Siyasət 11:28 05.10.2022

Ağdamda ilk Milli Şəhərsalma Forumu başladı, Prezident və birinci xanım açılışda iştirak etdi (YENİLƏNİB)

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri” və "Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Ağdama xoş gəlmisiniz. Mən çox şadam ki, biz Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edirik. İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb. Mən, həmçinin bizimlə birgə olduqlarına, Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdama nə olduğunu görmək və keçmiş məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün bizim həyata keçirdiyimiz və qarşıdakı illərdə planlaşdırdığımız işləri görmək üçün buraya gəldiklərinə görə müxtəlif ölkələrdən olan qonaqlarımıza, - Forumumuzda 40-dan çox ölkənin nümayəndələri iştirak edirlər, - minnətdarlığımı ifadə etmək istərdim. Artıq qeyd etdiyim kimi, Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub.

Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımız buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava Limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.

Hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Əfsuslar olsun ki, bu rəqəm hər həftə artır. Təkcə keçən həftə 2 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Lap bu yaxınlarda biz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirmişik. Beləliklə, Azərbaycana qarşı təcavüz, Azərbaycana qarşı terror davam edir.

Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. Bu, baş verəndə Azərbaycan əhalisi 8 milyondan az idi. Bir milyonun qaçqın və məcburi köçkünə çevrildiyini təsəvvürünüzə gətirə bilərsinizmi? Biz xüsusilə müstəqilliyin ilk illərində, bu dəstəyə ciddi şəkildə ehtiyacımız olan zaman qaçqın və məcburi köçkünlərimizə göstərdiyi dəstəyə görə beynəlxalq təşkilatlara, xüsusilə BMT təsisatlarına çox minnətdarıq. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri buraya gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Siz bizim, azərbaycanlıların, xüsusilə Ağdam, Füzuli, Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların buraya gələndə nə hiss etdiklərini təsəvvürünüzə gətirə bilərsiniz. Onlar hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər, çünki hər şey tamamilə dağıdılıb.

İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə, bizim Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərimizə baxmayaraq, biz buna nail ola bilmədik. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar. Onlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar. Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib.

Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təklif irəli sürdük. Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, - xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, - irəli sürdük. Bütün bunlar, əslində, beynəlxalq hüququn əsas prinsipləridir və hesab edirəm ki, münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır. Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik.

Sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var. Çünki bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq. Biz bilirik ki, ermənilər 28 ildir Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq kimi razılığa gəlmək istəmədikdə adətən hansı taktikalardan istifadə edirlər. Belə davam edərsə, biz də sülh əldə edə bilməyəcəyik. Əgər bu, Ermənistanın seçimidirsə, bu, o deməkdir ki, onlar növbəti ciddi səhvə yol verəcəklər. Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və bunun əvəzini ödəməli oldular. İki il bundan əvvəl baş verən müharibə Azərbaycan ərazisində aparılıb. Bu, bir daha bizim mövqeyimizi sübut edir və göstərir ki, bütün bunlara, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Müvəffəq olub-olmayacağıq, görəcəyik. Əmin deyiləm, amma ən azından biz bu istiqamətdə irəliləyirik.

Eyni zamanda, ümid edirik ki, sərhədlərin delimitasiyası üzrə iki müvafiq komissiya - Azərbaycan və Ermənistan komissiyaları da vaxt itirməyəcək və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləyəcəklər. Demək olar ki, 30 ilə yaxın davam edən işğal illəri ərzində bu sərhəd tamamilə Ermənistanın nəzarəti altında olub. İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz bu sərhədə gəldik və burada qərarlaşdıq. Ona görə də 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir. Ancaq yenə də deyirəm, bunun nə qədər uğurlu olacağını demək çətindir.

Beləliklə, bu, ötən müddət ərzində baş verənlər hadisələr idi. Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb.

Bu ilin mayında Zəngilanda ilk kənd qurulub və ilk məcburi köçkünlər artıq qayıdıblar. Mən həqiqətən fəxr edirəm və inanıram ki, bütün Azərbaycan xalqı da fəxr edir ki, təkcə orada yaşayanlar deyil, onların uşaqları və nəvələri də buraya qayıdırlar. Bu ilin sentyabrında Zəngilanda məktəb açıldı və gənc zəngilanlılar artıq bu məktəbdə təhsil alırlar. Onlar bu torpaqları görməyiblər, çünki onlar işğaldan sonra dünyaya göz açıblar. Ancaq bu onu göstərir ki, Azərbaycan xalqı öz köklərinə və doğma torpaqlarına bağlıdır. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirdiyimiz sorğu əsasında deyə bilərik ki, əksəriyyət insanların həmin torpaqları belə görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi həqiqətən qürurvericidir. Bu, əlbəttə ki, cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir, bunları siz hiss etməlisiniz. Biz bunu hiss edirik və xoşbəxtik.

İndi biz burada - işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verməyi planlaşdırırıq. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Dünən mən yeni dəmir yolunun təməl daşını qoydum. Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlayacağıq.

