Uzun illər ərzində alimlər Yer kürəsinin demək olar ki, hər guşəsində tədqiqatlar aparıblar. Bu araşdırmalar qədim sirlərin izahına kömək etsə də, "The Pulse” nəşrinin yazdığına görə, yaşı 500 milyon ilə çatan süxurların aşkar edilməsi xüsusilə diqqət çəkir.
Qaynarinfo-nun məlumatına görə, materialda qeyd olunur ki, son illərdə planetimiz yeni sirlərini açmağa davam edir. Belə ki, seysmoloqlar Yer qabığının altında, təxminən 640 km dərinlikdə yerləşən nəhəng su hövzəsi aşkar ediblər. Bildirilir ki, bu su ehtiyatı Yer səthindəki bütün okeanların ümumi həcmindən üç dəfə çoxdur.
Bundan əlavə, alimlər Yer quruluşunda gizli "beşinci qat”ın da mövcud ola biləcəyini irəli sürüblər.
"Bu, planetin nüvəsini əhatə edən metal kürədir və digər dörd qatdan tamamilə fərqli davranır. Okean dalğalarının dəniz dibinə çırpılması nəticəsində yaranan ‘uğultu’ isə yalnız xüsusi avadanlıqla qeydə alına bilir”, deyə nəşr izah edir.
Geoloqların sözlərinə görə, aşkar edilən süxurlar təxminən 500 milyon il əvvəl mövcud olmuş ediakara dövrünə aiddir.
"Bu qədim süxurlar son dərəcə unikaldır, çünki onların maqnit xüsusiyyətləri uzun müddətdir geologiya sahəsində alimləri çaşdırır. Tədqiqat qrupları Mərakeşdə aparılan araşdırmalar zamanı Yer maqnit sahəsində 500 milyon ildən çox əvvəl baş vermiş kəskin dəyişiklikləri sənədləşdiriblər”, deyə materialda bildirilir.
Alimlərin fikrincə, bu dəyişikliklər tektonik plitələrin hərəkəti ilə izah oluna bilməz.
"The Pulse” yazır ki, son illərdə peyk məlumatları və yeraltı qazıntılar sayəsində əldə olunan nəticələr göstərir ki, həmin dövrdə Yer maqnit sahəsi olduqca qeyri-sabit olub.
Araşdırmaya əsasən, o dövrdə maqnit mühiti həyatın formalaşması üçün kifayət qədər sabit olmayıb. Maraqlıdır ki, bu süxurların formalaşmasından sonra başlayan dövr "Kembri partlayışı” kimi tanınır və heyvan həyatının sürətli inkişafı ilə xarakterizə olunur.
"Yer üzərində aparılan qazıntılar növümüz haqqında çox şey üzə çıxarıb, lakin bu kəşf planetimizin tarixində daha qeyri-sabit və dinamik bir dövrün mövcud olduğunu göstərir”, deyə nəşr yekunlaşdırır.
Aydın
Şərhlər