstəricisi idi üzlərdəki bu tük şəlaləsi, çiyinlərə həkk edilmiş bu yaşıl ilan başı. Bu gün isə sənətçilərdən kütlələrə yoluxmuş başqalarından fərqlənmək xəstəliyidir.
Estetik vəhşiliyə meyil bir yandan da sənətin gücü təmsil etməməsinin sənətçidə yaratdığı kompleksdir.
Postmodern çağ keçmişin, indinin və gələcəyin qarışığından ibarət bir zaman kokteylidir. Keçmiş bu kokteyldə silikon, saqqal və tatu ilə təmsil olunur. Silikon, saqqal, tatu da mənşəcə psixoloji aksessuarlardır. (Günümüzü Afirkanın qəbilələlərində də dodaq şişirtmə adəti var.) İlk işıldayan boyunbağılar, parıldayan sırğalar, bərq vuran üzüklər də seksual aksessurlar idilər, erkək və dişi cütlər arasında cinsi cazibədarlığı şiddətləndirmək üçün istifadə olunurdular. Postmodern zəmanəmiz modernizmdən öncəki dini, imperativ tarixə qayıtdıqca, artan güc, şiddət göstərisinə uyğun olaraq kütlənin kosmetik reaksiyası da dəyişir. Saqqallaşma və tatulaşma tarixi qəhrəmanlıqlara işarə edən gizli barbarlıq əlamətləridir. Bədənlərinə ilk tatuları döydürən qədim döyüşçülər bununla öz qəhrəmanlıqlarını şərəfləndirərək digərlərindən fərqli olduqlarını nümayiş etdirirdilər. Tatu qədim döyüşçünün igidliyə görə medalı sayılırdı. Dodağını dəmir həlqələrə şişirtmək Afrika qəbilələrində qadın gözəlliyinin fısqırıqlığı hesab olunur.
Başqalarından fərqlənmək insanın öz növünə qarşı duyduğu ikrahın göstəricisidir. Təbiətdə belə bir Babil hikkəsi yoxdur.
Babil dedim, yadıma antik mədəniyyətlər düşdü; şumer, Misir, yunan, Roma mədəniyyətlərini yaradan xırsın kökündə də başqalarından fərqlənmək, başqalarını kölgədə qoymaq hikkəsi dayanırdı. Böyük Yustinianın Aya Sofiyanı tikdirməkdə məqsədi Yerusəlimdəki Süleyman Məbədini kölgədə qoymaq idi.
Antik mədəniyyətlər nəhəng aksessuar muzeyləridir. Elə bir yunan, Misir, Roma tanrısı yoxdur ki, öz aksessurlarının ağırlığından mələklərin köməyinə ehtiyac duymasın. Bu aksessuar acgözlüyü sonradan tanrılardan mifik qəhrəmanlara keçdi. Məsələn, bizim yarıtarixi, yarıəfsanəvi qəhrəman Koroğlu dastanda döyüşçüdən daha çox döyüşçü manikeni kimi təsvir olunur. Sanki, bir yığın aksessuar mücəssiməsidir. Misri qılınc, Qırat, yarımmetrlik burma bığ. Bonus olaraq da daşçatladan nərə! Bütün bu zahiri effektlər olmadan Koroğlunu nəinki əfsanəyə, heç son zamanlar Azərbaycanda dəbə minən kişi toyuna da buraxmazlar. Koroğlu-Qırat vəhdəti, yəqin ki, dastanda dekonstruksiya olunmuş kentavr mifidir. Yəni Koroğlu-Qırat bitişikliyi özü bir qəhrəmanlıq aksessuarıdır. Onları bir-birindən ayırsan mif yox olar.
Postmodern çağ bizdən Koroğlulaşmağı tələb edir. Metroda at minmək, restorana misri qılıncla getmək imkanımız olmasa da, saqqal, bığ, nərə kimi zahiri effektlərlə mifik qəhrəmanları yamsılamaq şansımız hələ ki var.
XVIII əsrdə mütəmləkəçiliyinin ağ günlərini yaşayan ingilis istilaçıları Avstraliyada yerli maori xalqının döyüşçülərini öldürdükdə başlarını kəsib suvenir kimi mumiyalayır və Londona göndərirdilər. İngilislərin kəsik maori başlarındakı tatulara olan marağı sonralar kəsik baş ticarətinə yol açdı. Maori ovu başladı. İngilis gəlmələr üzü tatulu maori döyüşçülərini aldadıb gizlincə başlarını kəsir və ingilis tacirlərinə satırdılar. Bir müddətdən sonra bu mədəni vəhşilik üz tatularına – maorilərin moko sənətinə son qoydu. Avstraliyada qəhrəmanlıq rəmzi olan moko tatuları ömürlərini İngiltərədə bəzək aksessuarları kimi başa vurdu.
Mədəni dünyada bu cür qədim zahiri effektlər daha çox cinayətkar mafiyaların, həbsxana qruplaşmalarının gücünü simvollaşdırır. Yapon mafiyası Yakuzanın üzvləri öz samuray kimliklərini bütün bədənlərinə tatu döydürməklə təsdiqləyirlər. Yaxud kriminal aləmə aid şəxslər qorxu, şiddət, kədər bildirən müxtəlif həbsxana simvollarını bədənlərinə döydürərək, bir növ, həyatlarının mənasını şifrələyirlər. ABŞ-ın Arizona həbsxanasında cinayətkar şəxs hansısa məşhur cinayətkar dəstənin rəmzi tatusunu cəmdəyinə döydürmək üçün bir başqasını ya öldürməli, ya da hücum etməlidir. Dəstə üzvü olmadan o dəstənin tatusunu gəzdirənlər ya öldürülür, ya da tatu onu gəzdirməyə haqqı çatmayanın bədənindən dərisi soyularaq çıxarılır. Həbsxanadakı tatular sahibinin kriminal kimliyini, hansı cinayəti törətdiyini simgələyir.
Müasir insan da yeni kimlik axtarışındandır; o, hər tərəfdən texnoloji süniliklə əhatə olunub, özünün texnoloji həbsxanasını yaradıb. O, özünün olan-qalan təbiiliyini iltihablaşmış kor bağıqsaq kimi hiss edir bu cansız, ruhsuz varlıqların həbsxanasında. Bədəninda apardığı bu "yenidənqurma” işləri onun ruhunda baş verən metamorfozun təsiridir.
Eqo ruhu öldürür…
Şərhlər