Xəbər lenti

“Premium Clinic”də həkim səhlənkarlığı: “Boğaz əti yerinə, dilçəyini kəsdi...” (FOTOLAR)
Ölkə 15:51 22.02.2018

“Premium Clinic”də həkim səhlənkarlığı: “Boğaz əti yerinə, dilçəyini kəsdi...” (FOTOLAR)

Azərbaycan Respublikası, Astara rayonu Siyaku kənd sakini 1991-ci il təvəllüdlü Mahmudov Nurlan Tehrab oğlu 26.12.2017-ci il tarixində Bakı şəhəri, Nəsimi r-nu., A.Məhərrəmov küç., 25B ünvanında yerləşən "Premium Clinic”də burun-boğaz (Burun çəpərinin əyriliyi. Xroniki tonzillit d-kom olunmuş forma) əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olub.

Bu barədə Nurlanın qardaşı İlkin Mahmudov Unikal.org-a şikayətində deyib.

O, qardaşının başına gələnləri belə izah edib:

"26.12.2017-ci il tarixində qardaşım Mahmudov Nurlan "Premium Clinic”də burun-boğaz əməliyyatı olub.



Əməliyyatı həkim Elçin Mahmudov aparıb. Elçin Mahmudov sözügedən klinika ilə bərabər, həmçinin 20 saylı poliklinikada çalışır. Əməliyyatdan sonra Elçin Mahmudov "Premium” xəstəxanasının dəhlizində atam Mahmudov Tehrabdan əvvəlcə 1700 manat əməliyyat haqqı tələb edib. Daha sonra 1100 manatla razılaşıb. Pulu cibinə qoyub, qardaşımı əməliyyat günü evə buraxıb. Ödənişlə bağlı "Premium” Klinikasından heç bir qəbz verilməyib. Qardaşım əməliyyatdan 3 gün sonra 29 dekabr 2017-ci il tarixində həkim Elçin Mahmudovun dəvəti ilə çalışdığı 20 saylı poliklinikaya gəlib və burada sözügedən şəxs tərəfindən burnundakı tampon çıxarılıb. Hər şey elə bu gündən sonra başlayıb. Bu zaman güclü qanaxma müşahidə olunub. Həkim yenidən tampon qoyaraq xəstəni evə buraxıb. 04.01.2018-ci ildə Astarada evdə yenidən burun qanaxması oldu. Qanaxma diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildi. Çoxlu qan itkisindən sonra qanaxmanın qismən qarşısı alınıb və xəstəyə qan köçürüldükdən sonra evə buraxılıb. 06.01.2018-ci il tarixində yenidən burun qanaxması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə daxil olub. Xəstənin qanaxmasını dayandırmaq üçün yardım olunub. İtirilmiş qan köçürülüb. 07.01.2018-ci il tarixində evə buraxılıb. 08.01.2018-ci il tarixində yenidən qanaxma baş verib. Xəstə Bakıya gətirilib .



08.01.2018-ci il tarixində saat 22:30-da M.Ə. Əfəndiyev Adına 2 Saylı Şəhər Klinik Xəstəxanasına daxil olub. Xəstənin burnuna ön və arxa tərəfdən tampon qoyulub və qanaxma dayandırılıb. 3 gün xəstəxananın reanimasiya şöbəsində qaldıqdan sonra xəstə Elçin Mahmudovun məsləhəti ilə, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Müəyyən cərrahi müdaxilələr olunub və nəticə olaraq "Qanaxmanı tam dayandırdıq” deyə bildirdilər. Məlumat üçün qeyd edim ki, Neftçilər Xəstəxanasında olan cərrahi müdaxilədə Neftçilər Xəstəxanasının həkimi Tural Hüseynov ilə birgə Elçin Mahmudov da iştirak edib. Xəstə evə buraxılıb. 20.01.2018-ci il tarixində yenidən qanaxma baş verib və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və stasionar yardım göstərilib. Elə həmin gün İran İslam Respublikasının Ərdəbil şəhərindəki Hafizi Klinikasına aparılıb. İki dəfə qanaxmanı aradan qaldırmağa cəhd olunmasına baxmayaraq heç bir nəticə əldə edilməyib. Həkimin diaqnozuna əsasən ilk əməliyyatda həkim səhvi nəticəsində burun arterial damarları kəsildiyi üçün onu yandırmaq və yaxud tikmək yolu ilə mümkün olmayacaq. Eyni zamanda Ərdəbil şəhərində müəyyən olundu ki, ilk əməliyyat zamanı "Premium” Xəstəxanasının cərrahı boğaz ətini kəsərkən xəstənin dilçəyini də kəsib götürüb. İran İslam Respublikasının Ərdəbil şəhərindəki Hafizi Klinikasından həkim bildirib ki, yalnız burun anjosu (Transarterial Embolizasiya (Arterial damara daxil olaraq içəridən kəsilmiş damarları bağlamaq) deyilən üsulla bu fəsadı aradan qaldırmaq mümkündür.



02.02.2018-ci il tarixində bu proseduranı həyata keçirtmək üçün xəstə Təbriz Xəstəxanasına göndərilib. Təbriz Mərkəzi Xəstəxanası xəstəni qəbul etməyib və bildirilib ki, xəstə harada əməliyyat olunubsa ora aparılsın.

Sonra məlumat aldıq ki, həmin proseduranı həyata keçirən həkim və lazımi avadanlıqlar Bakıda da var. Xəstə 04.02.2018-ci ildə İran İslam Respublikasından Bakıya gətirilib. 05.02.2018-ci il tarixində xəstə Respublika Müalicəvi Diaqnostika Mərkəzində Transarterial Embolizasiya olunub. 26.12.2017-ci il tarixində "Premium” Xəstəxanasında həkim Elçin Mahmudovun əməliyyat zamanı kəsdiyi damarlar embolizasiya olunub”.

İlkin Mahmudov qeyd edib ki, 40 gün ərzində dəfələrlə baş vermiş qanaxmalar zamanı qardaşı hər dəfə 2 litrə yaxın qan itiririb: "Qardaşıma təkcə qan köçürməsinə 3000 manat, ümumilikdə isə 11.700 manat pul xərclənib. Bütün bu baş vermiş hadisələrdən sonra həkim Elçin Mahmudov yalnız 1000 manat pulu (500-500 manat) geri qaytarmaqla məsuliyyətdən yayınmağa çalışır. 40 gün ərzində xəstənin və qohumlarının çəkdiyi qorxu və psixoloji sarsıntıları nəzərə almadan Elçin Mahmudov ən azından bizə dəyən 12 min manatlıq ziyanı ödəməli idi. Bu gün qardaşımın səhhəti normallaşıb, amma həkimlər onu 1 il ərzində hər hansı bir yerdə çalışmağa qadağa qoyublar. Əks halda qanaxma yenidən başlaya bilər. Halbuki, qardaşım əməliyyata kimi, usta işləyərək, ailəmizə çörək pulu gətirirdi”.

Şikayətçi vurğulayıb ki, məsələ ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə şikayət məktubu ünvanlayacaq: "Bununla belə artıq vəkilə müraciət etmişik. Yaxın günlərdə "Premium Clinic” və Elçin Mahmudovla bağlı məhkəməyə müraciət edəcəyik”.




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->