Ümumiyyətlə, biz işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialını qiymətləndirmişik və ilkin təhlillərə görə, bu, demək olar ki, on min meqavat təşkil edir. Biz artıq bir neçə su elektrik stansiyasının açılışını etmişik və su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır. Bizim burada işğal dövründə məhrum olduğumuz geniş su ehtiyatlarımız var. Çünki ermənilər təkcə bizim şəhərlərimizi işğal etməmişdilər, onlar bizim ehtiyatlarımızı da işğal etmişdirlər. Qanunsuz olaraq dağ-mədən işləri aparılırdı, bizim suya çıxışımızı kəsən qanunsuz işlər görülürdü və biz yüz minlərlə hektar torpağı suvara bilmirdik. İndi biz çaylarımıza, torpağımıza qayıtmışıq. Bütün şəhərlərin baş planları aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanmışdır və təsdiqlənmişdir.

Beləliklə, biz artıq burada - Ağdamda bir neçə evin tikintisinə başlamışıq. Mən dünən burada idim və 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak etmişdim. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində biz demək olar ki, min yerlik məktəb tikirik. Bu məktəb də ola bilsin bu il, ya da gələn il hazır olacaq. Xəstəxana və bir neçə yaşayış binası tikilir. Bu, sadəcə, Ağdamdır. Eyni işlər Füzulidə, Qubadlıda, Zəngilanda da görülür. İki ay bundan əvvəl qayıtdığımız Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq. Çünki dediyim kimi, orada qeyri-qanuni məskunlaşma var idi. Heç də bütün binalar sökülməmişdir. Biz artıq bir qrup mütəxəssisi oraya göndərmişik. Beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Canlarını qurban vermiş gənc nəsil, - müharibə zamanı demək olar ki, üç min nəfəri qurban verdik, - və Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir.

Əziz dostlar, xanımlar və cənablar, bizimlə burada olduğunuz üçün bir daha sizə təşəkkür edirəm. Bu Forum həqiqətən də bizim üçün çox vacibdir. Mən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoruna minnətdaram. O, altı ay bundan əvvəl bizi ziyarət etmişdi. Onunla çox yaxşı görüşümüz olmuşdu və ondan sonra bizi Polşada keçirilən Dünya Şəhərsalma Forumuna dəvət etdilər. Bizim nümayəndələr orada iştirak etmişdir. İndi biz Milli Şəhərsalma Forumunu təşkil edirik və mən bizimlə bir yerdə olduğu üçün BMT-nin nümayəndəsinə, merlərə və mer müavinlərinə, bütün ölkələrdən olan nümayəndələrə minnətdaram. Bu, deyərdim ki, Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcıdır. Mən ümid edirəm ki, Ağdam və dünyanın bir çox şəhərləri qardaş şəhərlər olacaqdır. Bilirsiniz, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri "urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad "ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də "Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq. Təşəkkür edirəm.

Sonra BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış edib.

Forum işini sessiyalarla davam etdirib.

Qeyd edək ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Xatırladaq ki, bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.

Ümumdünya Şəhər Forumu BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir.

12:00
 
"Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb. Azərbaycana və azərbaycanlılara qarşı bu terror siyasəti davam etməkdədir".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri” və "Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan minalara görə məcburi köçkünlərin öz evlərinə qayıtması problemi ilə üzləşib.

"Müharibə bitəndən indiyədək mina partlayışları nəticəsində 250-dən çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır. Elə ötən həftə 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb", - Prezident İlham Əliyev bildirib.

İlham Əliyev qeyd edib ki, dağıdılan məscidlərdən ikisi Ağdamdadır. Şuşadakı bir məscid isə qismən dağıntılara məruz qalıb: "Bizim işğaldan azad etdiyimiz torpaqlarda mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb".

Prezident bildirib ki, həyatla dolu olan Ağdam şəhərində heç nə qalmayıb: "Ağdam işğal dövründə tamamilə dağıdılıb".

Dövlət başçısı qeyd edib ki, təxminən 30 il boyunca Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb: "Siz görə bilərsiniz ki, yeganə yarım dağıdılmış bina Cümə məscidinin binasıdır. Amma onun ermənilərin keçmiş işğal altındakı ərazilərdə dağıtdığı digər məscidlər kimi dağıdılmamasının səbəbi minarələrindən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün müşahidə məqsədilə istifadə edilməsi olub. Amma bizim ermənilərin inək və donuz saxladığı Ağdam məscidinin murdarlanmasına dair video və foto dəlillərimiz var. Azad edilmiş ərazilərdə mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb, onlardan ikisi – biri buradakı, digəri Şuşadakı məscid yarım dağıdılıb və murdarlanıb”.

"Ermənistanın işğal altındakı bəzi rayonlarda tikililəri tam dağıtmamasının səbəbi həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti olub. Siz burada, Ağdamda, Qarabağ ərazisindəki hər bir kəndin dağıdıldığını görə bilərsiniz. Mən bilirəm ki, bizim qonaqlarımız bura yeni tikilmiş Füzuli Hava Limanı vasitəsilə gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bircə bina da qalmayıb. Cəbrayıl, Qubadlı, Zəngilan da həmçinin. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən də Kəlbəcərdir. Amma bunun səbəbi o idi ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan ermənilərin işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırılmasını həyata keçirirdi”, deyə dövlət başçısı vurğulayıb.

İlham Əliyev qeyd edib ki, bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır.

Qeyd edək ki, oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri” və "Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edir.

44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Xatırladaq ki, bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.

Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir.