Xəbər lenti

Prezident pandemiya ilə mübarizədən danışdı:
Ölkə 17:58 31.05.2021

Prezident pandemiya ilə mübarizədən danışdı: "Əhalinin 20 faizi peyvənd olunub"

"İlk növbədə, davam etməkdə olan COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyə gündəliyi üçün olduqca çətin bir dönəmdə baş tutan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış etməklə bağlı dəvətə görə minnətdarlığımı bildirmək istərdim".

Qaynarinfo xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxışında deyib.

"Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir.

Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.

Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir", - dövlət başçısı bildirib.

Prezident deyib ki, görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılıb:

"Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi "Sinovak”, qalanı isə "AstraZeneca” və "Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Biz 2021-ci ilin "Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->