Postpandemiya dövründə BTQ-dən və nəqliyyat dəhlizlərdən istifadə genişlənəcək

Postpandemiya dövründə BTQ-dən və nəqliyyat dəhlizlərdən istifadə genişlənəcək

"Azərbaycan regionda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşmasına aktiv töhfə verən ölkələrdəndir. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ölkəmiz üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olub. Bu da sözügedən nəqliyyat dəhlizlərinə marağın artmasından xəbər verir".

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov BTQ-yə və nəqliyyat dəhlizlərinə yeni ölkələrin qoşulması perspektivlərini şərh edərkən deyib.

"BTQ bir çox ölkələrin maraq dairəsindədir"

Onun sözlərinə görə, bir çox ölkələr BTQ-ni maraq dairəsinə daxil edib: "Dəmir yolu xəttindən istifadə ilə bağlı Asiya, o cümlədən Mərkəzi Asiya, eləcə də Şərqi Avropa ölkələri ilə müzakirələr aparılıb. Xüsusilə Polşa BTQ-dən istifadə etməkdə maraqlıdır. Ümumiyyətlə isə nəqliyyat dəhlizləri, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan üçün çox önəmlidir. Çünki bu dəhliz vasitəsilə yüklər Rusiyadan Hindistana qədər daşınır. Azərbaycanın maliyyə dəstəyi ilə İran ərazisində dəmir yolu xəttinin inşasına dəstək nümayiş etdirilib. Bu baxımdan Şimal-Cənub nəqliyyat dəhlizinin tam reallaşması, yəni tam fəaliyyət göstərməsi çox vacibdir. Bu, sözsüz ki, ölkə üzərindən daşınan yüklərin həcminin artımına, daha çox yükün Azərbaycan vasitəsilə Şimaldan Cənuba daşınmasına imkan verəcək”.

"Postpandemiya dövründə BTQ-dən istifadə genişlənəcək"

V.Bayramov onu da bildirib ki, Azərbaycan BTQ-dən rentabellliyini bacardıqca artırmalıdır: "Koronavirus pandemiyası BTQ-dən istifadə ilə bağlı müzakirələri ləngitsə də, postpandemiya dövründə danışıqlar sürətlənəcək və dəmir yolu xəttindən istifadə artacaq. Odur ki, yolun rentabelliyi bacardıqca artırılmalıdır. Kifayət qədər ölkənin bu xətdən istifadəyə dair potensialı var. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən aktiv istifadə etmək, BTQ vasitəsilə yüklərin fərqli ölkələrin bazarlarına çıxarılmasını təmin etmək lazımdır". 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur.

Epidemioloji durumun sabitləşməsindən sonra  "Azərbaycan Dəmir Yolları "QSC  2020-ci ildə BTQ xətti ilə yükdaşımaların həcminin keçən ilə nisbətən 50% artacağını proqnozlaşdırır. Məlumat üçün bildiririk ki, bu xətt ilə yükdaşımaların həcmində 2019-cu ildə 2018-ci ilə nisbətən 20 futluq konteyner ifadəsində 43% artım olub. Vaqonlarda daşınan yükləri müqayisə etsək, 2019-cu ilin ilk 3 ayında 611 vaqon - 40 min ton yük daşınmışdırsa, 2020-ci ilin ilk 3 ayında 1 572 vaqon – 70 min ton yük daşınıb.

Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında isə razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütövlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image