"Azərxalça”nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq.
Qaynarinfo-nun məlumatına görə, bunu "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Siz xalçaçılığı yaşadırsınız. Şadam ki, Azərbaycanda belə xalça fabriklərinin tikintisi geniş vüsət alıb. Bu, mənim iştirakımla açılan sayca altıncı xalça fabrikidir. "Azərxalça”nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq. Hər fabrikdə 100-dən çox işçi çalışır. Mənə verilən məlumata görə, burada 116 işçi var. Demək olar ki, onların hamısı qadınlardır. Qadınlar üçün iş yerləri, belə gözəl şərait yaradırıq. Belə gözəl binada işləmək də xoşdur, adama zövq verir. Siz bizim qədim sənətimizi yaşadırsınız, burada şagirdlər də var, təlimlər keçirilir. Bu, deməyə əsas verir ki, xalçaçılıq sənəti Azərbaycanda əbədi yaşayacaq”.
İlham Əliyev bildirib ki, Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var: "Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk. Hazırda Sumqayıt şəhərində əyirici-boyaq fabriki tikilir. Fabrik tikiləndən sonra özümüzü həm boya ilə, həm ipliklə təmin edəcəyik. Bölgələrdə yun qəbulu məntəqələri yaradılır ki, keyfiyyətli xammal tədarük edilsin. Yəni, xalçaçılıq Azərbaycanda tam yerli xammal əsasında inkişaf edəcək. Bir daha demək istəyirəm ki, ən önəmlisi, hər fabrikdə qadınlar üçün 100-dən çox, bəzilərində 120, 130, 150 iş yeri, gözəl şərait yaradılır ki, siz burada işləyəsiniz, yaxşı pul qazanasınız və bu sənəti əbədi yaşadasınız.
Mən keçən il də, bu il də gəlmişəm. Bu, 15 il ərzində mənim Prezident kimi Lənkərana 10-cu səfərimdir. Bundan sonra hələ xeyli açılışlar olacaq, bəlkə bu fabrikin ikincisini də yarada bilərik”.
Prezident vurğulayıb ki, Lənkəranın çox qədim xalçaçılıq məktəbi, sənəti var: "Burada sırf Lənkəran məktəbinin xalçaları toxunur. Mən sizi ürəkdən təbrik edirəm. Sağ olun”.
Şərhlər